Beyləqanda şok! Təhsil şefindən Şəhidlərin və Heydər Əliyevin ruhuna sayğısızlıq

11-04-2016, 02:43           
Beyləqanda şok! Təhsil şefindən Şəhidlərin və Heydər Əliyevin ruhuna sayğısızlıq
Məlum olduğu kimi, bu il Gül bayramı əvvəlki kimi olmayacaq. Ermənistan təxribatının qarşısını alarkən həlak olmuş şəhidlərimizin ruhuna hörmət əlaməti olaraq mayın 10-da sadəcə parklarda gül əkilmə aksiyaları keçiriləcək. Bununla bağlı artıq rayon və şəhərlərə də göstəriş verilib. Amma bəzi bölgələrdə bununla bağlı maraqlı məqamlar yaşanıb ki, bunlardan biri haqda cumhuriyyet.az-a məlumat daxil olub.
Beyləqandan daxil olan məlumata görə, rayonda Gül Bayramının ləğv olunma səbəbinin mahiyyətinə varmayanlar olub. Belə ki, Beyləqan rayon təhsil şöbəsinin müdiri xəbəri alınca açıq şəkildə sevincini ifadə edib və bu il məlum xərcdən azad olduğunu dilə gətirib. Bununla bağlı cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə qalmaqallı təhsil şefi sonradan sevincinin yersiz olduğunu anlayıb və səhvini düzəltmək istəsə də, ətrafdakılar bu hərəkətə sərt reaksiya veriblər. Onu da bildirək ki, hər il gül bayramı üçün rayonlarda məmurlar ciddi xərcə düşməli olurdular və bu sırada adı çəkilən şəxs – Beyləqan rayon təhsil şöbəsinin müdiri Tofiq Sadıqov xüsusilə seçilib. Belə ki, cumhuriyyet.az olaraq T.Sadıqovun “Gül Bayramı xərcləri” ilə bağlı media üzərindən də bəzi araşdırmalar apardıq və elə tək ötən illə bağlı müəyyən məlumatlarla rastlaşdıq. Məsələn, məlumata görə , ötən il, Beyləqan təhsil şöbəsinin müdiri Tofiq Sadıqov «Gül Bayramı» ilə əlaqədar bütün orta məktəb direktorları və müəllimlərindən «xərac» toplayıb və bununla bağlı proses mayın 9-na kimi davam edib. Həmin məlumatlarda qeyd olunur ki, Tofiq Sadıqov «Gül Bayramı» bəhanəsi ilə 30 min manat pul toplayıb. Və bu pulların Beyləqan İcra Hakimiyyətinin təlimatı əsasında etdiyini söyləyib. Hətta onu da deyib ki, guya, mayın 9-da rayonda həyata keçirilən tədbirin bütün güllərinə 15 min manat pul xərcləyib.
T.Sadıqovun hər il Gül bayramında xərcə düşdüyü, yoxsa bundan istifadə edərək qazanc götürdüyü haqda qəti fikir söyləyə bilmərik, amma təhsil şöbəsinin müdiri ilə bağlı sayta daxil olan məlumat, yəni Gül bayramının ləğvinə sevinməsi həqiqətdirsə bu Qarabağ savaşında son günlər şəhid olan əsgərlərimizin, həm də mərhum prezident Heydər Əliyevin ruhuna sayğısızlıq kimi qəbul oluna bilər.
P.S. Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.