Yol polisi "Ayıq sürücü"nün qapıyadək gətirdiyi avtomobili aparıb - Belə də olurmuş...

11-04-2016, 14:15           
Yol polisi "Ayıq sürücü"nün qapıyadək gətirdiyi avtomobili aparıb - Belə də olurmuş...
Bakı sakini avtomobilinin yol polisi tərəfindən cərimə meydançasına aparılması ilə bağlı Lent.az-a müraciət edib. Ramiz Cəfərov adlı sürücü bildirib ki, martın 4-də toydan yaşadığı evə qayıdarkən evinin qarşısında yol polisi ona yaxınlaşıb: “İçki qəbul etdiyim üçün “ayıq sürücü” xidmətinə müraciət etmişdim. Sürücü mənə məxsus olan 90 AM 409 nömrə nişanlı “Ford Escape” markalı maşını Zabrat qəsəbəsinə, yaşadığım küçəyə gətirdi. Bildirdi ki, avtomobili təlimata uyğun olaraq sifarişçinin yaşadığı ünvana aparmalıdır və nəqliyyat vasitəsini qapının ağzınadək sürüb gətirdi. Burada onun pulunu verib yola saldıqdan sonra sükan tərəfdən yaxınlaşıb əşyalarımı götürdüm. Elə bu zaman Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin 99 YP 349 nömrə nişanlı avtomobili yaxınlaşdı. Yol polisi əməkdaşı içkili olub-olmadığımı soruşdu, bildirdim ki, içkiliyəm, amma “ayıq sürücü” gətirib və zəng edib özü ilə dəqiqləşdirə bilərsiniz. Yol polisi əməkdaşı isə razılaşmadı, məni heç bir ekspertizadan keçirmədən avtomobilimi apardılar. Gedərkən avtomobilimi hara apardıqlarını soruşmaq üçün özümü irəli verdim və bu zaman yol polisi xidməti avtomobilini üstümə sürdü və özümü kənara atmağa məcbur oldum”.

R.Cəfərov bildirib ki, özünü kənara atarkən əzilib və dərhal həkimə müraciət edib, daha sonra isə başına gələnlərlə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətini məlumatlandırıb: “Eyni zamanda Baş Dövlət Yol Polisi İdarəsinə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə, həmçinin prokurorluğa, Daxili İşlər Nazirliyinə və digər instansiyalara müraciətlər ünvanladım. Lakin bir aydan artıq vaxt keçməsinə baxmayaraq heç bir nəticə yoxdur və avtomobilim özümə qaytarılmayıb, üstəlik də qol çəkmədiyim, heç bir əsası olmayan protokolla mənə 400 manat cərimə kəsilib”.

“Ayıq sürücü” xidmətindən məsələ ilə bağlı Lent.az-a bildirilib ki, R.Cəfərov martın 4-də həqiqətən də onlara müraciət edib və xidmətin əməkdaşı sifarişçiyə məxsus “Ford Escape” markalı minik avtomobilini yaşadığı evin qarşısınadək apararaq təhvil verib.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev isə Lent.az-a bildirib ki, məsələ ilə bağlı müvafiq araşdırmalar aparılır: “Araşdırmanın nəticəsi barədə şikayətçiyə yazılı məlumat veriləcək. Əgər şikayətçi araşdırmanın nəticəsindən razı qalmasa, məhkəməyə müraciət edə bilər”.

K.Əliyev əlavə edib ki, araşdırma prosesi zamanı bütün tərəflərin izahatları alınır, digər materiallar yoxlanılır və bunun nəticəsində müvafiq qərar qəbul edilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.