“Çakır”ın Vasif Talıbova nifrətinin səbəbi bəlli oldu

11-05-2016, 01:45           
“Çakır”ın Vasif Talıbova nifrətinin səbəbi bəlli oldu
Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovla Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov arasına əməlli-başlı mübarizə gedir.

Bu yaxınlarda Süleyman Mikayılovla bağlı ölkə mediasında Naxçıvan MR-ın rəhbəri Vasif Talıbovun vəzifəyə gəlməsində yardım etdiyi S.Mikayılovu indi vəzifədən salmaq üçün əlindən gələni etdiyinə dair xəbər yayılıb. Xəbərdə deyilir ki, “hətta ona Naxçıvanda kiçik bir vəzifə də “ayarlamışdı”. Ölkə rəhbərliyində təmsil olan və qərar vermək gücündə olan bəzi şəxsləri də inandıra bilmişdi ki, Mikayılov ona Naxçıvanda gərəkdir. Sonradan hansısa fövqəladə güc S.Mikayılovu Talıbovun “caynağından” ala bildi. Lakin məsələ yenidən gündəmdədir. Bu dəfə isə daha sərt şəkildə mübarizə gedir. Bundan əvvəl arxasını bərk sayaraq hətta Talıbova qarşı bəzi addımlar atan Süleyman Mikayılovun ayağı yenidən kəndirdədir. Başçı hətta o qədər arxayın düşüb ki, kluarlarda “mən Vasif Talıbova həmişə nifrət etmişəm” deyərək, heç vaxt ona tabe olmayacağını bildirib. Bu səbəbdən də MR rəhbəri daha ciddi-cəhdlə mübarizəyə başlayıb. S.Mikayılovun yaxın günlərdə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən alınacağı söhbəti daha sıx danışılmağa başlayıb. Bu dəfə isə onun hər hansı vəzifəyə təyin olunacağı ciddi sual altındadır”.

“Çakır”ın Vasif Talıbova niyə nifrət etdiyi məsələsində isə bir versiya üzərində dayanılır. Azerinfo.org bildirir ki, hələ bir müddət öncə S.Mikayılov Naxçıvanda olarkən bir əyləncə məkanında xeyli səs-küy çıxarıb. İcra başçısının şıltaqlıqları barədə restoran rəhbərliyi “yuxarı”ya anında məlumat verib və Bakıdan gələn qonağa necə davranılması barədə soruşublar. Restoranın V.Talıbovun qardaşına məxsus olduğu vurğulanır. Mənbə deyir ki, bir anın içərisində başçıya münasibət dəyişdi və öncə restoranı tərk etməsi istənildi. Ancaq sərxoş başçı söyüşlərin dozasını artırdıqda, çox sərt şəkildə restorandan küçəyə atılıb. Restoran rəhbərliyinin vəzifəli şəxsə qarşı belə münasibət göstərməsinin V.Talıbovun təlimatı ilə həyata keçirildiyi bildirilir. Çünki onun adının keçdiyi məkanlarda məmurların belə şıltaqlıq edilməyəcəyi qeyd olunur.

Mənbə bildirib ki, başçının yerinə təyin ediləcək adamın da adı səsləndirilir. Lakin bununla bağlı daha tutarlı arqumentlər qoyulmadığından kimliyini qeyd etmirik. Sadəcə onun hazırda Milli Məclisdə təmsil olunduğunu deməklə hələlik kifayətlənirik.

Məlumata görə, yaxın günlərdə S.Mikayılov haqda çox ciddi informasiyalar mediaya ötürüləcək: “Onun bəzi məclislərdə etdiyi çıxışların səs yazılarının, hansı ki, biz o çıxışlarda nələrin olduğunu hələ bilmirik, üstəlik, yol verdiyi korrupsiya əməllərinin, hətta guya saxta diplomunun olması ilə bağlı məlumatın mətbuatda geniş işıqlandırılması gözlənilir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.