Qarabağ haqqında filmi Hollivuda sifariş edək təklifi - reaksiyalar

18-11-2022, 08:57           
Qarabağ haqqında filmi Hollivuda sifariş edək təklifi - reaksiyalar
Ekspertlərə görə, belə film çəkmək üçün maliyyə tapmaq müşküldür; “Spilberq, Finçer də gəlsə, Qarabağ haqda səmimi film çəkə bilməyəcək”
“Qələbəmizlə bağlı Hollivud səviyyəsində, böyük büdcəsi olan film çəkmək lazımdır. Hazırda filmlər çəkilir, lakin özümüz çəkirik, özümüz də baxırıq”. Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib. O deyib ki, Qarabağ haqda dünya səviyyəli filmlər çəkilməlidir.

“Çünki Qarabağı hazırda bərpa edirik, həmin təbii mənzərə sonra alınmayacaq. Bu, təxirəsalınmaz, Hollivud rejissorları və redaktorları ilə birgə çox böyük büdcəsi olan məsələdir. Büdcədə səxavətli olmalıyıq. Dünya səviyyəsinə çıxmaq üçün bu, çox vacibdir. Ermənilər bununla bağlı bir neçə film çəkiblər və Hollivud səviyyəsində bu filmləri göstərirlər. Yalan, riyakarlıq üzərində qursa da, çox təəssüf ki, bu, bugünkü faktdır”, - deyə deputat bildirib.

Əməkdar incəsənət xadimi, kinorejissor Elxan Cəfərov “Yeni Müsavat”a mövzunu şərh edərkən qeyd etdi ki, kino maliyyə ilə bağlıdır, maliyyə yüksəkdirsə, peşəkar kino işçiləri müasir texniki imkanlardan istifadə etməklə keyfiyyətli film ərsəyə gətirə bilərlər: “Müəllif kinolarını nəzərə almasaq, tarixi və s. janrda filmlər istehsalla bağlıdır ki, bunun üçün maliyyə lazımdır. Mən yaradıcı adamam, niyə maliyyənin səmərəli istifadə olunmadığını deyə bilmərəm. Kino büdcəmiz çox məhduddur. Azərbaycanda maliyyə strukturları əsl kinonun maliyyətini unudurlar. Maksimum 1-2 milyon manat həcmində filmlər çəkilir. Azərbaycan reallığında bu, böyük məbləğdir. Hollivudda elə mükəmməl sistem qurulub ki, əhatəli araşdırma aparıldıqdan sonra ssenari üzərində iş aparılır. Qarabağ haqqında dünyanın görəcəyi və dəyərləndirə biləcəyi film sifariş ediləcəksə, Hollivuda alternativ yoxdur”.

Kinorejissor Elməddin Alıyev da bildirdi ki, film üçün maddiyyat önəmlidir: “Büdcə olmadıqda ən yaxşı halda rejissor öz kamerası, səs avadanlığı ilə sənədli film çəkə bilər. Qarabağ haqqında filmi Hollivuda sifariş etməklə bağlı təkliflə qətiyyən razı deyiləm. Ermənilərin çəkdiyi filmlər alınmayıb. Bizim qələbəmizi, ağrı-acımızı yalnız azərbaycanlı kino işçiləri anlaya bilər. Əcnəbilər film çəkmək üçün burada yaşamalı, bizim dəyərlərimizi bilməlidirlər. Texniki cəhətdən üstünlüklər ola bilər, amma sırf hissiyyat baxımından o film alınmayacaq. Birinci Qarabağ müharibəsində məğlub olmuşduq. Uzun illər bununla barışa bilməmişdik. İndi biz qalib xalqıq, zəfər qazanmışıq. Birdən-birə yaxşı film yarana bilməz. Yaradıcı baxımdan yanaşsaq, yaxşı filmlərin yaranması üçün xeyli vaxt keçməlidir. Yaxşı işlənmiş ssenari və büdcə ilə keyfiyyətli film ərsəyə gətirmək olar. Bəzən yaxşı ssenari olsa da, film çəkmək üçün maliyyə tapmaq müşküldür. Aşağı büdcə ilə çəkildikdə isə keyfiyyətli film ərsəyə gəlmir. Azərbaycanda kino sahəsinə ayrılan büdcə qənaətbəxş deyil. Belə olan təqdirdə Hollivuda milyonlarla dəyəri olan film sifariş etmək doğru olmaz”.

Kinotənqidçi Sevda Sultanova da millət vəkilinin fikri ilə razı deyil: “Belə anlayıram ki, millət vəkili Vüqar İskəndərovun, ümumiyyətlə, kino istehsalatı haqda anlayışı yoxdur, ona görə onu bir az maarifləndirməyə çalışacam. Hollivud səviyyəsində filmlər çəkmək üçün ilk növbədə başqa problemlər həll olunmalıdır. Yaxınlarda maliyyə naziri Samir Şərifov haqlı olaraq deyib ki, əsas məsələ kinoya ayrılmış vəsaitin necə istifadə olunacağıdır. Yəni ilk növbədə kinoya ayrılmış maliyyə şəffaf, praktik bir mexanizmlə peşəkar layihələrə verilməlidir, pul ədalətli, obyektiv bölünməlidir. Ölkədə kino sənayesi yaradılmalıdır və yalnız bundan sonra biz Hollivud səviyyəsindən danışa bilərik. Təsəvvür edin ki, 2022-ci ildə kinoya 6 milyon yarım pul ayrılıb və bu pula bir tammetrajlı bədii film istehsalata buraxılmayıb. 2021-ci ildə də bir tammetrajlı bədii film ortaya çıxmayıb. İkinci Qarabağ müharibəsindən sonra mövzu üzrə yalnız bir tammetrajlı, Səidə Haqverdiyevanın ”Köhnə çamadanlar" bədii filmi çəkilib ki, bu layihənin də Mədəniyyət Nazirliyinə aidiyyəti yoxdur. Bilmirəm, Vüqar İskəndərovun təsəvvüründəki dünya səviyyəli film nə deməkdir. Onu deyə bilərəm ki, Hollivud sənayedir, sənət meyarlarından çox, filmlərini kommersiya uğuruna hesablayır. Yəni onun üçün əsas pul qazanmaqdır. Stiven Spilberq, Devid Finçer də gəlsə, Qarabağ haqda səmimi, duyğulara toxunan film çəkə bilməyəcək. Çünki Qarabağ onlara yaddır, onlar bizim ağrını, tariximizi, mədəniyyətimizi, özəlliyimizi duya, məsələnin mahiyyətinə dərindən nüfuz edə bilməyəcəklər və nəticədə hazır sxemdən istifadə edərək ruhsuz filmlər çəkiləcək. Ümumiyyətlə, “Hollivud səviyyəsində çəkməliyik” kimi bisavad fikirləri unutmaq lazımdır. İlk növbədə ölkənin daxili bazarında kino istehsalatı qurmalıyıq, kinoproses yaranmalıdır“.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.