Azərbaycanda qiymətlər niyə “ceyran belində”dir?
24-05-2016, 11:23
İstirahət mövsümünün başlayacağı bir vaxtda ölkədə turizm obyektlərindəki bahalıqdan danışaq.
teref.az xəbər verir ki, bu mövzuda Kanal S reportaj hazırlayıb. Materialda bildirilir ki, ötən ilki statistik məlumatlar araşdırılsa, məlum olar ki, yay aylarında ölkəni tərk edən vətəndaşların sayı rekord həddədir. Bu, həm də ölkə iqtisadiyyatının turizmin hesabına itkisidir. Azərbaycanda istirahət etmək istəyən bir-iki turist tapılanda da ona elə qiymət oxuyurlar ki, yazıq bu əməlindən min peşman olur. Bir sözlə, yerli turizm obyektlərindəki fantastik qiymətlər insanları ölkənin olan-qalan səfalı yerlərindən didərgin salır.
Musahibimiz Rauf İmanəliyevin könlünə ailəsi ilə birlikdə şəhərin səs-küyündən uzaqlaşıb bölgələrin birində dincəlmək düşüb. Zəng vurub Şimal-Qərb bölgəsindəki məşhur otellərdən birinə qiymətlərlə maraqlanıb. Ona bir gecə üçün nə qədər pul oxusalar yaxşıdır, 550 AZN. Adamın təkcə həvəsi qaçmayıb, adam həm də istəyib ki, burdan baş götürüb qaçsın. Harda daha yaxşı qiymətə dincələ bilərsə, bax ora qədər. Çünki, Azərbaycanda istirahətin bir gecəsinə xərclədiyi pula o, xaricdə bir həftə ürəyi istəyən kimi istirahət edə bilər. Rauf deyir ki, ötən yay Misirdə istirahət edib. Dünyanın 7 möcüzəsindən ikisini öz gözləriylə görüb, Qırmızı dənizdə sualtı dünya ilə tanış olub, nə bilim Şarm əl-Şeyxdə beş ulduz otellərin dadını çıxarıb və bütün bunlar ona bilirsiz neçəyə başa gəlib?
Digər müsahibim Gülay isə təxminən 800 manata üç ölkəni gəzib. Türkiyə, Macarıstan və Avstriyada olub və istirahətini turizm şirkətinin vasitəsilə deyil təkbaşına həll edib. O deyir ki, sadəcə internetdə bir az vaxt sərf etmək lazımdır ki, hər şeyin yaxşısını və ucuzunu əldə edəsən.
Azərbaycanda isə ucuz istirahət sadəcə mümkün deyil. Bunu turizm şirkətləri bir cür əsaslandırır, otel-kotec sahibləri başqa cür. Amma istənilən halda, bu, arqumentlərin vətəndaşa heç bir isti-soyuğu yoxdur. Vətəndaş istirahət etmək istəyir və onu da istəyir ki, bu ona nisbətən ucuz başa gəlsin. Amma araşdıranda məlum olur ki, bu gün Şamaxıda, Qəbələdə, Nabranda dincəlmək Dubayda, Antalyada, Misirdə dincəlməkdən də bahadır. Ona görə də əksəriyyət seçim qarşısında xaricdə istirahətə üstünlük verir. Öz dövlətimizin büdcəsinə verəcəyimiz pul başqa dövlətin cibinə axır. İtirən isə bizik. Özü də təkcə əcnəbi turistləri yox, vətəndaşlarımızı da itiririk.