Bakının bitməyən tıxac dərdi - Və ya sağ əl ilə sol qulağı qaşımağın NƏTİCƏSİ
13-12-2022, 18:03

Bir müddət öncə Bakı Şəhər Baş Polis İdarəsinin keçmiş rəis müavini, polis general-mayoru Həsən Şirinov paytaxtın tıxac problemi ilə bağlı tənqidi yazı ilə çıxış edib.
General yazıda tıxac probleminin körpülərin düz salınmaması, yol qovşaqlarında hərəkətin düzgün nizamlanmaması və bəzi tikililərlə bağlı olduğunu yazıb.
Keçmiş rəis müavininin fikirlərinə münasibət bildirən nəqliyyat eksperti Elməddin Muradlı Redaktor.az-a açıqlamasında dedi ki, o, Həsən Şirinovun məqaləsini oxuyub və bu barədə onunla müzakirələr aparıb.
Onun sözlərinə görə, generalın fikirlərində tamamilə əsaslı məqamlar var.
"Xüsusən, Yusif Səfərov küçəsindən Heydər Əliyev prospektinə çıxan və əksi istiqamətdə gələn yolla bağlı onun fikirləri bu gün aktualdır. Çünki həmin nöqtədə hazırda dəhşətli tıxaclar yaranır. Belə məlum olur ki, o vaxt nəqliyyat naziri vəzifəsində işləyən Ziya Məmmədovun oğlu Anar Məmmədov Amerikanın keçmiş prezidenti Donald Tramp ilə münasibətlərini, əlaqələrini nəzərə alaraq yol şəbəkəsinə yox, Trampın orada "Trump Tower" binasına üstünlük verdi. Bu gün də o binanın orada tikilməsi Heydər Əliyev prospektindən Yusif Səfərov küçəsinə düşən avtomobillərin dolanbac yolda hərəkətinə gətirib çıxarır. Nəticədə orada sıxlıq yaranır. Eyni zamanda prospektə çıxmaq üçün də dəhşətli tıxac yaranır, sürücülər burada əziyyət çəkirlər.
“Babək” prospektində də bunun təsiri özünü göstərir. Babək prospektindən Heydər Əliyev prospektinə çıxmaq istəyən sürücülər orada dəqiqələrlə, bəzən isə saatlarla tıxacda qalırlar. Bu, dəhşətli bir məqamdır. Eyni zamanda, Ziya Məmmədovun yol təsərrüfatına vurduğu zərər "20 Yanvar" dairəsində də öz təsirini göstərir. Deməli, Ziya Bünyadov prospekti ilə gəlib 20 Yanvar dairəsinə daxil olan sürücülər deyək ki, cənub istiqamətinə getməlidir, amma bu "ağıllı" gətirib bura beton plitələr düzdürüb. Buna görə də, siz o dairəyə daxil olanda məcburən sağa getməli olursunuz. Cənub istiqamətində gedən sürücünü bu adam şimala yönləndirir. Məcburən “Şamaxinka” dairəsi deyilən ərazidən dönüb gəlməlisiniz. Nəticədə orada bir xaos yaranır. Əslində bu layihə belə olmalı idi: Avtovağzal tərəfdən gələn sürücülər “20 Yanvar” körpüsünə qalxırsa, körpünün üzərində şaxələnmə olmalı idi. Körpünün bir qolu getməli idi Şərifzadə küçəsinə, yəni “20 Yanvar” dairəsinə daxil olmadan körpü üzərində hərəkət edib Şərifzadə küçəsinə qalxmaq olardı, oradan da Alatavanın içi ilə birbaşa cənub istiqamətində kənar dairəvi yola qoşulmaq mümkün idi. Eyni zamanda oradan əlavə bir qol da Zərdabi küçəsinə aça bilərdilər. Zərdabi küçəsi ardınca Mətbuat prospekti, sonra isə "Qurd qapısı" deyilən ərazidən gedib kənar yola çıxmaq olardı. Amma bu adam məntiqsiz bir layihə həyata keçirib və çox güman ki, Həsən Şironovun da dediyi kimi tam icra olunmayıb, nəticəsi də bu gün ortadadır”, - deyə ekspert qeyd etdi.
Elməddin Muradlı əlavə etdi ki, “Gənclik” tunelində də bir sıra problemlər mövcuddur:
“Təsəvvür edin ki, Atatürk prospekti ilə gəlib "Gənclik" tunelinə daxil olduqda ən sol zolaq düz hərəkət edir, çıxır Vaqif küçəsinə, orta zolaq sola hərəkət edir "McDonalds"ın qarşısına çıxır, sağ zolaq da düzünə Tibb Universiteti istiqamətində hərəkət edir. Əslində isə ən sol zolaq sola, orta zolaq düzünə, sağdakı da yenə Tibb Universiteti istiqamətində çıxmalı idi. Bu adamlar “sağ əl ilə sol qulağı qaşımaq” prinsipini üstün tutublar. Bu gün də Bakıda nəqliyyat şəbəkəsi bərbad vəziyyətdədir deyə dəhşətli tıxac yaranır. Xüsusilə də, “20 Yanvar” dairəsində, Ziya Bünyadov, Heydər Əliyev və Babək prospektlərində tıxac yaranır”.
Ekspertin sözlərinə görə, paytaxtda bir sıra tikililər var ki, onlar yol-nəqliyyat şəbəkəsini iflic vəziyyətə salırlar.
“Bu gün belə bir sual ortaya çıxır ki, Ziya Məmmədovun məqsədi nə idi ki, o boyda əzəmətli Heydər Əliyev Mərkəzinin ümumi görünüşünə təsir göstərən "Trump Tower" binasını tikdirdi? Bu binanın orada nə işi var idi? Trampın xoşuna gəlsin deyə Bakının mərkəzində hərəkəti bu vəziyyətə salmaq olardımı? O, belə biabırçı hərəkətlər edib. Həsən Şirinov tamamilə haqlı olaraq o fikirləri yazıb və bu günkü problemləri özündə əks etdirib. Onu qaralamaq əvəzinə, oturub problemləri müzakirə edib yoluna qoymaq lazımdır.
Bu problemləri aradan qaldırmaq üçün əlavə milyonlarla vəsait lazımdır. Amma bu, olmalıdır. Əks halda vəziyyət daha acınacaqlı olacaq. "20 Yanvar" dairəsi artıq sağalmaz yaraya çevrilib. Bu dairədə "Koroğluda"kı asma körpü modeli tətbiq edilməli idi”, - deyə E.Muradlı qeyd etdi.