Bərbad xidmət müqabilində qeyri-adekvat qiymətlər: `BALAGAN BAKU` - BU NƏDİ BELƏ?
20-12-2022, 10:25

Son dövrlərdə Azərbaycanda kifayət qədər bahalı xidmətlər təklif edən ictimai iaşə müəssisələrinin sayı artsa da müştərilərə xidmət yerində addımlayır. DİA.AZ bildirir ki, restoran işçilərinin müştərilərlə qeyri-peşəkar rəftarı barədə hər gün sosial şəbəkələrdə müxtəlif paylaşımlarla qarşılaşırıq.
Bu dəfə işçilərin qeyri-adekvat davranışları və ağlasığmaz qiymət təklifləri ilə Bakıda yeni istifadəyə verilmiş "Balagan" restoranında rastlaşdıq. Əvvəlcə restorana zəng edib 2 nəfərlik yer sifariş etdik. Telefonda danışdığımız xanım qaydalar arasında yalnız gender balansının olması barədə məlumat verdi və biz artıq restoranda kifayət qədər dostumuzun olduğunu və onların yanına gəldiyimizi bildirdik. Heç bir problemin olmayacağını və saat 00:00 üçün bizə masa ayırdıqlarını qeyd etdi.
Gəldik "Balagan" restoranına, tam başqa mənzərə.... Əvvəlcə bəhanələri xanımsız gəlişimiz oldu ki, danışdığımız şərtləri xatırlatdıq. Sonra dedilər saat 00:00-ı 5 dəqiqə keçdiyi üçün sizin masa üçün 500 AZN depozit tələb edilir. Bu dəfə də xanıma bu şərtləri bizə demədiyini, ümumiyyətlə restoranın bu qaydası barədə heç yerdə məlumat yazılmadığını söylədik. Daha sonra Azərbaycansayağı minnət hissləri başladı: "Bizlik birşey yoxdur, administratora deyərik"...
Aydın məsələ idi ki, ya personalın qeyri-peşəkarlığı nəticəsində masamız başqa müştərilərə verilmişdi, ya ümumiyyətlə rezervasiya qeydə alınmamışdı, ya da pul qoparmaq üçün fırıldaqçılığın bir növü işə düşmüşdü.
Bu söhbətlər fonunda özünü təqdim etməyə ehtiyac duymayan və daxilində restoranın sahibi hesab edən bir gənc oğlan yaxınlaşdı, suallarımıza daha sərt cavablar verməyə başladı və özündən öncəki xanımın dediklərini inkar edərək xidmət sahəsində yeni səhifə açdı:
"Sizə yalnış məlumat veriblər. Restoranımızda saat 23:00-dan sonra bir nəfər üçün 500 AZN depozit tələb olunur".
Biz xanıma dediklərimizi yenidən vəzifəsi məlum olmayan oğlana izah etdik və daha qeyri-peşəkar cavab aldıq:
"İçəridə olan dostlarınızın masası dolu olduğu üçün birgə oturmaq olmaz, qalan şərtləri isə sizə dedim, bizdə belədir", deyib cavabımızı gözləmədən yoluna davam etdi...
Beləcə, hər yerdə yeni il ab-havasının yaşandığı günlərdə "Balagan" restoranının kollektivi həftə sonu istirahətimizi məhv etməyə nail oldu. Daha sonra öyrəndik ki, bayram günləri istisna olmaqla restoranda heç bir depozit tələb olunmur...
Rəhim Qədirov - DİA.AZ