Ət 15, toyuq 7 manat, dönər + ayran cəmi 1 manata - bu necə olur...
4-05-2023, 11:28

Türkiyə mətbəxindən Azərbaycana gələn və əhalinin əksəriyyəti tərəfindən bəyənilən dönərin satış qiymətindəki fərqlər diqqətçəkicidir. Daha komfortlu kafe və restoranlarda porsiyasından asılı olaraq 4-5 manatdan başlayan qiymətlərlə alıcılara təklif edilən dönərə metro çıxışlarında 1manat - 1 manat 50 qəpiyə də rast gəlmək mümkündür.
Xüsusilə dana ətinin 1 kiloqramının 13-15, toyuq ətinin 1 kiloqramının 6-7 manatdan aşağı olmadığı bir vaxtda 1 manatlıq "ayran+dönər"lərin keyfiyyəti istər-istəməz adamı şübhəyə salır.
Məlumat üçün bildirək ki, bir neçə il öncə ölkədə dönərin hazırlanması ilə bağlı xüsusi standart hazırlandı. “Dönər-kabab. Ümumi texniki şərtlər” dövlət standartı təsdiqlənd. Qeyd edək ki, bu standart ictimai iaşə müəssisələrində ətdən xüsusi avadanlıqlarda xüsusi texnologiya üzrə hazırlanan və bilavasitə istehlakçıya satılan dönər-kabablara şamil edilir. Standarta əsasən, dönərdə xörək duzunun kütlə payı 2 faizdən çox olmamalıdır. Bir porsiyada ətin kütlə payı reseptura üzrə müəyyənləşməli, qarnir ilə olduqda resepturada qeyd edilmiş çəkinin 50 faizini təşkil etməlidir. Məsələn, resepturada 200 qram qeyd olunubsa, ətin kütlə payı 100 qramdan az olmamalıdır. Standarta əsasən, dönərin hazırlanması üçün istifadə edilən tez xarab olan ərzaq məhsulları qüvvədə olan sanitar norma və qaydalara riayət edilməklə soyuducularda saxlanmalıdır. Həmçinin, dönər istehlakçıya Səhiyyə Nazirliyi tərəfindən istifadəsinə icazə verilən polimer materiallardan hazırlanan paketlərə və ya qablara qoyularaq satılmalıdır. Satış zamanı məhsulun temperaturu 65 dərəcədən aşağı olmamalıdır. Dönərin hazırlandığı andan istehlak müddəti ən çoxu 1 saatdır.
Ancaq müəyyən olunan standart təkcə restoranlarda tətbiq olunur. Küçələrdə fəaliyyət göstərən və 1 manata satılan dönərlərdə satıcı və müəssisə rəhbərinin özünün müəyyən etdiyi standart üzrə qatqılar əlavə olunur. Tinlərdə satılan dönərə 100 qram deyil, təxminən 50-60 qram çəkisində ət qatılır. O ətin təmiz ət olduğu da sual doğurur. Xüsusilə də 1 manata satılan dönərlərin tərkibi insanları düşündürür.
Məhsəti Əliyeva: "Bəzi yerlərdə dönər və sərinləşdirici içkinin qiymətinin bir manat olduğu yazılır, məntiqi cəhətdən nə toyuq, nə də ət dönəri bu qiymətə..."
Qida mütəxəssisi Məhsəti Əliyeva "Bakı - Xəbər"ə açıqlamasında qeyd etdi ki, dönərin ətinin keyfiyyətinə müvafiq qurumlar nəzarət etməlidir. İstehlakçılar bəzən düzgün seçim etməyə bilər: "Xüsusi kriteriya yoxdur ki, bu ətin keyfiyyətli olduğunu təyin etmək mümkün olsun. Bəzi yerlərdə dönər və sərinləşdirici içkinin qiymətinin bir manat olduğu yazılır. Məntiqi cəhətdən, nə toyuq, nə də ət dönəri bu qiymətə ola bilməz. Keyfiyyətli dönər seçimi etmək üçün normal şəraitdə hazırlanan məhsulları istifadə etmək daha məsləhətdir. Amma bu o demək deyil ki, bahalı restoranlarda verilən bütün dönərlər keyfiyyətlidir. Belə halların dəfələrlə şahidi olmuşuq. Bu da həmin restoranlardakı məhsulun keyfiyyətli olmadığından xəbər verir. Ümumilikdə isə aidiyyəti orqanlar mütəmadi olaraq monitorinq aparmalıdır".
Ekspert onu da əlavə etdi ki, əksər dönərxanalar yolun qırağında yerləşir və havadakı bütün toz və çirk ətin üzərinə qonur: "Hətta ət keyfiyyətli olsa belə, bu çirk və toz onun üzərinə qonur. Belə ət mikrobioloji olaraq çirklənmiş və zərərli ətdir. Bundan əlavə, istehlakçılar dönər alarkən istifadə olunan ətin sertifikatını tələb edə bilərlər. Qida Təhlükəsizliyi Agentliyinin bu məsələ ilə bağlı normativləri mövcuddur. İstehlakçılar restoran və dönərxanalardan sertifikat tələb etməkdən çəkinməməlidir. Bu, onların haqqıdır. Dönər alarkən onu hazırlayan şəxsin əlcəkdən istifadə edib-etmədiyinə də diqqət etmək lazımdır. Təəssüf ki, bir çox hallarda dönərxanaların əksəriyyətində dönər hazırlayan şəxslər əlcək və xüsusi geyim geyinmir".
Eyyub Hüseynov: "Ət qiyməti ilə ucuz dönər arasındakı qiymət fərqi ciddi məqamlardan xəbər verir"
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bizimlə söhbətində bildirdi ki, ət qiyməti ilə ucuz dönər arasındakı qiymət fərqi ciddi məqamlardan xəbər verir: “Bizim istəyimiz qiymətlərin əhalinin cibinə uyğunlaşdırılmasıdır. Amma ətin qiymətinin baha olduğu bir vaxtda içi ətlə dolu çörəyin, üstəgəl, ayranın ümumilikdə 1 manata satılması və məhsulun keyfiyyətli olması inandırıcı görünmür: "Ölkədə “leşyığanlar mafiyası” olub və olacaq. Leş paytaxta və başqa yerlərə gətirilir. Bu cür ətlər bir çox yerlərlə bərabər, dönərxanalara da gedir. Leş yığanlar ətin 1 kiloqramını 50 qəpiyə, 1 manata alırlar”.