2 manatlıq ölüm və ya spirtli içkidən zəhərlənmə halları niyə artıb?

3-07-2016, 21:10           

İyun ayının 14-də Binəqədi sakini Tofiq Cəfərov spirtli içkidən zəhərlənərək dünyasını dəyişib. Faktı Daxili İşlər Nazirliyi də təsdiqləyib. İki gün xəstəxanada qalsa da, zəhərlənmiş şəxsin həyatını xilas etmək mümkün olmayıb.

Bu son bir neçə ay ərzində spirtli içkidən zəhərlənmə nəticəsində baş verən yeganə ölüm faktı deyil. Aprel ayında da Gəncənin Məhsəti qəsəbə sakini, 1983-cü il təvəllüdlü Vüsal Məsimov spirtli içkidən zəhərlənərək dünyasını dəyişmişdi. Xətai sakini Köhnə Günəşli qəsəbəsində yerləşən mağazaların birindən aldığı pivədən zəhərlənsə də, vaxtında tədbir görüldüyünə görə ölümdən qurtula bilib.

Bu faktlar mətbuatın yazdıqlarıdır. Əslində isə spirtli içkinin həyatına son qoyduğu şəxslərin sayı bu statistikadakındann xeyli çoxdur. Zəhərlənmələrin bəziləri spirtli içkinin həddindən artıq qəbuluna görə baş versə də, əksər hissəsi saxta yolla hazırlanan içkilər səbəbindən baş verir. Hazırda bazarda satılan ən ucuz içkinin qiymətinin 2 manat olduğunu nəzərə alsaq, belə çıxır ki, ölümü su qiymətinə satın alırlar.

Bazarlarda satılan bu cür spirtli içkilərin əksəriyyətinin üzərində heç saxlanma müddəti də qeyd olunmur. Belə saxta araqlar isə bir çox hallarda zirzəmilərdə, bəzən də yaşayış evlərində “kustar” üsulla hazırlanır. Tibbi müayinədən keçməyən, sanitar-gigiyenik normalara cavab verməyən içkilərdən istifadə edənlərdə ölüm olmasa belə zəhərlənmə, mədədə narahatçılıq, başgicəllənmənin olması qaçılmazdır.



“Hər il 40 nəfər araqdan zəhərlənir”

Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudovun virtualaz.org-a bildirdiyinə görə, il ərzində şöbəyə 35-40 nəfər spirtli içkidən zəhərlənmələrlə bağlı müraciət edir: “Bu il başlanandan 17 nəfər spirtli içkidən zəhərlənən şəxs şöbəyə müraciət edib. Bəziləri ağır vəziyyətdə olsa da, müalicə edilərək evə göndərilib.

Ümumiyyətlə hər il bizə 35-40 nəfər alkoqoldan zəhərlənmə ilə bağlı müraciət daxil olur. Bu il və ötən il ərzində ölüm hadisəsi olmayıb. İki il əvvəl bir spirtli içkidən ölüm faktı qeydə alınıb. Sərxoş vəziyyətdə isə həftədə azı 10-15 nəfər mərkəzə gətirilir. Bunlar əsasən küçədə yaşayan insanlar, “bomj”lar, gecə barlarında gününü keçirənlərdir ki, onların arasında bəzən gənc qızlara da rast gəlinir”.

Toksikoloqun sözlərinə görə, zəhərlənmələr çox vaxt keyfiyyətsiz və saxta araqlar səbəbindən olur ki, bu da qaraciyərdə zəhərlənmə verir, başda ağrılara səbəb olur, mədəyə, ürəyə, böyrəklərə təsir göstərir.

“Eyni adda 4-5 cür spirtli içki satılır”

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayevin virtualaz.org-a bildirdiyinə görə, spirtli içki yararsız olduqda zəhərlənmə verə bilər: “Spirtli içkilərdə etil spirtindən istifadə olunur. Təmiz içkilər buğda, çuğundur və tərkibində şəkər olan digər bitkilərdən hazırlanmalı olsa da, bəzən onun əvəzinə texniki etil spirtindən istifadə olunur. Bəzən də efir yağlarından istifadə edilən spirtli içkilər satışa çıxarılır. Çox rast gəlinməsə də, tərkibində ağır metallar olan spirtli içkilər də olur ki, bu üç halın hər biri zəhərlənməyə səbəb ola bilər”.



Şöbə müdirinin sözlərinə görə, içkilərdən zəhərlənmə onların düzgün hazırlanmamaları ilə bağlıdır. Gizli yollarla spirtli içki istehsal edən sexlər mövcud olduğundan belə halların olması da qaçılmazdır: “Çox ucuz qiymətə spirtli içkilər satılan bazarlar var. Bunlar xüsusən də rayonlarda yerləşir. Bəzən eyni adlı içkiyə 4-5 cür qiymət qoyulur. Halbuki həmin içkini yalnız bir zavod istehsal edir və sexlər onun çox satıldığını görərək imitasiya edirlər. Bunlar da çox təhlükəlidir, çünki onların xammalı, mənşəyi, tərkibi haqqında heç bir şey məlum olmur. Belə məhsullardan istifadə isə ölümlə nəticələnə bilər”.

İ.Abdullayevin sözlərinə görə, bir çox hallarda belə “kustar” üsulla araq istehsal edən sexlər məhsul hazırlayarkən heç onun tərkibinə qatdıqları suyu da yumşaltmır, kömürdən keçirmirlər. Belə saxta araqları alanlar isə daha çox maddi imkanı zəif olanlar və alkoqol aludəçiləridir.

Saxta məhsulları qəbul edən marketlər cəzalandırılmalıdır

Sahibkarlıq obyektlərində ötən ilin oktyabr ayından yoxlamaların aparılmasının dayandırıldığını deyən İ. Abdullayevin sözlərinə görə, saxta məhsulları istehsal edən sexlər zirzəmilərdə, anbarlarda yerləşdiyindən orada yalnız hüquq-mühafizə orqanların əməkdaşları yoxlamalar apara bilərlər.

Onun sözlərinə görə, problemdən çıxış yolu kimi elə mexanizm hazırlanmalıdır ki, “kustar” üsulla hazırlanan mallar bazara çıxa bilməsin: “Bir çox hallarda ucuz mallar yaxşı alındığına görə market sahibləri belə saxta məhsulları alaraq satışa çıxarırlar. Əslində isə fırıldaq yolla düzəldilən belə məhsulların bazara, marketlərə yol tapmaması üçün mexanizm hazırlanmalıdır. Belə məhsulu istehsal edənlərdən sənədlər tələb olunmalıdır. Saxta sənədləri qəbul edən marketlər ciddi cəzalandırılmalıdır. Yalnız bu yolla saxta və təhlükəli mallardan qorunmaq olar”.

Məlumat üçün bildirək ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi xəbərdarlıq edir ki, arağın xarici görünüşü şəffaf olmalı, tərkibində kənar cisimlər olmamalı, dadı və aromatı araq məhsullarına xas olmalıdır. Arağın ekstra növlərində spirtin həcmi 38-56, lyuksda 40 faiz olmalıdır. Araqların üzərində istehsal tarixinin yazılması da mütləqdir. Zəmanət müddəti araq məhsullarında beş il müəyyənləşdirilib. Yəni beş il ərzində araq istehlakının həyata keçirilməsi tövsiyə olunur. (Virtualaz.org)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.