Uşaq məhsullarının qiyməti “əl yandırır”
3-07-2016, 22:17
Azərbaycanda övlad dünyaya gətirib, yetişdirməyin çətinliyi səhiyyə sistemindən başlayır, iqtisadiyyata qədər hər sahədə davam edir
Belə ki, ölkə bazarlarında, market və apteklərdə uşaq yeməkləri, əşyaları dəyərindən bir neçə dəfə baha satılır. Valideynləri ən çox narahat edən süni qidaların və uşaq bezlərinin həddindən artıq baha olmasıdır.
Gündəlik tələbat olan belə məhsullardan maddi imkanından asılı olmayaraq, körpəsi olan bütün ailələr istehlak etmək məcburiyyətindədirlər. Xüsusən, ana südü ilə qidalana bilməyən körpələr süni qidalara möhtac qalır ki, bu da ailə üçün həddindən artıq ağır maddi yük deməkdir. Xüsusi qablaşdırmada olan uşaq qidalarının 300-400 qramlıq bağlamalarının qiyməti əl yandırır.
Musavat.con-un müxbiri bu gün marketlərə baş çəkib, qiymətlərlə maraqlanıb.
Əvvəlcə, uşaqlı evin ən vacib tələbatı olan uşaq bezlərinin qiymətinə nəzər saldıq. Belə ki, müxtəlif şirkətlərin 60-70 ədədlik bağlamalarının qiyməti 17-23 manat arasında dəyişirdi. Bir uşağın ayda minimum 3 ədəd bu bağlamalardan istifadə etdiyini nəzərə alsaq, bir ailənin aylıq 60 manatı yalnız uşaq bezlərinə xərclənir.
Süni uşaq qidalarının qiyməti də insanı dəhşətə gətirir. “Kabrita” smeslərinin 800 qramlıq bağlamaları 42 manata, 400 qramlıq bağlamaları isə 23 manata satılır. 400 qramlıq “Aptamil” 16 manata təklif olunur. Eyni məhsulun mədə-bağırsaq sistemi həssas olan körpələr üçün olan növü isə 23 manatadır. 400 qramlıq süni qarışıqlar ana südündən istifadə etməyən uşağın 3 günlük qidalanması üçün yetərlidir.
Bir ailənin ay ərzində 10 ədəd süni qida paketi aldığını nəzərə alsaq, bu, ayda 160-200 manat edir. 400 qramlıq “Nutrilak”ın qiyməti isə 11.55 manatdır. 400 qramlıq “Humana” 16 manata, Nutrilion 10.50 manat, “Aqusha” 100-200 qramlıq uşaq püreləri isə 1.5-2 manat arasındadır. 200 qramlıq “Heinz” sıyıqlarının qiyməti 4-5 manat arasında dəyişir. Əgər kiloqramını hesablasaq, 1 kiloqram “Heinz” sıyıqları 20 manat edir.
Qarğıdalı, qarabaşaq, yulaf və buğdadan hazırlanan bu sıyıqların maya dəyəri heç bir halda 20 manat edə bilməz. İdxal və ƏDV xərclərini üzərinə gəlsək belə, yenə də 200 qramlıq sıyığın 4 manata olmasını iqtisadi baxımdan əsaslandırılmış hesab etmək olmaz.
Uşaqlar üçün istifadə olunan sabun, şampun, yuyucu tozların qiyməti də normal məhsullarında iki dəfə bahadır.
“Consons baby” şirkətinin uşaq şampunları 4.70 manatdır. Halbuki, eyni ölçüdə normal şampunlar 2 manatdır. Uşaq yuyucu tozlarının 400 qramlıq paketləri 3 manat 60 qəpikdir. Halbuki, normal yuyucu tozlarda bu məbləğ iki dəfə ucuzdur. Uşaq kremləri 8 manat 40 qəpikdir. “Pampers” şirkətinin uşaqlar üçün olan nəm salfetlərinin qiyməti 4.40-6 manat arasında dəyişir. “Consons baby” sabunları isə 1.40 manatdır. Eyni ölçüdə böyüklərin istifadə etdiyi sabunlar isə 70 qəpikdir.
Körpələr üçün olan əmzik 3.90, əmzikli su butulkası 4-5 manatadır. Uşaqlar üçün istifadə olunan bir boşqab, bir qaşıq və bir stəkandan ibarət plastik qab dəstinin 15.80 manata satılmasının da iqtisadi əsası yoxdur.
Bütün bu xərcləri hesablayıb, üzərinə uşağın geyim xərclərini də əlavə etsək, ailədə bir körpənin böyüməsi üçün aylıq 300 manatdan artıq vəsait tələb olunur. Həddindən artıq baha olan uşaq dərmanlarının qiymətini də buraya əlavə etsək, hesab daha da böyüyə bilər.
Deputat Vahid Əhmədov da təsdiqlədi ki, son zamanlar uşaq məhsullarında hiss olunacaq qiymət artımı müşahidə olunur: “Biz adətən bazardakı bu qiymət siyasətini tənqid edirik. Ancaq gərək bazarda məhsul bol olsun ki, qiymət də aşağı olsun, belə problemlər yaranmasın. Bir müddət öncə dərmanların qiyməti ilə bağlı məsələ qaldırdıq və nəhayət cənab prezident məsələ qaldırdı, dərmanların qiymətinin tənzimlənməsi həyata keçirildi. Uşaq əşyalarına gəlincə, bu, bütün ölkələrdə bahadır. Mən özüm şəxsən müşahidə etmişəm. Ancaq son vaxtlar dünyada və Azərbaycanda baş verən iqtisadi proseslərlə əlaqədar bahalaşma gedir. Bu vəziyyətdən sui-istifadə edənlər də var. Yaxşı olardı ki, İqtisadiyyat Nazirliyinin müvafiq departamenti bu məsələyə də diqqəti artırsın. Biz də İqtisadiyyat Nazirliyinə bu haqda müraciət edəcəyik ki, uşaqlarla əlaqədar qida məhsullarının, digər məhsulların monitorinqini həyata keçirsinlər və görək bahalaşmanın səbəbi nədir”.
İqtisadçı ekspert Rəşad Həsənov isə bildirdi ki, dünyanın əksər ölkələrində uşaq məhsullarının qiyməti bahadır: “Bu məsələnin bir neçə səbəbi var. Birincisi, dünyada uşaqlar üçün istehsal olunan məhsulların keyfiyyətinə, ekoloji sağlamlığına nəzarət mexanizmləri daha sərtdir. Bu baxımdan dünya üzrə uşaq məhsullarının istehsalında maya dəyərin baha başa gəlməsi nəzərə çarpır. Xüsusilə də, Azərbaycanda bu məhsulların istehsalı olmadığından, xarici bazardan xarici valyuta ilə gətirilir. Bu səbəbdən devalvasiyadan sonra əvvəlki dövrlərdən daha baha qiymətə başa gəlir. Başqa bir səbəb odur ki, doğum səviyyəsi yüksək olan ölkələrdə bu məhsullara tələbat da adətən yüksək olur. Belə olduğu təqdirdə iş adamları, biznes subyektləri bu məhsulların satışını həyata keçirərkən, daha yüksək qiymət tətbiq edirlər. Qeyd etdiyimiz amillərin birləşməsi nəticəsində uşaq məhsullarının qiyməti baha olur”.
Ekspertin sözlərinə görə, iş adamları valideynlərin həssaslığını da nəzərə alırlar ki, bu da qiymətlərin artmasına səbəb olur: “Biznesmenlər də nəzərə alırlar ki, əksər valideynlər körpələrinin sağlamlığına, daha keyfiyyətli məhsullarla təmin olunmasına xüsusi önəm göstərir. Bu baxımdan məhsulların daha keyfiyyətli olmasını əsas götürürlər ki, bu da qiymətlərin artması ilə nəticələnir. Məhsullara tələbat yüksək olduğu üçün qiymətlərin bazar tərəfindən tənzimlənməsi də mümkün deyil. Azərbaycan bazarlarında uşaq yeməkləri ilə bağlı rəqabət demək olar ki, yoxdur. Ölkədə idxal olunan məhsullar isə gəlir səviyyəsi yüksək olan əhali üçün nəzərdə tutulmuş məhsullardır. Digər ölkələrdə vəziyyət fərqlidir. Müxtəlif sosial qrupların imkanlarına cavab verəcək fərqli qiymətdə məhsulların istehsalı həyata keçirilir. Qiymətlərin baha olması və əhalinin gəlirlərinin azalması alıcılıq qabiliyyətinə də mənfi təsir göstərir”.
R.Həsənovun sözlərinə görə, bu məsələdə dövlətin üzərinə düşən yük odur ki, rəqabətli bazarı formalaşdırsın: “Burada müəyyən təşviq proqramları həyata keçirilməlidir. Uşaq məhsullarının ölkəyə idxalına tətbiq olunan gömrük rüsumu aradan qaldırılmalıdır. Ölkədə bu məhsulların istehsalçıları üçün daha münbit şərait yaradılmalıdır. Dövlət istehsal mühitini formalaşdırmalı, idxal şərtlərini yumşaltmalı və məhsulların qiymətlərini əhalinin istehlak qabiliyyətinə uyğunlaşdırmalıdır”.