Nazir İlham Əliyevə verilən siyahıdan danışdı
12-07-2016, 21:43
“Qərar layihəsini hazırlamışıq, bir həftə ərzində Nazirlər Kabinetinə təqdim olunacaq. Layihədə hansı torpaqların təyinatı üzrə istifadə edilməyən torpaqlar hesab olunması öz əksini tapıb. Kriteriyalar müəyyən olunduqdan sonra təyinatı üzrə istifadə olunmayan torpaqlardan ona uyğun vergi alınacaq”.
Bunu kənd təsərrüfatı naziri Heydər Əsədov modern.az-a eksklüziv açıqlamasında bildirib.
Nazir bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanmış mexanizm əsasında Vergi Məcəlləsinə dəyişikliklər edilib: “O dəyişikliklərə əsasən, istifadə olunmayan torpaqlara görə vergi ödəniləcək. Hətta onun şkalası da müəyyən olunub. İndi isə hansı torpaqların istifadə olunmamasının meyarları müəyyən ediləcək”.
Heydər Əsədov istifadə edilməyən torpaqların sahibləri arasında məmurların da adlarının olduğu barədə prezident İlham Əliyevin iradlarını belə şərh edib: “Ola bilsin ki, həmin torpaqları başqa orqanlar verib. O torpaqlar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilməyib. Biz sadəcə istifadə olunmayan torpaqların mövcudluğu haqqında arayış vermişdik. Ona uyğun olaraq da dəyişikliklər oldu”.
Hazırda Əmlak Məsələləri üzrə Dövlət Komitəsi və Kənd Təsərrüfatı Nazirliyinin birgə apardığı monitorinqlərin nəticələri araşdırılır. Hər bir rayonda yeni yaranan kənd təsərrüfatı sahələri həmin rəqəmləri hər bir rayon üzrə yoxlayıb təsdiq edəcək. Bundan sonra yekun rəqəmi söyləmək mümkün olacaq.