Bu rayonda torpaqlar niyə haldan düşür? - Məmur öz yerində olmayanda...

14-07-2016, 12:24           
Bu rayonda torpaqlar niyə haldan düşür? - Məmur öz yerində olmayanda...
Goranboy rayonunda da iqtisadiyyatın əsasını məhz kənd təsərrüfatı təşkil etdiyindən, bu sahədə məhsuldarlığın daim yüksəldilməsi üçün digər qurumlarla yanaşı Goranboy rayon Subartezian Quyuların İstismarı İdarəsinin fəaliyyəti də xüsusi əhəmiyyət kəsb edir. Artıq qeyd olunduğu kimi, bu idarə 800 artezian quyusu vasitəsi ilə 28 min hektara yaxın sahənin suvarılmasını həyata keçirir. Bununla belə, müəssisənin fəaliyyətilə bağlı aldığımız məlumatlarda yerli sakinlər və fermerlər rayonun Subartezian Quyuların İstismarı İdarəsinin rəisi Rauf Teyyubov tərəfindən ciddi qanun pozuntularına yol verildiyindən şikayətlənirlər. Bildirilir ki, mütəmadi olaraq idarənin əməkdaşları tərəfindən bir çox vacib suvarma tədbirləri vaxtında həyata keçirilmir, görülən işlər isə, keyfiyyətsiz və az effektli olur. Köhnə quyuların bərpası və təmir işləri də yarımçıq görülür. Şəxsi təsərrüfat sahibləri iddia edirlər ki, idarənin işçiləri yerlərdə müxtəlif özbaşnalıqlara yol verir, nəticədə isə ayrı-ayrı əkin sahələrinin və təsərrüfatların susuz qalmasına səbəb olurlar. Məlumatlarda xüsusi olaraq vurğulanır ki, R.Teyyubov tərəfindən idarənin maddi-texniki bazasının möhkəmləndirilməsi, işin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi hallarına geniş yer verilir. Güc transformatorlarının, elektrik mühərriklərinin, nasos aqreqatlarının alınması və ən çox da köhnə quyuların əsaslı təmiri adı altında külli miqdarda dövlət maliyyəsi hesabdan çıxarılaraq xərclənsə də, əslində bu işlər çox aşağı səviyyədə görülür. Bundan başqa isə, ayrı-ayrı sakinlərdən aldığımız məlumatlarda Goranboy rayon Subartezian Quyuların İstismarı İdarəsinin rəhbərliyi hətta bəzi quyuları qanunsuz olaraq fərdi şəxslərə satmaqda, bununla da həmin ərazidə təsərrüfatları yerləşən digər vətəndaşlara külli-miqdarda ziyan vurmaqda ittiham olunur. Həmçinin bizimdovr.az-a daxil olan məlumatlarda Rauf Teyyubovun rəhbərlik etdiyi idarənin ştat cədvəlinə öz qohumlarının adlarını yazdırmaqla burada “ölü canlar” üsulunu geniş tətbiq etdiyi bildirilir. Qeyd olunur ki, əgər bu maxinasiya bir tərəfdən dövlət vəsaitlərinin mənimsənilməsinə yol açırsa, digər tərəfdən də idarənin fəaliyyətinə ciddi əngəllər törətmiş olur. Belə ki, faktiki olaraq idarənin ştatında mütəxəssislərə və ixtisaslı fəhlələrə yer qalmır. Təqdim olunan açıqlamalarda müəssisənin fəaliyyətində müşahidə olunan digər bir qanun pozuntusu kimi də, idarənin balansında olan texnika üçün tələb olunandan bir neçə dəfə artıq yanacaq və sürtkü materialları alaraq, sonradan onların bir hissəsinin yanacaqdoldurma stansiyaları vasitəsilə satılması göstərilir. Həmçinin məlumatlarda vurğulanır ki, məhz R.Teyyubovun məsuliyyətsiz əməlləri nəticəsində son bir neçə ildə onlarla fermer təsərrüfatı susuzluq problemindən fəaliyyətlərini dayandırmalı olub...

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.