"Azərcell" əxlaqsızlığı təbliğ edir
14-07-2016, 20:59
Son vaxtlar maliyyə resurslarına və abunəçilərinin sayına görə ölkəmizin böyük mobil operatorlardan hesab ounan "Azərcell"ə bağlı narazılıqlar, ictimai rəydə etiraz çağırışları geniş vüsət alır. Bu yalnız bu şirkətin internet xidmətinin zəif olması, arzuolunmaz SMS-lərin göndərilməsi, şəbəkənin zəifliyi, 1 dəqiqə danışdığın halda daha artıq vaxt yazılaraq pul silinməsi və digər neqativ hallarla bağlı deyil, eləcə də, mənəviyyatımıza-əxlaqımıza zidd olan fəaliyyət yolu tutmasıdır.
Anonim tanışlıq xidməti "Azərcell"in iç üzünü açır
Avropa və ABŞ-ın mobil operator sistemində bizim cəmiyyət üçün yad olan xidmətlərin olması barədə çox eşidib və ya oxumuşuq. Eşitdiyimizə və oxuduqlarımıza görə sözügedən xarici cəmiyyətlərdə mobil operatorlar kişilərə tənhalıqdan qurtulmaq üçün qadınlar təklif edirlər. Hətta bu xidmət konkret qiymətlərlə müəyyənləşir. Buraya masaj, seks və digər xidmətlər daxildir. Təbii ki, bu xidmətlər müqabilində mobil operatorlar külli miqdarda maliyə vəsait qazanırlar. Bir sözlə, pul qazanmaq xatirinə sözügedən xarici mobil operatorlar xalqlarının mənəviyyatını və əxlaqını satışa çıxarırlar.
Bu günlər mətbuatdan belə bir informasiya oxudum ki, İran İslam Respublikasında da adət-ənənə mobil operatorlar üçün arxa plana keçməkdədir. Yəni mobil operatorlar abunəçilərinə 1 saatdan 99 saatadək siğə təklif edirlər. İranın "İbdikar" qəzetinin yazdığına görə, mobil operatorların xidmət haqqı 2-15 milyon rial, yəni 62-410 min ABŞ dolları təşkil edir: "Xidmətdən yararlanmaq istəyənlər müvəqqəti siğəyə girməzdən öncə özləri haqqında məlumatları və xüsusiyyətləri dolduraraq, SMS vasitəsilə xidmət bölməsinə göndərirlər. Məhz bundan sonra qadın və kişilər istədikləri zaman əlaqə yarada bilirlər".
"Azərcell" him-cim təklif edir
Bir sözlə, mobil operatorlar şərəfsiz hesab edilən yolu tutmaqla əxlaqa və mənəviyyata sığmayan xidmət növü seçirlər. Təbii ki, Azərbaycan cəmiyyəti üçün bu xidmət heç bir halda qəbul edilən deyil. Amma "sən saydığını say, gör "Azərcell" nə sayır". Demə, "Azərcell"də də ABŞ-ın, Avropanın, hətta İranın mobil operatorlarından geri qalmayan xidmət bölməsi fəaliyyət göstərir. Bu barədə redaksiyamıza şikayət ərizəsində faktlarla məlumatı bizə təqdim edən (050 733-91-65) saylı telefon abunəçisi Rövşən Rəsulov bildirir ki, vaxtaşırı olaraq ona ( +994301) nömrəsindən ona səsli zəng gəlir: "Məlahətli, seksual danışığa malik xanım qız ona anonim tanışlıq xidməti təklif edir. Xanım qız bu xidmətdən yararlanmaq üçün sadəcə 1 düyməsini basmağa ehtiyac olduğunu bildirir".
Araşdırmalar zamanı məlum oldu ki, "Azərcell"in bu cür xidməti birinci hal deyil. Bundan əvvəl də "Azərcell" MMC-nin "Him-Cim" xidməti faliyyət göstərib. Yəni 65-25-ə boş SMS göndərməklə "Him-Cim" anonim xidmətindən istifadə etmək mümkündür.
Söz yox ki, bu və ya bu kimi xidmət növləri Azərbaycanın tarixən mövcud olan və bu gün də dünya xalqları üçün nümunəyə və örnəyə çevrilən adət-ənənəsinə, dəyərlərinə ziddir. Necə ola bilər ki, hansısa evli xanım və ya kişiyə anonim tanışlıq SMS-i gəlsin. Düşünürəm ki, Norveç ab-havasından qidalanan "Azərcell" rəhbərliyi bu cür xidməti adi və arzu etdikləri xidmət hesab etsələr də Azərbaycan cəmiyyəti, Azərbaycan kişisi heç bir halda bu cür xidməti qəbul etməz.
P.S. Mövzu ilə bağlı araşdırmalarımız davam edir