Bakı məktəbində kim qoyun bəsləyir? - FOTOLAR
14-07-2016, 22:29
Sosial şəbəkələrdə Bakının Nərimanov rayonunda yerləşən 212 saylı məktəbdə qoyun otarılması ilə bağlı məlumat yayılıb. Məktəbin həyətində qoyun saxlandığını göstərən fotoşəkli paylaşan şəbəkə istifadəçiləri məktəb direktorunun şagirdlərin deyil, qoyunların qeydinə qaldığını yazıblar. Şərhdə qeyd olunur ki, məktəbin əsaslı təmirə ehtiyacı olsa da, baxımsızlıqdan yararsız vəziyyətə düşüb. Yaxınlıqdakı ət kəsimi mağazaları məktəbin natəmizliyindən istifadə edərək onun ərazisində qoyun saxlayırlar.
Deyilənləri yerində araşdırmaq üçün 212 saylı məktəbə yollandıq. Məktəb təmirsiz və baxımsız vəziyyətdə olsa da, həyətində qoyun tapmadıq. Görünür, paylaşımlardan sonra onu həyətdən qovmuşdular. Qapının girişində isə dolub-daşan zibil yeşikləri qoyulmuşdu. Elə həyətdəki quru otla da bir fermanı saxlamaq olardı.
Məktəbin mühafizəçisi Rafael adlı şəxs qoyunla bağlı deyilənləri qətiyyətlə rədd etsə də, təmirsizlik və baxımsızlıqla bağlı yazılanlarla razılaşdı. Onun sözlərinə görə, yay aylarında müvafiq qurumlarla zibilin daşınması ilə bağlı müqavilə olmadığından, zibil yeşikləri dolub daşır. Elə ona görə də, təmizlik işçiləri həyətdəki ot və zir-zibili təmizləmirlər:
“Təmizləyib hara ataq? Atmağa yer yoxdur. Qapının ağzındakı zibil qutuları da dolub-daşır, heç onları ata bilmirik. Gecələr aparıb xəlvətcə yaxınlıqdakı zibil yeşiklərinə tökürük. Ora tökməyə də icazə vermirlər, axı onlar da zibil pulu verirlər. Keçən il də eyni vəziyyət idi, məcbur olub otları təmizləyib yandırdıq, buna görə bizi 600 manat cərimə elədilər”.
Məktəbin təsərrüfat işləri üzrə direktor müavini Qambay Səfərovun sözlərinə görə, bu məktəbdə heç vaxt qoyun olmayıb. Bunlar ət dükanlarının qoyunlarıdır. Həmin foto təsadüfən ət dükanının qarşısında saxlanılan qoyunların bura keçməsi zamanı çəkilə bilər:
“Yəqin heyvan keçib, kimsə də götürüb şəklini paylaşıb. Burada qoyun saxlanılmır. Amma məktəb təmirsizdir. Bununla bağlı müvafiq orqanlara – nazirliyə, Bakı Şəhər İcra Hakimiyyətinə və Bakı Şəhər Təhsil İdarəsinə 3 dəfə məktub yazmışıq. Hər dəfə də məktəbin 30-a yaxın içərisində və çölündə çəkilmiş fotoşəkilləri göndərmişik. Prezidentin məktəblərin təmir olunması ilə bağlı sərəncamları var, amma ona əməl edən yoxdur. Hər il eyni cavabı alırıq ki, təmir olunacaq. Hələ ki, gözləyirik”.
Direktor müavinin sözlərinə görə, məktəb 1963-cü ildə tikilib və 1980-ci ildə əsaslı təmir olunub. Həmin ildən bu vaxta qədər heç bir təmir işi görülmədiyindən, bərbad vəziyyətə düşüb.
Qeyd edək ki, 212 saylı məktəbdə 1630 şagird təhsil alır və 200-ə yaxın müəllim işləyir.
Təhsil Nazirliyi və Bakı Şəhər Təhsil İdarəsi ilə əlaqə saxlamağa çalışsaq da, niyə təmirin aparılmaması və nə zaman olunacağı ilə bağlı suallarımıza hələ cavab ala bilməmişik.