“Son qiymət artımı çox cüzidir və narazılığa heç bir əsas yoxdur” – Siyavuş Novruzov

15-07-2016, 18:27           
“Son qiymət artımı çox cüzidir və narazılığa heç bir əsas yoxdur” – Siyavuş Novruzov
“Hər hansı bir enerji resursunun qiyməti artırılmadan öncə ölçülüb-biçilir. Bütün məsələlər nəzərə alınır”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili Siyavuş Novruzov Tarif Şurasının elektrik enerjisinin qiymətini qaldırmasına münasibət bildirərkən deyib. Siyavuş Novruzov həmçinin bildirib ki, Tarif Şurasının elektrik enerjisi qiymətinin artırılması sosial narazılığa zəmin yaratmayacaq:

“Hesab edirəm ki, son qiymət artımı cüzi bir şeydir və hər hansı narazılığa heç bir əsas yoxdur. Bunun xeyrinin və ziyanının nədən ibarət olmasını aidiyyəti qurumlar müəyyən edir. Enerjiyə qənaət olunması vacib şərtlərdən biridir. Enerjinin nə qədər vəsaitə başa gəlməsi, istifadə qaydaları və digər məsələlər də qiymət artımından öncə nəzərdən keçirilir. Həmçinin, əhalinin tələbatı, onların maddi durumu, sosial müdafiəyə ehtiyacı olanların vəziyyəti nəzərə alındıqdan sonra addımlar atılır. Nazirlər Kabinetində qiymətlərin müəyyən olunması ilə bağlı komissiya – Tarif Şurası fəaliyyət göstərir. Qiymətləri də bu qurum müəyyənləşdirir”.

Yada salaq ki, Azərbaycanda elektrik enerjisinə görə tariflər son dəfə 2007-ci ildə dəyişdirilib. Ötən 10 il ərzində digər ölkələrdə də, elektrik enerjisi qiymətləri böyük faizlərlə və yaxud bir neçə dəfə artıb.

Müqayisə üçün deyək ki, son 3 ildə Ermənistanda elektrik enerjisinin qiyməti 100-150 faiz bahalaşıb. 2015-ci ilin statistikasına görə elektrik enerjisinin tarifləri Ukraynada 48 faiz, Türkiyədə 14 faiz, Bolqarıstanda 13 faiz, Böyük Britaniyada 11 faiz, Rusiya və Qazaxıstanda 8 faiz artıb.

Azərbaycanda elektrik enerjisi istifadəçiləri 1 kilovat elektrik enerjisinə 7 qəpik ödədiyi halda, danimarkalı istehlakçılar 52 qəpik, İsveçdə isə 32 qəpik ödəməlidirlər. Böyük neft istehsalçısı olan Norveçdə isə 1 kilovat elektrik enerjisinin qiyməti 2015-ci ildə 27 qəpik təşkil edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.