Yanan bina ilə bağlı “yanmalı” olanlar kənarda qaldı?! - İDDİA
19-07-2016, 10:39
İyulun 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində son illər Azərbaycan tarixinin ən məşum olayı - ötən il mayın 19-da Binəqədi rayonunda yerləşən 16 mərtəbəli binada baş vermiş yanğınla bağlı məhkəmə prosesi davam etdiriləcək. Yanğın hadisəsi ilə bağlı 8 nəfər təqsirləndirilir.
Bunlar 2012-2013-cü illərdə Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş, daha sonra Binəqədi Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri olmuş Ədalət Rəcəbov, 72 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini olmuş Qəzənfər Novruzov, “Dərnəgül Boru” zavodunun polimlərin kimyəvi, fiziki-mexaniki xassələrin təyini laboratoriyasının rəhbəri Ağacavad Məmmədov, Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov, “Global Stone” şirkətinin rəhbəri, əməkdar mühəndis Miryusif Mahmudov, “Global Stone” MMC-nin baş direktoru Uğur Bəşirov və “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərovdur. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.
İttihama görə, binanın “poliuretan” adlı materialla üzlənməsi sonradan binada ağır nətəcələrə gətirib çıxaran olayın yaşanmasına səbəb olub. Amma ittihamın əsaslı olmasına böyük, kifayət qədər ciddi şübhələr var.
Yanğından sonra həbsə alınan şəxslərin binaları “poliuretan” adlı materialla üzləmək haqda qərar vermək səlahiyyətlərinin olmadığı üzə çıxdı. Əgər binanın üzlənməsində istifadə edilən “poliuretan” tez alışan idisə, oda davamlı deyildisə, niyə binanın bu mterialla üzlənməsinə icazə verilirdi?
Həbsdə olan şəxslər iş icraçılarıdır. İşi sifariş verən isə Binəqədi Rayon İcra Hakimiyyətinin icra başçısıdır. Məntiqlə istintaq təqsirləndirilən şəxslərin siyahısını müəyyənləşdirərkən ilk dindirməli, istintaqa cəlb edilməli şəxs kimi məhz icra başçısının adını yazmalı idi.
Təqdim etdiyimiz təqsirləndirilən şəxslərin siyahısından göründüyü kimi, icra başçısı Xaləddin İsgəndərovun adı orada yoxdur.
Ümumiyyətlə, X.İsgəndərovun adı olsaydı belə, bu şəxslər istintaqa cəlb edilməzdən əvvəl binanın qəsdən yandırılması haqda məlumatlar çox ciddi şəkildə araşdırılmalı idi.
Bu haqda qəzetimizin son bir neçə sayında apardığımız araşdırmaların nəticəsi haqda geniş yazılar dərc etmişik. Məhkəmədə zərərçəkənlərin söylədiklərindən, olay şahidlərinin sözlərindən, mübhəm yanğından əvvəl və sonra ölkə boyu törədilən qəsdən yandırma faktlarının ortada olmasından belə aydın olur ki, Binəqədidəki 16 mərtəbəli bina siqaret külündən alışmayıb. Binanın 27 saniyə içində kibrit qutusu kimi yanmasına çox ciddi şəkildə hansısa formada köməklik edilib.
Məsələn, bu olaydan 3 gün əvvəl, 2015-ci il mayın 16-da Nərimanov rayonu, Koveroçkin küçəsindəki hündürmərtəbəli, yerləşməsinə, quruluşuna görə Binəqədidəki binanın “əkiz” tayını xatırladan binada yanğın törətmək istəyən şəxslər kəndiri neftə batıraraq binanın üstündən üz aşağı, “poliuretan” üzlüyün üzərindən buraxmışdılar.
Bu gün “poliuretan”ın keyfiyyətsizliyi üzündən yanması üzərində qurulan ittihamı əslində həmin işin obyektiv araşdırması darmadağın edərdi. Əgər “poliuretan” keyfiyyətsiz idisə, niyə Nərimanovdakı binada alışmayıb? Axı həmin “poliuretan” Binəqədidəki, Nərimanovdakı binalara eyni şirkət vurub. Eyni şirkət Türkiyədə sifariş edərək Azərbaycana gətirib, burada qəlibləyib və binalara vurub.
Üstəlik, 2015-ci il aprelin 10-da Xətai rayonu ərazisində yaşayış binasında “THN” şirkətinin “poliuretan”la üzlədiyi binadakı yanğından sonra Fövqəladə Hallar Nazirliyində geniş tərkibli iclas keçirilib. İclasa FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov başçılıq edib.
İclasda yeganə müzakirə olunan mövzu Azərbaycanda binaların üzlənməsində istifadə olunan poliuretanın tezalışan olub-olmaması olub. Araşdırmalar zamanı məlum olub ki, digər tikinti şirkətlərinin, “THN”in istifadə etdiyi poliuretan daha aşağı keyfiyyətli və odadavamlılığı daha azdır. Respublikaya keyfiyyətli “poliuretan” idxal edən bu gün rəsmiləri üzərində məhkəmə qurulan “Global-Stone”dir. Hətta həmin iclasda “THN” şirkəti rəsmilərinə xüsusi olaraq tapşırılıb ki, binaların üzlənməsində istifadə etdiyi poliuretanı məhz “Global-Stone”də qəlibləsin.
Belə bir halda poliuretanın tezalışan olmasının ittihamın əsasını təşkil etməsi nə dərəcədə doğrudur?
Bəlkə Binəqədidəki binada “poliuretan” üzlüyün alışması üçün binanın damından üz aşağı, “poliuretan üzlüyün arxası ilə tezalışan maye axıdıblar?
Üstəlik, belə bir addımın mümkünlüyünü təsdiqləyən digər bir fakt da ortalıqdadır - fikir verin, 2015-ci il mayın 24-də, Binəqədidəki məşum olayın yaşanmasının 5-ci günü Gəncədə, Dədə Qorqud küçəsində hündürmərtəbəli yaşayış binalarından birinin üzərində “drujinnik”lər 2 şübhəli şəxsi saxlayıblar. Gecəyarısı əllərində dizel yanacağı ilə dolu kanistrlərdə damda gəzənlərdən biri Samux rayon sakini, digəri isə Rusiya Federasiyasının vətəndaşı olub.
“Drujinnik”lər tutduqları hər iki şəxsi polisə təhvil veriblər. Hətta polisdən Gəncə İcra Hakimiyyətinə gecəyarısı damları əllərində yandırıcı maddə dolu kanistrlərlə gəzən şəxslər haqda məlumat verilib. Bu haqda MTN-in yerli şöbəsinə məlumat daxil olandan sonra hər iki şəxsi polisdən təhvil alıblar. MTN-ə aparılan hər iki şəxs sonradan istintaqa cəlb olunmayıb, barələrində cinayət işi başlanmayıb.
Bəs həmin 2 şəxs gecəyarısı, damda, əllərində tezalışan maye dolu kanistirlərlə niyə gəziblər? Kim olub həmin şəxslər? Niyə ortalıqdan yoxa çıxarılıblar?
Təəssüf ki, istintaq baş vermiş olaydan sonra fəaliyyətini araşdırmalı olduğu şəxsləri həbs etməklə işini bitmiş hesab etdi. Nəticədə bu gün yanğın zamanı dünyasını dəyişmiş 15 nəfərin, xəsarət almış 56 şəxsin sırasına 8 nəfər də azadlıqdan məhrum edilməklə “yandırılır”.