Novxanıdakı "ölüm quyuları" öz qurbanlarını gözləyir

21-07-2016, 12:44           
Novxanıdakı "ölüm quyuları" öz qurbanlarını gözləyir
İcra başçısı və bələdiyyə sədri isə mövcud vəziyyətdən narahat deyil

Novxanıda, duz gölünün kənarında salınan yeni yaşayış massivlərində kanalizasiya sisteminin olmaması vətəndaşları ciddi problemlə üz-üzə qoyub. Bu barədə Politika.Az-ı etibarlı mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, kanalizasiya xətti olmadığı üçün vətəndaşlar çirkab suları evlərinin ön və arxa hissəsində qazdırdıqları xüsusi quyulara buraxır ki, bu da antisanitariya vəziyyətinin formalaşması ilə yanaşı, vətəndaşların həyatı üçün də bilavasitə təhlükə yaradır. Belə ki, dərinliyi 3-4 metrə çatan və ağzına qədər çirkab sularla dolu quyular həm vətəndaşların, həm də avtomobillərin ora düşməsi riskini yaradır ki, bu da azyaşlı uşaqlar və qocalar üçün xüsusilə təhlükəlidir.

Mənbənin sözlərinə görə, məlum problemlə əlaqədar olaraq kənd sakinləri dəfələrlə icra hakimiyyəti və kənd bələdiyyəsində olsalar da, heç bir dövlət qurumu problemin həlli istiqamətində praktiki addım atmayıb. Belə ki, icra hakimiyyəti problemi Novxanı bələdiyyəsinin həll etməli olduğunu vurğulasa da, bələdiyyə büdcəsində gərəkli vəsaitin olmamasını əsas gətirərək problemin həllindən boyun qaçırır.

Bir sözlə, icra hakimiyyəti və bələdiyyənin ötür-ötür oyunu yüzlərlə insanın həyatını təhlükə altında qoyub. Yaranmış bu vəziyyətlə bağlı isə vətəndaşların özündən başqa kiminsə narahat olması hələ ki, müşahidə edilmir.
Qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.