Dəfn pulu ilə bağlı anlaşılmazlıq: - Deputatlar narazı, nazirlik ödəmir, əhali gözləyir

22-05-2024, 18:44           
Dəfn pulu ilə bağlı anlaşılmazlıq: -
Milli Məclisdə bəzi kateqoriyadan olan vətəndaşlara dəfn müavinətlərinin verilməsi təklif edilib.

Bu təkliflə Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edib. O, işləməyən və ya sığorta məbləği az olan vətəndaşlara dəfn müavinətinin verilməsini təklif edib. “Bunun üçün böyük məbləğ lazım deyil. Belə ki, bu müavinətin ödənilməsi üçün 10-12 milyon manat gərəklidir. Sahil bəy, bunu nəzərdə saxlasanız, çox yaxşı olar”,- deyə komitə sədri bildirib. Deputat əlavə edib ki, bununla bağlı komitə adından da aidiyyəti üzrə məktublar göndəriləcək. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev isə bildirib ki, maliyyə təminatı ilə əlaqədar bəzi kateqoriyadan olan vətəndaşlara dəfn müavinətləri verilmir:

“Bu məsələni Milli Məclis qaldırmışdı. Maliyyə təminatı ilə bağlı bu müavinət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilmir. Növbəti mərhələlərdə maliyyə təminatı ilə bağlı məsələ Maliyyə Nazirliyi ilə müzakirə olunacaq”. Qeyd edək ki, dəfn üçün müavinət dövlət qulluqçularına ömürlük, yaşa, əlilliyə və ailə başçısını itirməyə görə verilən müavinətlərdən biri təyin edilmiş, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişini alan, sığortaolunan şəxslər və əmək pensiyaçıları vəfat etdikdə təyin edilir. Müavinət müraciət etmə müddətindən asılı olmayaraq şəxsin ölümü ilə əlaqədar onun dəfni ilə bağlı xərcləri çəkmiş şəxslərə təyin edilib ödənilir. Müavinətin məbləğinə gəldikdə isə dövlət qulluqçularına ömürlük, yaşa, əlilliyə və ailə başçısını itirməyə görə verilən müavinətlərdən biri təyin edilmiş, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişini alan və sığortaolnan şəxslər vəfat etdikdə 500 manat, əmək pensiyaçıları vəfat etdikdə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində nəzərdə tutulur. Ümumiyyətlə, işləməyən və ya sığorta məbləği az olan vətəndaşlara dəfn müavinəti verilirmi?

İqtisadçı-ekspert Natiq Cəfərli “Cebhe.info”-ya bildirib ki, dəfn xərcləri ilə bağlı indi ödənişlər var, sadəcə bunun dəfn xərcləri ilə bağlı rəsmi şəkildə elanına və tətbiqinə ehtiyac var:

“Çünki rəsmi şəkildə tətbiq olunmadığına görə müəyyən anlaşılmazlıq və problemlər ortaya çıxır. Ancaq bu da ƏƏSMN-in həll edəcəyi məsələ deyil. Bunun üçün gərək dövlət büdcəsində xüsusi xərc hissəsi nəzərdə tutulsun ki, bu da qanunvericilikdə aydın şəkildə yazılsın. Nəticə etibarilə qanunvericiliyə görə Maliyyə Nazirliyi, yəni büdcə tərəfindən ayrılmış vəsaiti bölüşdürülməsinə qərar verə bilər. Yəni indi nazirlik ayrılan vəsaitin o məqsədlərlə istifadəsinə qərar verə bilməz. Bununla bağlı qanunvericilikdə aydın şəkildə müddəalar var. Ona görə də düşünürəm ki, bu məsələ həm qanunvericilikdə, həm də büdcədə öz əksini tapmalıdır”. Ekspert bildirib ki, iyun ayında büdcəyə yenidən baxılacaq: “Büdcəyə yenidən baxılarkən bu məsələ ilə bağlı yenidən qərar verilməsi mümkündür. Yəni məsələ gündəliyə gələ bilər, büdcədə əlavə və dəyişikliklər edilərkən daxil oluna bilər. Ölüm halı ilə bağlı ödəniş indi də olmasına baxmayaraq, xərcləri tam ödəmir. Həm də insanlar çox zaman bilmirlər ki, hansı formada müraciət etsinlər, necə dəfn müavinəti alsınlar. Bununla bağlı problemlər var. Ona görə də məsələni operativ həll etmək üçün həm qanunvericilikdə dəyişiklik edilməli, həm də Maliyyə Nazirliyinə büdcədən xüsusi vəsait ayrılmalıdır. Konkret şəkildə bilinməlidir ki, kimlərə şamil olunur və nə qədər vəsait ayrılır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.