İnanılmaz: Necə olub ki, MİDA-nın evini "satıblar"?.. - Qurum cavab verdi

22-05-2024, 18:18           
İnanılmaz: Necə olub ki, MİDA-nın evini "satıblar"?.. - Qurum cavab verdi
"Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Mənzillərin satışı ilə bağlı elan satışın başlayacağı gündən ən azı 30 gün əvvəl verilir. Digər üsullarla güzəştli mənzillərin əldə edilməsi mümkün deyil".

Bunu Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) 17 may 2024-cü il tarixində saytımızda yayımlanan "MİDA-da dələduzluq: Evi arendaya götürüb, kişinin başına elə oyun açdılar ki..." başlıqlı yazıda qaldırılan məsələ ilə bağlı Teleqraf.com-un sorğusuna cavab olaraq bildirib.

Prezidentin şəhid, məcburi köçkün, aztəminatlı ailələr üçün nəzərdə tutduğu “Sosial evlər” layihəsi vasitəsilə mənzil sahibi olan şəxs həmin evi üç il müddətinə satışa çıxara bilməz. Amma bir çox hallarda ev elanlarında sosial mənzillərin 3 ili tamam olmamasına baxmayaraq satışa çıxarılma və kirayəyə verilmə hallarına rast gəlirik.

Elanla yanaşı müəyyən şəxslər yaxud qruplar MİDA binaları vasitəsilə dələduzluq edirlər.

Dələduzluğun qurbanı olan zərərçəkmiş Mikayılov Şəmşad Vəkil oğlu saytımıza müraciət edərək bildirib ki, Mustafayeva Maya Rövşən qızı 03.09.2023-cü il tarixində onu güzəştli mənzil satmaq məqsədilə aldadaraq dələduzluq yolu ilə 17 500 manat pulunu mənimsəyib. Və həmin şəxsi 2023-cü ilin avqust ayında Yasamal rayonu, MİDA 2, bina 13, blok 38, mənzil 43-ə köçürüb.

Sonradan məlum olub ki, Maya Mustafayeva Mikayılov Şəmşad Vəkil oğluna satış məqsədilə təklif etdiyi evi özü Əliyev Gülrza adlı şəxsdən kirayəyə götürüb. İddia olunur ki, Maya Mustafayeva bu yolla bir çox şəxsi də MİDA binalarında yerləşdirib. Hazırda zərərçəkmiş Yasamal rayonu, Mida 2, bina 13, blok 38, mənzil 43 ünvanından çıxarılmaq təhlükəsi ilə üz-üzə qalıb.

Bu kimi hallara qarşı MİDA-nın mövqeyini öyrənmək, satılan mənzillərə sonradan nəzarət edib-etmədiyini, həmçinin sözügedən ünvanda kimin yaşadığını aydınlaşdırmaq üçün agentliyə sorğu ünvanlamışdıq.

Sorğumuza cavab olaraq bildirilib ki, MİDA üç il müddətində mənzillərə nəzarət funksiyasını həyata keçirir: "Qaydaya əsasən mənzilin üç il müddətində özgəninkiləşdirilməsinə, habelə icarəyə və ya kirayəyə verilməsinə məhdudiyyət nəzərdə tutulub".

Mənzil sahibinin kim olmasına gəlincə, MİDA-dan bildirildi ki, bu məlumat konfedensialdır və şəxsin adı açıqlana bilməz: "Oxşar hallarla üzləşdikdə isə vətəndaşlara dərhal hüquq mühafizə orqanlarına müraciət etmələrini tövsiyə edirik".

Onu da əlavə edək ki, sözügedən dələduzluq faktının olduğu təqdirdə Yasamal Rayon 29-cu Polis Bölməsində təhqiqat aparılsa da cinayət işinin başlamamasının səbəbini araşdırmaq üçün Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə yaratdıq. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev saytımıza açıqlamasında bildirib ki, polis əməkdaşları tərəfindən bu istiqamətdə araşdırma davam etdirilir.

“Yaxın günlərdə nəticəsi barədə məlumat veriləcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.