“Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinə qarşı ŞOK İTTİHAM
3-06-2024, 10:51
Şəmkir rayonu, Dəllər qəsəbəsinin sakini Hüseynov Heydər Hüseyn oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmov ondan rüşvət təlbə edib:
“Mən, Hüseynov Heydər Hüseyn oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Məlumat üçün deyim ki, özüm insult keçirmiş, xəstə adamam. 30 il “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində (QSC) işləmişəm. Güzəştli pensiya üçün müraciət edirəm, vermirlər.
Şəxsən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rüstəmov Rövşən Mürvət oğlu məndən pul tələb edib ki, sənəd versin. “Pul vermirsənsə, sənə pensiya düşmür”, – deyirlər.
Müalicələrim üçün pensiyaya ehtiyacım var.
Xahiş edirəm ki, müraciətimi işıqlandırın, “yuxarı”da oturan səlahiyyətli şəxslər bilsin və görsün ki, necə rəhbərlər var. Açıq-aşkar məndən pul tələb edirlər. Mənim isə onlara verəsi pulum yoxdur”.
Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.