Cərimələr silinə bilər: Parlamentdə məsələ qaldırılacaq
5-06-2024, 08:14

Gürcüstan hökuməti koronavirus pandemiyası zamanı iki minə yaxın vətəndaşa tətbiq edilən cərimələri siləcək.
Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
“Vətəndaşlarımız artıq bir neçə ildir ki, cərimələrə məruz qalırlar. 1855 fiziki və 38 hüquqi şəxs pandemiya ilə bağlı cərimələrdən azad olunacaq. Ümumi məbləğ 5,6 milyon lari ( 2 milyon dollar) təşkil edəcək”, - deyə Baş nazir bildirib.
Qeyd edək ki, ölkəmizdə də pandemiya zamanı bir çox vətəndaşa cərimə tətbiq edilib.
Azərbaycanda karantin rejiminin tətbiqi ilə bağlı ilk qərar 2020-ci il martın 24-də verilib. Həmin ilin iyun ayının əvvəlində həm açıq, həm də qapalı məkanlarda maska taxmaq məcburi elan olunub, bu qaydanı pozanları isə cərimələyiblər. Sonra cərimələrin məbləği iki dəfə artırılıb.
İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, karantin rejimində maska taxmaq tələbini pozmağa görə fiziki şəxslər üçün nəzərdə tutulan cərimə 50 manatdan 100 manata, vəzifəli şəxslər üçün cərimə 100 manatdan 200 manata, hüquqi şəxslər üçün cərimə isə 200 manatdan 400 manata artırılıb.
Artıq pandemiyadan bir neçə il keçməsinə baxmayaraq, dəfələrlə ölkəmizdə də vətəndaşların cərimələrlə bağlı borclarının ləğvinin vacibliyi vurğulanıb.
Pandemiya ilə bağlı ölkəmizdə tətbiq edilən cərimələr ləğv edilə bilərmi?
Millət vəkili Fazil Mustafa “Cebhe.info”-ya bildirib ki, bizdə də pandemiya dövründə olan cərimələr ortadan qaldırılmalıdır:
“Artıq onun bir mənası qalmır. Vətəndaşın vəziyyətini yüngülləşdirmək lazımdır. Bu cərimələri ödəməyin bir anlamı qalmadı. Hesab edirəm ki, eyni qaydada Azərbaycan da hərəkət edə bilər”.
Millət vəkili Aqil Abbas isə bildirdi ki, hazırda nə qədər vətəndaşın cərimələrinin qalması barədə məlumatı yoxdur:
“Əgər qalıbsa, bizdə də ləğvi tətbiq edilməlidir. Fikrimcə, cərimələrin çoxu silinib. Gürcüstan ağıllı bir iş görüb və təxminən 2 milyon dollar qədər cəriməni bağışlayıb.
Ancaq bizdə indi cərimələrin həcmi nə qədərdir və neçə nəfərdə qaldığını təəssüf ki, bilmirəm. Bu barədə dəqiq statistik məlumat olsa, Milli Məclisin növbəti iclasında məsələni qaldıraram”.