Sosial müdafiəyə ehtiyacı olanların əmək bazarına çıxışı artacaq – Qanun dəyişir

8-06-2024, 15:58           
Sosial müdafiəyə ehtiyacı olanların əmək bazarına çıxışı artacaq – Qanun dəyişir
Dəyişikliyə əsasən, Azərbaycanda kvotadan əlavə iş yerlərinin yaradılması qaydası müəyyən edilir. Hər bir işəgötürən üzrə kvotadan əlavə iş yerlərinin sayı işəgötürən üçün müəyyən edilmiş kvota miqdarınadək, lakin 15 iş yerindən çox olmamaqla müəyyən edilir.
“Məşğulluq haqqında” qanuna dəyişiklik edilir.
Dəyişikliyə əsasən, Azərbaycanda kvotadan əlavə iş yerlərinin yaradılması qaydası müəyyən edilir.
Hər bir işəgötürən üzrə kvotadan əlavə iş yerlərinin sayı işəgötürən üçün müəyyən edilmiş kvota miqdarınadək, lakin 15 iş yerindən çox olmamaqla müəyyən edilir.
Kvotadan əlavə iş yerlərində müvafiq qurum tərəfindən göndəriş verilmiş şəxslərlə 2 ildən az olmayan müddətə bağlanılan əmək müqaviləsi üzrə əməkhaqqı işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilir.
Məqsədli proqramlar müvafiq qurum tərəfindən müsabiqə yolu ilə seçilən işəgötürənlərin iştirakı ilə həyata keçirilir.
Dəyişikliyə əsasən, məqsədli proqramlar - sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması məqsədilə iş yerlərinin yaradılmasının müvafiq qurum tərəfindən işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilməsini nəzərdə tutan aktiv məşğulluq tədbiridir.
Digər dəyişikliklə peşə hazırlığına cəlb olunan şəxslərə verilən təqaüdün məbləği 2 dəfə azaldılır. Layihəyə əsasən, müvafiq qurumun göndərişi ilə peşə hazırlığına cəlb olunmuş şəxslərə həmin dövrdə minimum aylıq əməkhaqqının 50 faizi məbləğində təqaüd veriləcək. Hazırda isə peşə hazırlığına cəlb olunmuş şəxslərə həmin dövrdə minimum aylıq əməkhaqqı məbləğində təqaüd verilir.
Sənədin arayış hissəsində qeyd edilir ki, ölkə üzrə minimum aylıq əməkhaqqının hər il artırılması qeyd olunan təqaüd məbləğinin də artmasına gətirib çıxarır. Bu isə sui-istifadə halları yaradaraq, işlə təmin edilmə imkanları olan şəxslərin ehtiyac olmadığı halda peşə hazırlığına üstünlük vermələri ilə nəticələnməklə, peşə hazırlığına həqiqətən ehtiyacı olan şəxslərin bu imkandan istifadə etmələrinə əngəl yaradır.
Bununla yanaşı, Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2024‒2026-cı illərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair Tədbirlər Planı"nda işğaldan azad edilmiş ərazilərdə məskunlaşan 12 min nəfərin 2026-cı ilədək peşə hazırlığına cəlb edilməsi nəzərdə tutulub.
Bildirilib ki, bu dəyişiklik qəbul ediləcəyi təqdirdə qalan vəsait hesabına işğaldan azad edilmiş ərazilərdə daha çox şəxsin peşə hazırlığının təşkili mümkün olacaq.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, bundan öncə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Musa Quliyev bildirib ki, qanun layihəsi Prezident tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olub. Bu gün yeni rəqəmsal texnologiyaların, xüsusilə süni intellektin surətlə inkişafı fonunda bir sıra peşələrin sıradan çıxması, yenilərinin əmək bazarına daxil olması, həmçinin əhalinin məşğulluğu və işsizlik problemləri bütün dövlətlərin və cəmiyyətlərin qarşısında duran əsas problemlərdəndir.
Ölkəmizdə əhalinin məşğulluğunun təmin edilməsinin sosial müdafiə siyasətinin tərkib hissəsi kimi daim ölkə Prezidentinin diqqət mərkəzində olduğunu vurğulayan Musa Quliyev, təklif olunan dəyişikliklər barədə məlumat verib, bu dəyişikliklərin sosial müdafiəyə ən çox ehtiyacı olan şəxslərin məşğulluq imkanlarının daha da genişləndirilməsi, bu sahədə mövcud olan hüquqi bazanın təkmilləşdirilməsi məqsədi daşıdığını bildirib. Həmçinin qeyd olunub ki, dəyişikliklər sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin olunması üçün kvotadan əlavə iş yerlərinin yaradılması məqsədilə vəsaitlərin ayrılmasını da nəzərdə tutur.
Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə hər il üçün təsdiqlənən İşsizlikdən Sığorta Fondunun büdcəsində məqsədli proqramların həyata keçirilməsi, həmçinin sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin olunması üçün kvotadan əlavə iş yerlərinin yaradılması məqsədi ilə vəsaitlər ayrılır. Bununla belə, “Məşğulluq haqqında” qanunda sözügedən tədbirlərin təşkili qaydaları ilə bağlı müvafiq tənzimləmə yoxdur.
Qeyd olunub ki, təqdim edilən qanun layihəsində də məhz sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması məqsədi ilə əlavə iş yerlərinin yaradılması və məqsədli proqramların həyata keçirilməsi ilə bağlı müddəalar öz əksini tapıb.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev son illər ərzində qəbul olunmuş “Məşğulluq haqqında”, “İşsizlikdən sığorta haqqında” mühüm qanunların işsizlikdən sığorta mexanizmlərinin tətbiqini, aktiv məşğulluq tədbirlərinin səmərəliliyinin artırılmasını, ünvanlılıq prinsipi əsasında çevik maliyyə mexanizmlərinin formalaşdırılmasını, həmçinin məşğulluq xidmətlərinin yeni modelinin tətbiq edilməsini təmin etdiyini deyib.
Nazir müavini bildirib ki, nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya sistemində Məşğulluq altsistemi və Vakansiya bankı fəaliyyət göstərir və bu sahədə göstərilən bütün xidmətlər elektronlaşdırılıb.
Diqqətə çatdırılıb ki, son altı ildə həyata keçirilmiş islahatlar nəticəsində 545 min şəxs işlə təmin olunub, 131 mindən artıq şəxsin haqqı ödənilən ictimai işlərdə müvəqqəti məşğulluğuna nail olunub, 80 minə yaxın şəxsin özünüməşğulluq proqramlarına cəlb olunması təmin edilib.
İndiyədək 27 mindən çox şəxsin peşə hazırlığı keçdiyini deyən nazir müavini, bu gün 130-a yaxın peşə hazırlığı mərkəzləri ilə əməkdaşlığın həyata keçirildiyini, həmçinin ölkə üzrə nazirliyin tabeliyində olan mərkəzlərin sayının 10-a çatdırılmasının nəzərdə tutulduğunu bildirib.
Qeyd olunub ki, təqaüd xərclərinin optimallaşdırılması hər il əlavə 10 min şəxsin peşə hazırlığına cəlb olunmasına şərait yaradacaq.
Diqqətə çatdırılıb ki, hər iki dəyişiklik sosial müdafiəyə ehtiyacı olan şəxslərin əmək bazarına çıxışını artırmaq məqsədi daşıyır. Təqdim olunan dəyişikliklər qəbul olunacağı təqdirdə il ərzində əlavə olaraq 15 minə yaxın işsiz və iş axtaran şəxslərin aktiv məşğulluq tədbirlərinə cəlb olunması təmin edilə bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.