Aİ-95 markalı benzinin yerli istehsalı ərəfəsində... - Qiymətin daha çox artmasını gözləməyə dəyər

8-06-2024, 16:48           
Aİ-95 markalı benzinin yerli istehsalı ərəfəsində... -
Uzun müddətdir Azərbaycanın indiyə qədər xaricdən aldığı Aİ-95 markalı benzinin istehsal perspektivi müzakirə edilirdi. Məlumata görə, iyundan ilk addımlar atılacaq. Bakı Neft Emalı Zavodu artıq dizel istehsalına başlayıb. Yaxın günlərdə Aİ-95-in istehsalı həyata keçiriləcək.
Bizimyol.info xəbər verir ki, yerli istehsal premimum markalı benzinin qiymətinin aşağı salınması ehtimalı yaradır. Bu haqda vətəndaşlar sosial mediada danışmağa, ekspertlər də şərh yazmağa başlayıblar. Hesab olunur ki, xammal özümüzdən olduğu üçün qiyməti aşağı salmaq vaxtı çatıb.

Enerji məsələləri üzrə ekspert İlham Şaban, yerli istehsaldan sonra Aİ-95 markalı benzinin ölkədə daha ucuz satılacağına inanır. Ekspertin iddiasına görə, indi litri 2 manata satılan məhsul 1,5 manata təklif olunacaq.

“Azərbaycan Aİ-98 markalı benzinin idxalını davam etdirəcək, çünki onun istehsalı planlaşdırılmır. Gərək Nazirlər Kabinetinin 2014-cü il qərarına dəyişikliklər edilə. Çünki Aİ-95 qiymətləri 10 il əvvəl “dövlət tərəfindən tənzimlənməyən” mal və xidmətlər siyahısına daxil edilmişdi. İndi bu qayıtmalıdır “tənzimlənən qiymətlər” siyahısına və Tarif Şurası da SOCAR-ın müraciəti əsasında istehsal xərcləri, mövcud satış marjası və vergiləri nəzərə alandan sonra yeni satış qiymətini təyin etməlidir”.

Əksəriyyət İlham Şaban kimi nikbin deyil. Sosial mediada müxtəlif ekspertlərin yazdıqlarına nəzər yetirəndə fərqli təəssürat yaranır. Hesab olunur ki, Bakı Neft Emalı Zavodunun modernləşdirilməsinə 3 milyard manata qədər xərc çəkilməsi sonradan qiymətdə özünü göstərəcək. Yəni benzinin qiymətinin yalnız yüksəlməsini gözləməyə dəyər.

2022-ci ilin iyulunda Aİ-95 markalı benzinin qiymətini 25 faiz artıranda idxal xərclərinin çoxluğu və Bakı Neft Emalı Zavodunun yenidənqurulması əsas səbəb göstərilmişdi. Bu dəfə oxşar səbəb gətirilməklə, qiymət artırıla bilər.

Sürücülərin məsələyə münasibətindən hiss olunur ki, onlar qiyməti çox baha sayırlar. Çünki qiymət artandan bəriAİ-95-ə tələbat azalıb. 2023-cü ildə Azərbaycan xaricdən ümumilikdə 86 min ton Aİ-95 markalı benzin alıb. Məsələn, 2022-ci ildə 13,5 faiz çox məhsula ehtiyac olmuşdu. Özü də nəzərə almaq lazımdır ki, onda ilin yarısı yeni qiymətlə keçmişdi. 2022-ci ilin ikinci yarısında sürücülər Aİ-95-dən daha az istifadə etməyə çalışmışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.