"Uzun, incə bir yol"da dirilərin "ölü yarışı"... - El-oba nə deyər, camaat necə baxar?!

8-06-2024, 17:14           
"Uzun, incə bir yol"da dirilərin "ölü yarışı"... -
"Çoxluq - mal-dövlət, oğul-uşaq və qohum-əqrəba çoxluğu ilə öyünmək sizi o qədər şirnikləndirdi, başınızı o qədər qatdı ki, hətta məzarlarda yatan ölülərinizi sayıb, onların da çoxluğu ilə fəxr etməyiniz üçün qəbirləri ziyarət etdiniz". (Təkasur surəsi, 1-2-ci ayələr)

Bu gün günorta avtobusda yaşlı bir kişinin yanında oturdum, yaşı 70-dən çox olardı. Avtobus dairəni dönüb, körpünün üstünə çıxanda, günəş işığı pəncərədən onun üzünə şığıdı. Sifəti necə yanırdısa, gözlərini yumub, başını saldı aşağı. Dedim, "əmi, gəl, yerimizi dəyişək, mən buraları tanımıram, pəncərəyə yaxın otursam, daha yaxşı olar, düşəcəyim yeri vaxtında bilərəm". Yerimizi dəyişdik. Gördüm ki, çox sevindi. İstədi, gedəcəyim ünvana köməklik eləsin və beləliklə, söhbət başlatdı. Yolda uzun-uzun söhbətləşdik, ünvan qaldı bir kənarda, kişi bütün ürəyini mənə açdı. Bu qısa yolçuluqda onunla nəvə-baba olduq. Sizə onu deyim ki, heç bir psixoloqla etdiyiniz söhbət yaşlı bir insanla etdiyiniz söhbətin yerini verə bilməz. Yaşlılarla edilən söhbətin bərəkəti, kəraməti bir ayrı olur...

Nəhayət, şirin keçən bir həyatın söhbəti öz yerini acı həqiqət olan ölümə verdi. Bu dəfə O, yazıçı qızından, Məşğulluqda çalışan oğlundan, rayondakı müxtəlif meyvə ağaclarından saldığı al-əlvan bağından və həyatını şirinləşdirən nəvələrindən yox, Ona məndən daha yaxın oturmuş "ölüm"dən danışdı. Dedi, "Ölümdən qorxmuram, o haqdır. Bizim millət evliliyə "xeyir", ölümə isə "şər" adını qoyub, amma elə deyil. Ölüm "şər" yox, haqdır. Şərr olan, həyatın özüdür. Bax, bəlkə də bir neçə ay və ya il ömrüm qalıb. Ölsəm, bilirəm ki, mənim canım bəlkə də qurtulacaq. Amma olan sevdiklərimə, ailəmə, yaxınlarıma olacaq. Gedib molla çağırmalıdırlar, çadır axtarmalıdırlar, "xeyir-şər" evi ilə qiymət danışmalıdırlar. Hələ məni yuyana, qəbrimi qazana, daş yonub hazırlayana pul tökməlidirlər, 3-7-40 il yas saxlamalıdırlar, hər mərasimdə gəlib-gedəni yedirməlidirlər. İmkan baxımından vəziyyətimiz pis deyil, çox şükür. Amma mənim ölümüm bu gözəl ailəmi digər insanlar kimi başqaları ilə "bəhsə-bəhs" içinə salacaq və onlar da bu mənasız girdabın içində əriyib gedəcəklər. Həyatım boyu dindar olmamışam, amma öldüyüm gün inanmadığım bu din mənə gör ki, necə çətinlik yaradır. Daha doğrusu, mənə yox, ailəmə. Ölümün sabah gələcəyini bilsəm, sabah evdən çıxıb gedərəm. Qqoy, desinlər ki, "yaşlı kişi evindən çıxdı, itkin düşdü". Bilim ki, mənə görə ailəm mərasim, "bəhsə-bəhs" dərdi çəkməyəcək".

...Kişi məndən öncə düşüb getdi, içimdə bir sınıqlıq yarandı. Olur ki, bəzən qəlbimizə saniyələr ərzində qəfil gəlib, tez yoxa çıxan bir kədər çökər və o, üzümüzə də yansıyar. Bax, elə bir hiss yaşadım - "Daha Onu bu dünyada bir də heç vaxt görməyəcəksən". Nəsihətini etdi, ölümü mənə xatırlatdı və ölümün apardığı kimi, məndən ayrılıb getdi.

Ona "Ay baba, ay əmi, vallah, billah, elə deyil. Ölümdən çəkinmənə səbəb olacaq o şeylərin heç biri İslamın, Allahın hökmü deyil. İnsanlar öz ciblərini, qarınlarını, mənafelərini güdən nə qədər mənasız adətləri varsa, hamısını İslamın, Allahın üzərinə yıxıblar. Qazanc onlara çatır. Qarğış da, söyüş də qərib olan İslamın üzərinə qalır" - deməyi çox istədim, amma kişi bir ucdan danışırdı deyə, mən fikir bildirə bilmirdim. Aramızda keçən bu söhbət bir yuxu kimi bir anın içində bitdi və yanımdakı oturacaq boş qaldı...

Ey, insanlar! Allahın "sizin üçün asanlaşdırdım" dediyi dini niyə özünüzə çətinləşdirirsiniz? Niyə İslamda olmayanı ona nisbət edirsiniz? Niyə Allaha, kitabına və peyğəmbərinə böhtan atırsınız? Niyə dində olan və olmayan bütün insanları bu dindən iyrəndirir, çəkindirirsiniz? Biri atasını, anasını, övladını, yoldaşını itirir, onun ağrı-acısı zatən bu adamın qəlbini durdurmasına, infarkt keçirməsinə yetəcəyi halda, niyə bir də onun belinə "bəhs yarışı" yükləyirsiniz? Axı, hamımız bilirik ki, yaxını vəfat edib, mərasim çadırı qura bilməyən, süfrəsində bozbaş, aş, plov verə bilməyən, 3-7-40, il saxlamağa imkanı çatmayan, ölüsünə "abidə" qoya bilməyən insanlar da var. Onlara pis ləqəblər taxır, onları hansı formada alçaldır, qürurunu, mənliyini və ləyaqətini tapdalayırsınız..

Adamın yaxını dünyasını dəyişir, düşünməkdən ki, "indi onun evində yemək bişirəni yoxdur, bir qab yemək bişirək, aparaq. Gedək, nəyinsə qulpundan tutaq, bir köməyimiz dəysin", bunu etmirik, amma Ondan mərhumun xatirəsinə mərasim təşkil etməyi, süfrəyə çeşidlərlə yemək düzməsini dörd gözlə gözləyirik. Çox vaxt elə özümüz də bu "yarış"ın bir hissəsinə çevrilir, "etməsək, insanlar nə deyər?!" təfəkkürü ilə bəhsə-bəhs edirik. Açdığımız süfrə ilə, mərasim evinin böyüklüyü, baş daşının əzəməti ilə öyünürük. Ölüyə öldükdən sonra "can" verməyə can atırıq. Bədbəxtlik burasındadır ki, bütün bunlarla heç bir əlaqəsi olmayan İslamı bu rəzil yarışa alət edir, bu mənasız bəhs yarışını cib dolduran və "hörmət qaldıran" adət-ənənəni Allahın və peyğəmbərinin adına yazırıq. Bu, din deyil. İslam, bütün bu böhtanlardan uzaq və pakdır. Vəfat edən biri üçün üç gün yas saxlamaq kifayət edir. Bu üç gün ərzində süfrə salmaq, mərasim evi təşkil etmək, mollaya Qurani-Kərim oxutmaq, qaya boyda başdaşı hazırlamaq, cöngə kəsmək, kabab vermək (ki, o da bu gedişlə yaxında olacaq) kimi İslamın ayağına yazılan adətləri diriltmək qətiyyən yolverilməzdir, günahdır və özünə müsəlman dəyən heç kəsə yaraşmaz.

Özü cahil olub, sözü "alim" qəbul edilən "hörmət" sahibləri Allahın dinini elə vəziyyətə gətirib çıxardılar ki, insanlar ölməmişdən öncə dəfələrlə "ölüb-dirilir". Ölüm ayağındakı insan bankdakı kreditlərini və özündən sonra təşkil ediləcək yas mərasiminin xərclərini hesablayır, dünyadan köç etmədən öncə bu dünyada özünü mənəvi məhv edir.

Sırf bu davranışlara görə, özü-sözü cahillərin dinə dayadıqları adət-ənənələrə görə bu gözəl din hər dövrdə qərib oldu, kənarlaşdırıldı, ona "din, elmdən ayrıdır, din dövlət ayrıdır, din müasirlikdən ayrıdır" kimi zülmkar ifadələr yükləndi. Halbuki İslam, asanlıq, təvazökarlıq, təfəkkür, yaxşılıq, münasibət və gözəllik dinidir. Yer üzündə elə bir sahə yoxdur ki, İslam oranı gözəlləşdirə bilməsin.

Çox uzun yazmışam, amma anlayışla qəbul ediləcəyini umuram. Çünki burda böyük bir böhtanın onillərdir gətirdiyi bədbəxtlikdən bəhs edilir. İnsanlar dinin meyarı deyil. Onu öyrənmək istəyənlər kitabı Qurani-Kərimdən öyrənsinlər. O kitab isə "servantüstü" olmaq üçün yox, qəlbimiz və beynimiz düşünsün, nəsihət və ibrət alsın deyə göndərilib.

Mətin Şükürlü, Bizimyol.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.