Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatına mütamadi olaraq verilən suallardan daha biri...
10-06-2024, 07:24
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatına mütamadi olaraq verilən suallardan daha biri:
İşdən sonrakı dövr ərzində, eyni zamanda iş və əmək əlaqədar olmayan münasibətlərlə əlaqədar işçilərin hər hansı bir əmək intizamı məsuliyyəti varmı, bu hallara görə İşəgötürən və ya onun vəzifəli şəxsi tərəfindən işçinin şifahi və yazılı İzahat verməsi tələb oluna bilərmi?
Bununla əlaqədar bildirirəm ki, əlbəttə hər bir idarə, müəssisə və təşkilat rəhbərlərinin və ya İşəgötürənlərin arzusudur ki, onların işçisi və ya əməkdaşları həm iş yerlərində, həm də ictimai həyatda peşəkar olsun, nümunəvi işçi olsun, həm iş yerində, həm də ictimai həyatda nümunəvi həyat tərzi keçirsinlər. Lakin:
1. Nəzərə almaq lazımdır ki, hər bir əmək münasibətləri, o cümlədən də işəgötürənlə işçi arasında olan əmək münasibətləri yalnız Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir Yəni, Əmək Məcəlləsi, yalnız əmək münasibətlərini tənzimləyir, şəxsi, ailə və digər münasibətləri tənzim etmir.
2. AR-n Əmək Məcəlləsinə əsasən isə əmək münasibətləri - Əmək Məcəlləsində, əmək qanunvericiliyində, Kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə - işçi arasında qarşılıqlı razılıq əsasında müəyyən edilən münasibətlərdi
3. İşçinin, iş vaxtından sonrakı dövrdə və işə aid olmayan ailə, məişət, davranış və sair münasibətlərinin isə İşəgötürənə heç bir aidiyyatı yoxdur, bu münasibətlərə qarışa bilməz, qarışarsa isə bu işçinin şəxsi və ailə işlərinə qarışmaq və ya müdaxilə etmək kimi qiymətləndirilir.
4. Nə AR-nın Əmək Məcəlləsində, nə də əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə, digər normativ hüquqi aktlarda, eyni zamanda müəssisənin Nizamnaməsindı və ya Əsasnaməsində işəgötürənun, işçinin şəxsi və ailə işlərinə müdaxilə edə bilməsi barədə maddi hüquq normaları nəzərdə tutulmamışdır.
6. İşçi, iş vaxtından sonrakı hərəkətlırinə görə o vaxt əmək intizamı məsuliyyəti daşıyır və ya ondan yazılı İzahat verilməsi tələb oluna bilər ki, bu hərəkətlər bilavasitə işlə və ya əmək münasibətləri ilə əlaqədar olsun.
7. İşçinin iş vaxtından sonra və işə aid dövrə aif olmayan ailə, məişət, davranış və sair münasibətlərinə görə etdiyi qanunsuz hərəkətlərə və ya davranışlara görə müvafiq məsuliyyətə cəlb etmək səlahiyyəti isə İşəgötürənə deyil, müvafiq hüquq mühafizə və məhkəmə orqanlarının səlahiyyətlərinə aiddir.
8. İşçidən yazılı İzahat verməsi tələbi, onun ehtimal olunan əmək intizamını pozması məqsədi ilə və bu barədə onun şəxsi fikrini almaq məqsədilə edilir. İş vaxtından sonra və işə aid olmayan ailə, məişət, davranış və sair münasibətlərinə görə İşəgötürən tərəfindən İşçidən yazılı və ya şifahi İzahatın tələb edilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblətini ziddir. Belə ki:
9. İş vaxtından sonra və işə aid olmayan ailə, məişət, davranış və sair münasibətlərinin isə əmək münasibətlərinə heç bir aidiyyatı yoxdur, bu münasibətlər əmək münasibətləri deyil.
10. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, Əmək Məcəlləsinin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehlərindən birini verə bilər. İntizam tənbehi verməmişdın əvvəl isə yazılı İzahatını tələb edib ala bilər.
11. İşçidən yalnız: iş vaxtı ərzində, bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi hallarında yazılı İzahatın verilməsi tələb edilə bilər.
Yekun olaraq bildirmək istəyirəm ki, hər bir idarə, müəssisə və təşkilatlarda: istehsalat fəaliyyətinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və digər normativ hüquqi aktların tələblərinə uyğun həyata keçirilməsini təmin etmək bu sahədə çalışan hüquqşünasların əsas vəzifələrindən biridir. Məhz hüquqşünaslar bu hallarda öz vəzifələrinə uyğun hərəkətlır etməyə məcburdurlar.
Mənim əvvəllər işlədiyim idarə rəisinin mənə ilk göstərişi bu olmuşdur: İdarədə hər bir işçi öz şəxsi fikrini deyə bilər, yalnız hüquqşünasdan başqa, hüquqşünas isə öz şəxsi fikrini deyil, qanunları deməyə borcludur.
Azər Quliyev.
TEREF