Dəbdəbəli Əlifba bayramı neçəyə başa gəlir? - AKTUAL
10-06-2024, 10:18
Artıq bir neçə gündür birinci sinfi bitirən şagirdlərin Əlifba bayramı tədbirləri keçirilir. Övladının ilk sinfi uğurla başa çatdırmasına sevinənlərlə yanaşı, bu gündən izafi xərclərə görə gileylənənlər də var.
Axar.az xəbər verir ki, sosial şəbəkənin məktəb valideynləri və müəllim seqmentindən ibarət bəzi qruplarında bu kimi tədbirlərdə həddən artıq yüksək vəsaitdə xərcləmələrə yol verildiyi bildirilir.
Belə ki, restoranda ana-bala menyüsü 85 manat, məzun albomu 65 manat, keçirilən tədbir üçün nəzərdə tutulmuş ümumi uniforma 40 manat, eyni zamanda rəqs kompozisiyaları üçün milli geyim, əsgər uniformalarının kirayəsi, tort, gül və digər planlanmalara xərclənən vəsait hər bir valideynin maddi gücü ilə üst-üstə düşmür. Bəzi valideynlər isə övladı Əlifba bayramı tədbirlərində digərlərindən geri qalmasın deyə borca girdiklərini də bildirirlər.
Mövcud vəziyyətin valideyn komitələrinin planlaması əsasında yarandığını deyən təhsil eksperti Elçin Əfəndi bu duruma nəzarətin demək olar ki, imkansız olduğunu bildirib:
“Müxtəlif adlar altında birinci siniflərin məktəbi bitirmələri ilə bağlı bu bayram tədbirləri istənilən halda keçirilir. Burada isə müəyyən elementlər var: şagirdlər rəqs edəcəksə, valideynlərin razılığı ilə milli geyimlər, əsgər uniformaları icarəyə götürülür. Müəyyən valideynlər var ki, fəsillər boyu vinetka çəkilişinə gedilməsi, tədbirin restoranda xüsusi formada keçirilməsi və sair məsələlər üçün təşəbbüs irəli sürürlər. Ailələrdən biri imkanlıdır, onlar bütün bu prosesləri həyata keçirə bilirsə, digərinin imkanı çatmır, məcburiyyət qarşısında qalaraq, övladı bulinqə məruz qalmasın deyə maddi itkiyə gedir. Burada məktəbin, nazirliyin heç bir rolu olmadığı üçün məsələni hansısa formada tənzimləmək də çətinləşir. Bütün bunlar məhz valideyn və şagirdlərdən asılı olaraq dəyişən prosesdir”.
O bildirib ki, məsələnin həll yolu valideyn komitələri ilə danışmaq, lazım gələrsə, komitə rəhbərlərini dəyişməkdir:
“Düşünürəm, burada regionun təhsil idarəsi, eləcə də məktəb direktoru bu barədə təlimat verməli, məsələni ciddi nəzarətdə saxlamalıdır. Məktəb rəhbərliyi valideyn komitələrinə konkret məlumat verməlidir ki, sizin hər hansı bir təşəbbüsünüz məktəbin imicinə xələl gətirməsin, yüksək məbləğdə pul yığılmasın və sairə”.