Vergi orqanı tərəfindən “vergi ödəyicisinin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə məhkəmələrə ünvanlanan ərizələrin təmin edilməməsi və ya hansı istisna hallarda təmin edilməsi barədə Ali Məhkəmənin m
12-08-2024, 13:04
(Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir)
Tərcübədə 1-ci instansiya məhkəmələri (Kommersiya Məhkəmələri) Vergi orqanının “vergi ödəyicisinin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə məhkəməyə ünvanladığı ərizələrinə (xüsusi icraat qaydasında) baxır və əksər hallarda təmin edir.
Lakin Azərbaycan Respublikası Ali Məhkəməsi “vergi öhdəliyi olan vergi ödəyicisinin ( fıziki şəxsin və ya hüquqi şəxsin) icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” ilə bağlı Vergi orqanının ərizəsinin 1-ci instansiya məhkəmələri tərəfindən təmin edilməsinin qanunvericiliyə zidd olduğu halları bildirərək, həmin ərizələrin hansı istisna hallar da təmin edilməsinin vacib olduğunu qeyd etmişdir.
Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi qeyd edir ki, Vergi Məcəlləsinin 65 və 89-cu maddələrində vergilər üzrə borcların alınması qaydasını nəzərdə tutulmuşdur. Vergi orqanı məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün hansı tədbirlər görməsini ( vergi ödəyicisindən tələb olunan vəsaitin şəxsin hesablarından silinməsi üçün müvafiq banklara müraciət etməsi, onlardan vəsaitin çatışmazlığına dair cavablar alması, vergi ödəyicisi olan hüquqi şəxsin əmlakının üzərinə ixtisaslaşdırılmış açıq hərracdan satılması məqsədilə həbs qoyulması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) məhkəməyə təqdim etməlidir.
Ali məhkəmə qeyd edir ki, maraqlı şəxsin yəni vergi öhdəliyi olan vergi ödəyicisinin (fıziki şəxsin və ya hüquqi şəxsin) icra orqanının rəhbərinin vergi borcu olduğu halda da ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl onun vergi borcunun ödənilməsi ilə bağlı mülkiyyətində kifayət qədər daşınar və daşınmaz əmlakların, o cümlədən pul vəsaitlərinin olub-olmamasını da araşdırmalıdır. Çünki Vergi orqanı maraqlı şəxsin “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” ilə bağlı məhkəməyə müraciət eməzdən əvvəl onun mülkiyyətində olan daşınar və daşınmaz əmlaklar, o cümlədən pul vəsaitləri üzərində müəyyən məhdudiyyətlərin qoyulması ilə bağlı müvafiq addımlar ata bilər.
Eyni zamanda Ali məhkəmə bildirir ki, maraqlı şəxsin borcları olduğu halda onun əmlakının siyahıya alınması və ya əmlakın siyahıya alınması üçün tədbirin görülməsi, əmlakının olmaması ilə bağlı rəsmi sənədlərin alınması, Vergi Məcəlləsində nəzərdə tutulan digər tədbirlərin Vergi orqanı tərəfindən tətbiq edilməsi və onların tətbiqinin nəticə verməməsi barədə sübutlar ərizə ilə birlikdə məhkəməyə təqdim edilməli və yalnız bundan sonra ölkədən getmə hüququnun məhdudlaşdırılmasının tətbiqinin zəruriliyi əsaslandırılmalıdır.
Ali məhkəmənin mövqeyi ondan ibarətdir ki, hazırkı qəbildən olan işlərin həllində vergi orqanları və məhkəmələr tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir və hər bir halda belə məhdudiyyətin tətbiq edilməsi mütənasiblik meyarına cavab verməlidir. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir. Bu, ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının tələbidir. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
Ali Məhkəmə xüsusilə vurğulayır ki, qanunvericilikdə vergi öhdəliyinin təmin edilməsi ilə bağlı vergi orqanlarının səlahiyyətli olduqları məcburiyyət tədbirlərinin seçilməsi zamanı “növbəliliyə” riayət edilməsi barədə hər hansı müddəa nəzərdə tutulmamışdar. Lakin belə bir müddəanın olmaması, ilkin mərhələdə istənilən növ məcburiyyət tədbirinin tətbiq edilməsi imkanı kimi qiymətləndirilməməlidir. Çünki, hüquqi dövlətin ali prinsiplərindən biri olan mütənasiblik prinsipinin tələbinə görə, hüquqa müdaxilənin yolverilən hesab edilə bilməsi üçün onun qanuni məqsədə yönəlməsi öz-özlüyündə kifayət deyildir, bu zaman həm də müxtəlif toqquşan maraqlar arasında ağlabatan və ədalətli tarazlığa da əməl olunmalıdır.
Mülki prosessual qanunvericiliyin sübutetmə haqqında tələblərinə əsasən də Vergi orqanı vergi ödəyicisinin bank hesablarına müvafiq sərəncamların qoyulmasına, eləcə də ona məxsus əmlaklar barədə hər hansı məlumatın əldə edilməsinin mümkünsüz olmasına dair sübutları işin faktiki hallarını araşdıran və sübutları qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələrə təqdim etməlidir.
Ali Məhkəmə hesab etmişdir ki, məhkəmələr tərəfindən şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırması üçün borcun həcmi, onun sabitliyi və ya proqnozlaşdırıla bilən dinamik artımı, yəni müəyyənliyi və vergi ödəyicisinin borc məbləği üzrə digər halları nəzərə alınmalı, mütənasiblik prinsipi əsas götürülməklə mübahisəyə lazımi qaydada hüquqi qiymət verilməlidir.
Elkhan A. Askarov
TEREF