Bazarda od tutub əl yandıran qiymətlər....

14-08-2024, 15:48           
Bazarda od tutub əl yandıran qiymətlər....
Yay fəslinin bitməsinə az qalsa da mövsümü meyvə və tərəvəzlərin qiymətində ucuzlaşma müşahidə edilmir. Əksinə bir neçə gün öncə xiyarın kiloqramı 60-80 qəpiyə satılırdısa, hazırda 2.30-2.50 AZN-ə təklif olunur. Həmçinin, mövsümü meyvələr, gavalı, göyəm, üzümün də qiyməti qışdakı qiymətlərə yaxındır. Göyərtinin də qiymətində heç bir dəyişiklik yoxdur.

Bəs qiymətlərin baha olmasına səbəb nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan aqrar sahə üzrə ekspert Akif Nəsirli deyib ki, buna səbəb yaz-yay aylarında havaların qeyri-sabit və əlverişsiz keçməsidir:

“Məsələn, güclü külək meyvələri budaqlara çırparaq zədələyib, kal meyvə zədələndikdə isə yetişənədək həmin zədə də böyüyür və meyvəni çürüdür. Dolu da eyni mənfi effekti verir. Havaların sərin keçməsi də meyvənin yetişməsini ləngidir. Bu zaman da zədələr inkişaf eləmək üçün zaman qazanır və nəticədə məhsuldarlıq azalır”.

O, həmçinin meyvə və tərəvəz yığımında da çətinliyin olduğunu qeyd edib:

“Bu gün meyvə və tərəvəzin baha olmasının, ucuzlaşmamasının səbəbi hazırda mövsümü meyvə-tərəvəzin bazarlara kütləvi şəkildə çıxa bilməməsi ilə bağlıdır. Əvvəllər yay aylarında meyvə-tərəvəz kütləvi şəkildə yetişir və bazarlara çıxarılırdı. Təklif tələbi üstələyirdi. Amma indi yayda da yağış, dolu yağır, külək əsir. Yağış yağanda meyvə və tərəvəzin yığılması, tədarükü çətinləşir. Az məhsul yığılır və bazarlara da az məhsul çıxarılır. Məhsuldarlığın aşağı olması, yığım üçün havanın əlverişsiz olması sayəsində bazara az məhsul çıxır. Tələbat ödənmədiyi üçün də qiymətlər bahadır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.