ƏN-in qanunvercilik baş idarəsinin anlaşılmaz cavabı -Ədliyyə Nazirliyi “e- hökumət” sistemini boykot edir ?!
5-09-2024, 00:07
Müraciət etmək hüququ Konstitusiyanın 57-ci maddəsi ilə təminat verilən
əsas insan və vətəndaş hüquq və azadlıqlarındandır. Dövlətin ən yüksək
hüquq qüvvəsinə malik olan Ana Qanununun sözügedən maddəsinin I
hissəsində hər bir müraciətə qanunla müəyyən olunmuş qaydada və
müddətlərdə yazılı cavab verilməli olması yazılıb. “Vətəndaşların
müraciətləri haqqında” 30.09.2015-ci il tarixli qanunun 3.0.11-ci bəndində
yazılı müraciətin kağız üzərində və ya elektron formada tərtib
olunmuş müraciət olduğu; 3.0.12-ci bəndində elektron müraciətin
müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron
ünvanına göndərilən və ya rəsmi internet saytı vasitəsilə daxil edilən
müraciət olduğu doğrulanıb. Qanunun 7.6 maddəsinə görə, elektron
müraciətə müraciət edənin göstərdiyi elektron ünvan vasitəsilə
ELEKTRON QAYDADA və ya müraciət edənin XAHİŞİ İLƏ poçt vasitəsilə
yazılı cavab verməklə baxılır.
Konstitusiyanın, qanunun tələblərini vurğulamaqda amacımız dövlət
orqanlarının, onların vəzifəli şəxslərinin qanunvericiliyə, konstitusion
hüquqa sayğısızlığını diqqətə çatdırmaqdır. Hansısa dövlət qurumunun
Konstitusiyadan, qanundan bilgisizliyi mümkündürmü? Təbii ki, ritorik
sualdır. Di gəl, hətta hüququn, qanunun qorunmasına təhkim edilən
qurumların müraciətlərə baxmaqda qanunsuzluqları ciddi rahatsızlıq
doğurur. Bəyəm prokurorluğun, məhkəmənin texniki heyətinin, ədliyyə
orqanlarının qanundan soraqları yoxdur? Vətəndaş elektron qaydada
müraciət etdiyi halda, niyə poçtla cavab verilir? Hələ bu cavabın
mahiyyətcə qanunsuzluğunu bir yana qoyaq.
Ədliyyə Nazirliyinin qanunvericilik baş idarəsinin rəisi Elçin Nəsibovun
poçtla 04.09.2024-cü ildə göndərdiyi 28.08.2024-cü ildə imzalanan
elektron sənədin surətindən nəsə anlamaq mümkün deyil. Bəlkə ədliyyə
naziri, bağlantılı qurumlar, oxuyanlardan kimsə anlaya bildi, görəsən baş
idarə rəisi Mülki Prosessual Məcəllənin 151-153-cü maddələrini köçürməklə
nə demək istəyir? Bu cavab vətəndaşın hansı müraciətinədir? Deyəsən,
hansısa məhkəmə özbaşınalığı ilə bağlıdır. Axı (mərkəzi) icra hakimiyyəti
orqanı olan Ədliyyə Nazirliyinin məhkəmə hakimiyyətinin funksiyasına aid
olan məsələyə baxması Konstitusiyaya ziddir. Aha, bəlkə də “it ilində”ki
sorğuya “əjdaha ilində” verilən gecikmiş cavabdır, nə bilək, nə anlayaq?
Anladıq ki, ƏN-in elektron poçtuna müraciətlərə qadağa qoyulub, axı
həmin hökumət poçtundan müraciətlərə ki qadağa yoxdur! Niyə
qanunvericiliyin tələbinə uyğun vətəndaşın elektron poçtuna cavab
verilmir?
Görəsən, baş idarə rəisi özü bu cavabından nəsə anlaya bilir? Sualln
cavabını elektron qaydada gözləyirik.
Məğrur Bədəlsoy