"Hər 100 dollardan təxminən 50 dollarını İtaliyadan əldə edirik" - İqtisadçı-ekspertdən İDDİA
5-09-2024, 15:18
“Bəzi ölkələrin adını daha çox hallandırıb İtaliyanın adını dilə çox gətirməsək də, İtaliya Azərbaycan üçün ən vacib ölkələrdən biridir”
Bunu Moderator.az-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.
“Bunun bir çox aydın görülən və görünməyən səbəblərı vardır. Görünən səbəblərdən biri odur ki, Azərbaycan qazandığı hər 100 dollardan təxminən 50 dollarını İtaliyadan əldə edir. Başqa sözlə, təkcə ötən il, yəni 2023-cü ildə Azərbaycanın 220-dən çox ölkə ilə ticarət aparması nəticəsində ölkəmizə 33,8 milyard dollar vəsait daxil olub ki, bunun 15,2 milyard dolları İtaliyanın payına düşür. Bu fantastic nisbətdir. Yəni Azərbaycana 200-dən çox xarici ölkədən daxil olan pulu tərəzinin bir gözünə, təkcə İtaliyadan daxil olan pulu digər gözünə qoymaq olar: Obraz 200=1.
Ticarət dövriyyəsinin detallarına gəldikdə isə onun ən yüksək həddi 2008-ci ildə olmuşdur. Bunun da əsas səbəbi məhz həmin il Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin bu günə qədər olan tarixi rekord vurması olmuşdur. Belə ki, 2008-ci ildə bu dövriyyə 54,9 milyard dolları ötmüşdür. Həmin il İtaliya ilə olan ticarət dövriyyəmiz də tarixin ən yüksək göstərici olaraq 19,4 milyard dolları keçmişdir.
Bundan sonra 7 il ərzində azalmalara o qədər baş vermişdir ki, 2015-ci ildə İtaliya ilə ticarət dövriyyəmiz 7 dəfəyə qədər azalaraq 2,8 milyard dollara düşmüşdür. Lakin bunun ardında davamlı artım dinamıkası nəticəsində 2022-ci ildə iki ölkə arasında 18,1 milyard dollarlıq ticarət edilmişdir. Ötən il isə bu dövriyyə 2,5 milyard dollar azalaraq 15,6 milyard dollar olmuşdur. Lakin burada bir məsələni qeyd edim ki, bu azalma ticarət münasibətlərinin azalması deyildir. Əsas səbəb qaz qiymətlərinin azalması idi. Rusiya-Ukrayna müharibəsinə görə 2022-ci ildə hədsiz yüksələn qaz qiymətləri səbəbində dövriyyə 18 milyardı keçmiş, sonrakı ildə qiymətlərin sabitləşməsi səbəbindən 15,6 milyardda qərarlaşmışdır.
Ən əsas məsələlərdən biri isə idxal və ixrac arasındakı nisbətdir ki, burada da çox böyük müsbət fərq vardır. Dövriyyənin 98 faizini bizim ixracımız təşkil edir.
Təbii ki, Azərbaycan da İtaliya üçün çox önəmli ölkədir. İtaliyanın idxalında Azərbaycan Türkiyəni belə qabaqlayaraq 12-cü yerdə qərarlaşıb. Buna görə də Cənubi Qafqaz ölkələri ilə apardığı ticarətin 90 faizdən çoxu Azərbaycanın payına düşür. Hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və digər sahələrdə 100-dən çox İtaliya şirkəti fəaliyyət göstərir.
Prezident İlham Əliyevin 2020-ci ili ilin fevral ayında İtaliyaya dövlət səfəri zamanı “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” də imzalanmışdır. Bunun da nəticəsidir ki, İtaliya şirkətləri işğaldan azad olunan ərazilərdə aktiv fəaliyyət göstərirlər. İtaliya şirkətlərinin gördüyü işlər miqyasına görə Türkiyə şirkətlərindən sonra ikinci yerdədir.
Cənab Prezidentin İtaliyaya bu səfəri isə heç şübhəsiz ki ölkələr arası olan siyasi-iqtisadi münasibəti daha da inkişaf etdirəcəkdir. Eyni zamanda iqtisadi münasibətlərdə hökmran olan neft-qaz amilini tədricən əvəzləyəcək yeni istiqamətlər üzrə irəliləyişlər əldə olunacaqdır”.