Milyonlarla əhalisi olan Bakıya gündəlik 130 təcili yardım maşını YETƏRLİDİRMİ?

5-09-2024, 17:47           
Milyonlarla əhalisi olan Bakıya gündəlik 130 təcili yardım maşını YETƏRLİDİRMİ?
Təcili tibbi yardım avtomobillərinin gecikməsi əksər vətəndaşların şikayətçi olduğu problemdir. Bununla bağlı xüsusilə, sosial mediada edilən paylaşımlara, narazılıqlara tez-tez rast gəlinir.

Nəzərə almaq vacibdir ki, təcili yardımın mənzil başına vaxtında çatması həyatı əhəmiyyətə malikdir. Bəzən bir dəqiqə gecikmə belə insan həyatı bahasına başa gəlir.

Bəs problem nədən qaynaqlanır?

Məsələ ilə bağlı TƏBİB-dən Bizim.Media-ya verilən məlumata görə Bakı şəhəri üzrə gündəlik olaraq 120-130 civarında ambulans xəttə buraxılır:

“Mütəmadi olaraq ambulans parkı genişləndirilir və briqadaların sayı artırılır. Bütün ölkədə icbari tibbi sığortanın tətbiqindən sonra ümumilikdə 349 təcili tibbi yardım avtomobili alınaraq ehtiyaca uyğun olaraq periferiya üzrə paylanılması təmin edilir.

Bakı şəhəri üzrə gündəlik olaraq 120-130 civarında ambulans xəttə buraxılır. Əlamətdar günlərdə beynəlxalq və yerli genişmiqyaslı tədbirlər zamanı bu say 150-dək artırılır. Bundan əlavə, təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının yerləşdirilməsinə yenidən baxılır və əlavə məntəqələrin təşkil olunması nəzərdən keçirilir”.

Bəs 3 milyondan çox əhalinin yaşadığı paytaxtda 120-130 təcili tibbi yardım avtomobilinin xəttə buraxılması yetərlidirmi?

Həkim Aydın Əliyevin sözlərinə görə, təcili tibbi yardım avtomobillərinin sayının artırılmasına ehtiyac var:

“Təcili tibbi yardım maşınlarının gecikməsi 2 səbəbdən qaynaqlanır: İlk növbədə, yollardakı problemlər də ambulansların fəaliyyətinə mənfi təsir edir. Təbii ki, Bakı kimi əhalisinin sayının normadan çox olduğu şəhərdə 120-130 təcili tibbi yardım maşını bəs etmir, bu say 2-3 dəfə artırılmalı, təqribən 400-500-ə qaldırılmalıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.