Deputat seçilməsələr də, deputat maaşının 80 faizini alacaqlar - SİYAHI
5-09-2024, 18:04
Sentyabrın 1-i Milli Məclisə növbədənkənar parlament seçkiləri keçirilib. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb. İlkin nəticələrə uyğun olaraq dairələr üzrə lider namizədlər müəyyənləşib.
Dia-az.İnfo Modern.az-a istinadən xəbər verir ki, VI çağırışda deputat seçilən 121 nəfərdən 89-u yenidən mandat qazanıb. 2020-ci ildə seçilən 3 deputat vəfat edib, 3 nəfər vəzifəyə təyin edilib, 1-i isə həbs edilib. Vəzifəyə təyin edilənlərdən Şahin Seyidzadə isə sentyabrın 1-də keçirilən seçkilərdə yenidən deputat seçilib.
Beləliklə, VI çağırış Milli Məclisin 26 deputatı mandatsız qalıb.
Sabiq deputatlardan bəzilərinə iş tapana qədər bir il müddətində müavinət veriləcək.
Belə ki, Milli Məclisinin “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna əsasən, səlahiyyət müddəti qurtardıqdan sonra sabiq deputat işə düzələnədək 1 il müddətində hər ay deputatın aylıq vəzifə maaşının 80 faizi məbləğində qanunvericiliklə müəyyənləşdirilmiş qaydada müavinət alır.
Bundan başqa, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Milli Məclisin iclaslarında üzürsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla, deputatın, sabiq deputatın və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
Beləliklə, sözügedən müddəaya əsasən, aşağıdakı şəxslər iş tapana qədər 1 il müddətinə müavinət ala biləcəklər:
- Vasif Talıbov
- Cəbi Quliyev
- Elnur Allahverdiyev
- Əliabbas Salahzadə
- Etibar Əliyev
- Emin Hacıyev
- İltizam Yusifov
- Jalə Əhmədova
- Rüfət Quliyev
- İqbal Məmmədov
- Cavid Osmanov
- Elşad Mirbəşiroğlu
- Nizami Cəfərov
- Kamilə Əliyeva
- Mahir Abbaszadə
- Aqil Məmmədov
Qeyd edək ki, Milli Məclisin VI çağırışının namizəd olmayan 9 üzvü deputat pensiyası alacaqlar.