Maaş kartları ilə kredit götürənlərə XƏBƏRDARLIQ - Qaydalar sərtləşdirilir

6-09-2024, 00:09           
Maaş kartları ilə kredit götürənlərə XƏBƏRDARLIQ -
2024-cü ilin II rübündə sorğunun nəticələrinə əsasən cəmi istehlak kreditləri üzrə kredit standartlarında dəyişiklik nəzərə çarpmasa da, kredit kartları üzrə kredit standartlarında sərtləşmə müşahidə edilib. Banklar əvvəlki rübdən fərqli olaraq əməkhaqqı kreditləri üzrə kredit standartlarında dəyişiklik müşahidə etmədiklərini bildirmişlər. Sorğuya əsasən banklar 2024-cü ilin III rübündə əməkhaqqı kreditləri üzrə standartlarda dəyişiklik olmayacağını və kredit kartları üzrə standartlarda sərtləşmələrin yer alacağını proqnozlaşdırırlar.

Sorğu nəticələrinə əsasən, ümumi istehlak kreditlərinə tələb artıb.

Sorğuda iştirak edən respondentlərin cavablarına görə bu artım əsasən əməkhaqqı kreditləri və məişət avadanlıqlarının alınması üzrə verilən kreditlər hesabına olub. Banklar 2024-cü ilin növbəti rübündə ümumi istehlak kreditlərinə tələbdə dəyişiklik olmayacağını proqnozlaşdırırlar.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Əkrəm Həsənli bildirib ki, söhbət yəqin ki, kreditlərin verilməsinin sərtləşməsindən gedir:

“Bu da gözlənilən idi. Çünki banklar yenə də kimə gəldi kredit verməyə başlayıblar. Tək tələbsə odur ki, rəsmi iş yerin olsun. Bəzi bankların hətta reklamına rast gəlinir ki, əmək haqqının 20 mislinədək kredit verirlər. Bu da təbii ki, müəyyən risklər yaradır. Xüsusən də, bankın digər kartı ilə əməkhaqqı alan vətəndaşa bank çox həvəsləndirici təkliflər edir. Hesab edirlər ki, ən pis halda ödəniləcək məbləği əmək haqqından tutacaq. Amma Konstitusiya və Ali məhkəmlərin qərarı var ki, əməkhaqqı bank tərəfindən tamamilə borca tutula bilməz.

Ona görə də müəyyən narahatlıqlar var.

Yəqin ki, bundan sonra kreditlərin verilməsində şərtlər sərtləşdiriləcək. Əmək haqqı kartı olan hər kəsə kredit verilməyəcək. Çox güman ki, bundan sonra vətəndaşın ailə tərkibinə, əmək haqqının miqdarına və digər məqamlara diqqət ediləcək. Ola bilər ki, vətəndaş 2 min manat maaş alsın, lakin onun ailə üzvlərinin sayı 5-6 və daha çoxdur. Bu da o deməkdir ki, 2 min manat onun üçün azdır. Ona görə də əmək haqqı kartlarına görə kreditlərin verilməsində qaydaların sərtləşdirilməsi gözləniləndir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.