Dondurulmuş ətlərə möhtac qala bilərik: İstehsalın azalma səbəbləri
9-09-2024, 00:08
Azərbaycanın ətlə təminatında idxaldan asılılıq artır. Bunu rəsmi rəqəmlər də təsdiqləyir. Məsələn, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycana 30 min 722 ton ət idxal edilib. Dövlət Gömrük Komitəsinin statistikasına görə, bu həcmdə ətin dəyəri 68 milyon 543 min ABŞ dollar təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 6 min 490 ton (26,7 faiz), dəyər baxımından isə 21 milyon 602 min ABŞ dolları (46 faiz) çoxdur.
Hazırda ət idxal etdiyimiz əsas ölkələr Rusiya, Gürcüstan və Qazaxıstandır. Ekspertlər ət idxalının artmasını müxtəlif səbəblərlə izah edirlər. Mütəxəssislərin fikrincə, son illər ölkəmizdə örüş sahələrinin azalması, yem komponentlərinin bahalaşması heyvandarlığın inkişafına mənfi təsir göstərib. Həm iri, həm də xırdabuynuzlu heyvanların saxlanılmasına çəkilən xərclərin 2-3 dəfəyə qədər artması bu sahə ilə məşğul olan sahibkarları profillərini dəyişmək məcburiyyətində qoyub. Bəs görəsən, Azərbaycanın ətlə təminatda idxaldan asılılığın artması risk yaradırmı?
Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.
Adambaşına illik 42 kiloqram ət
Rəsmi statistikaya görə, ölkəmizdə adambaşına düşən illik ət və ət məhsulları 42 kiloqrama yaxındır. Hesablamalara əsasən, bunun 16 kiloqramı mal ətinin payına düşür. Bundan əlavə, qoyun və keçi əti istehlakı adambaşına 9 kiloqram, quş əti isə 15,4 kiloqram təşkil edir. Bu da dünyanın inkişaf etmiş ölkələri ilə müqayisədə aşağı göstərici sayılır. Belə ki, Azərbaycan dünyanın bir çox inkişaf etmiş ölkələrindən ət istehlakına görə, təxminən 40 faiz geri qalır. Adambaşına düşən illik ətin 75-80 faizinin yerli istehsal hesabına qarşılandığı bildirilir.
Yeri gəlmişkən, son illər heyvandarlığa marağın azalması iri və xırdabuynuzlu heyvanların baş sayının azalmasına da səbəb olub. 2024-cü ilin ilk 6 ayında Azərbaycanda inək və camışların, qoyun və keçilərin sayında azalma qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 1,6 faiz, onlardan inək və camışların sayı 1,1 faiz, qoyun və keçilərin sayı 2,6 faiz azalıb. Azərbaycanda quşların sayında da azalma olub. İlin ilk 6 ayında ölkədə 12 milyona yaxın quş olub, bu, ötən illə müqayisədə 0.5 faiz azdır.
Otlaq sahələri azalıb
İqtisadçı-ekspert Cəfər İbrahimli bildirib ki, heyvandarlığın inkişafı Azərbaycan üçün prioritet sahələrdəndir.
Onun sözlərinə görə, 2010-cu ildən etibarən bu sahədə xaricdən asılılığın azaldılması əsas hədəf kimi qoyulub:
"İndiyədək bu istiqamətdə azalmaya nail ola bilməmişiksə, deməli, risklər mövcuddur. Əslində 2010-cu ildən dövlət damazlıq heyvanların ölkəyə gətirilməsinə və intensiv təsərrüfatların yaradılmasına xüsusi vəsait ayırıb. Böyük intensiv təsərrüfatlara iri həcmli kreditlər verilib. Yəni, dövlət üzərinə düşən öhdəlikləri yerinə yetirib. Bu məsələdə əsas problem örüş və otlaq sahələri ilə bağlıdır. Demək olar ki, mövcud infrastruktur yox olmaq həddindədir. Torpaq sahələrinin bitki örtüyünün yaxşılaşdırılması istiqamətində heç bir iş aparılmır. Bütün bunlar əsasən, xırdabuynuzlu heyvanların saxlanılmasında ciddi çətinliklər yaradır. Fermerlər məcburi olaraq yarıyemləmə üsulundan istifadə edirlər. Bu da onların xərcini artırır".
Ekspertin sözlərinə görə, hazırda işğaldan azad olunmuş ərazilərdə yeni örüş sahələri açılıb. Həmin ərazilərdən effektiv istifadə olunarsa, heyvandarlığın inkişafında müsbət dönüş əldə oluna bilər. Mövcud imkanlar hesabına ət idxalını 50-60 faiz azaltmaq mümkündür.
2018-ci ildən bəri ət istehsalı ilbəil azalır
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli qeyd edib ki, Azərbaycanda 2018-ci ildən bəri ət istehsalı ilbəil azalır:
"Son üç ildə bu sahədə antirekord qeydə alınıb. Adətən yay aylarında bir qayda olaraq ətə tələbat azaldığına görə qiymətlər aşağı düşürdü. Çox təəssüf ki, 2023-cü ilin yayından bu ənənə pozuldu. Ət yay aylarında da bahalaşır. Bu il də analoji vəziyyətdir".
A.Nəsirlinin sözlərinə görə, kənd yerlərində örüş yeri olmadığından heyvanlar ancaq tövlələrdə bəslənilir:
"Bu da məhsulun maya dəyərini artırır. Təbii ki, əksər kənd adamları da rəqabətə tab gətirə bilmədilər, heyvanlarını dəyər-dəyməzinə satdılar. Nəticədə istehsal ciddi şəkildə azaldı. Ona görə də əhalinin qırmızı ətə olan ehtiyacı bu gün daha çox idxal hesabına ödənilir. Yəqin ki, ət idxalı artacaq. Bir müddət sonra idxal ətlərini kütləvi şəkildə görəcəyik. Hətta vəziyyət bu şəkildə davam edərsə, 90-cı illərdə olduğu kimi dondurulmuş ətlərə möhtac qala bilərik".
İstehsalın stimullaşdırılmasına ehtiyac var
A.Nəsirli hesab edir ki, ət idxalını azaltmaq üçün yerli istehsalı stimullaşdırmaq lazımdır:
"Hər bir kənd üçün örüş yerləri yaradılmalıdır. Rentabelsiz sahələrə diqqət azaldılmalıdır. İşğaldan azad olunmuş ərazilərin imkanlarından da istifadə edilməlidir. Bildiyimiz kimi, tarixən Laçın, Kəlbəcər yaylaqları heyvandarlıq üçün əlverişli ərazilər olub. Ən azından ilin 3-4 ayını insanlar öz heyvanlarını yaylaqlarda açıq örüşlərdə bəsləyirdi. Həmin örüş sahələri yenidən dövriyyəyə qaytarılsa, əminəm ki, yerli istehsal artacaq".
Turizm sektorunun canlanması ətə olan tələbatı artırıb
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Mircavid Həsənov isə hesab edir ki, ölkəyə idxal olunan ətin həcminin artması istehsalın azalması ilə bağlı deyil. Onun fikrincə, bu məsələyə turizm sektorunun canlanması da təsir göstərib:
"Əslində bizdə kifayət qədər istehsal var. Sadəcə, son illər ölkəmizdə ətə olan tələbat artıb. Ət idxalının artmasında turizm sektorunun canlanmasının da xüsusi rolu var".
Ekspert bildirib ki, Azərbaycan ət idxalını artırmaqla yanaşı, ixracı da artırıb:
"Bu gün Ərəb ölkələrinə, Dubaya ət ixrac edirik. Məsələn, Hacıqabulda bir təsərrüfat var ki, onun steyk üçün istehsal etdiyi ət ərəb ölkələrinə ixrac edilir".