Bu qəsəbədə tibb məntəqəsi olsa da, iynə vuran yoxdur – Sakinlər narazıdır
18-09-2024, 12:18
Abşeron rayonunun minlərlə sakini olan Mehdiabad qəsəbəsindəki tibb məntəqəsində nə iynə vurdurmaq, nə də “sistem qoşdurmaq” (venadaxili mayelərin yeridilməsi) mümkündür.
TNS xəbər verir ki, qəsəbə sakinlərinin sözlərinə görə, əvvələr ambulatoriyada bu xidmətlər göstərilsə də, artıq ləğv edilib. Belə olan halda, əhali bu prosesləri yerinə yetirmək üçün ya uzaq məsafədə yerləşən Abşeron Rayon Mərkəzi Xəstəxanasına getməli olur, ya da qəsəbədə olan tibb bacılarının xidmətlərindən yararlanır.
Bildirilib ki, qəsəbədə olan bir neçə tibb bacısı bu xidmətləri yerinə yetirmək üçün evlərə gedir, sistem köçürür, iynə vururlar. Sakinlər bunun üçün xeyli ödəniş etməli olurlar.
TNS tibb məntəqəsində əhaliyə bu xidmətlərin göstərilməməsinin səbəbi ilə bağlı TƏBİB-ə sorğu göndərib.
Qurumdan sorğuya cavab olaraq bildirilib ki, ölkədə icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar dövlət səhiyyə müəssisələrinin, o cümlədən ilkin tibbi-sanitariya yardımının göstərildiyi ilkin səhiyyə xidməti (İSX) müəssisələrinin (kənd tibb məntəqəsi, kənd həkim məntəqəsi və ailə sağlamlıq mərkəzi) restrukturizasiya və optimallaşdırma işləri davam etdirilir.
Qeyd edilib ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, ilkin tibbi-sanitariya yardımı əhali arasında geniş yayılmış və ixtisaslaşdırılmış yardım tələb etməyən halların və xəstəliklərin diaqnostikası və müalicəsi, tibbi profilaktik tədbirlərin həyata keçirilməsi, ana və uşaqların sağlamlığının mühafizəsi, tibbi-sanitar maarifləndirmə işinin aparılmasından ibarət tibbi yardım növüdür: “Hazırda Abşeron rayonunun müraciətdə qeyd edilən ilkin səhiyyə xidməti müəssisəsi onlara təhkim olunmuş əhaliyə ilkin tibbi-sanitariya yardımı xidməti göstərməkdədir. İlkin tibbi-sanitariya yardımı xidmətlərinin siyahısına damardaxili inyeksiya prosedurlarının tətbiqinin tibbi protokol qaydalarına və normativ hüquqi aktlara əsasən şamil edilməməsi səbəbindən qeyd edilmiş ilkin səhiyyə xidməti müəssisələrində hal-hazırda icrası mümkün deyil”.
Bildirilib ki, damardaxili inyeksiya prosedurları stasionar və ixtisaslaşdırılmış poliklinik tibbi xidmətlər göstərən tibb müəssisələrində (II səviyyə), o cümlədən rayon mərkəzi xəstəxanalarında icra edilir.