Əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələləri müəyyənləşib
19-09-2024, 16:04
Nazirlər Kabineti qüvvədə olan əmək müqavilələrinin işəgötürənlər tərəfindən elektron sənəd formasına keçirilməsi mərhələlərini müəyyən edib.
İşəgötürənlər tərəfindən əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələləri müəyyən edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Azərbaycanın 2024-cü il 28 iyun tarixli 1195-VIQD nömrəli Qanunu qüvvəyə minənədək bağlanılmış qüvvədə olan əmək müqavilələrinin (əsas və əlavə şərtləri barədə məlumatlar tam daxil edilməklə) işəgötürənlər tərəfindən elektron sənəd formasına keçirilməsi mərhələləri aşağıdakı kimi müəyyən edilib:
- Azərbaycanın dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər olan işəgötürənlər üçün 2025-ci il 1 yanvaradək.
- İri, orta, kiçik və mikro sahibkarlıq subyekti olan, habelə sahibkarlıq subyekti olmayan işəgötürənlər üçün 2025-ci il 1 iyuladək.
- Ailə kəndli təsərrüfatları və ailə müəssisələrinin işəgötürənləri üçün 2026-cı il 1 yanvaradək.
Qeyd edək ki, artıq Azərbaycanda əmək müqavilələri elektron şəkildə bağlanacaq. Başqa sözlə, əmək müqaviləsi elektron sənəd formasında bağlanacaq və əmək müqaviləsi bildirişi ləğv ediləcək. Dövlət başçısı bununla bağlı Fərman imzalayıb.
Xatırladaq ki, Milli Məclisin deputatı Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, Azərbaycan Prezidenti Əmək Məcəlləsinə dəyişiklikləri təsdiq edib: "Yeni Fərmanla Azərbaycanda əmək müqaviləsinin bağlanması qaydası dəyişir, kağız daşıyıcılardan elektron sistemə keçid edilir. Əmək müqaviləsi elektron sənəd formasında bağlanacaq və əmək müqaviləsi bildirişi ləğv olunacaq. Bununla da, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində məlumatları mövcud olan əmək kitabçaları işəgötürənlər tərəfindən işçilərə təhvil veriləcək. Bundan əvvəl bağlanılmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi isə müvafiq qurumun müəyyən etdiyi mərhələlərə uyğun olaraq həyata keçiriləcək".
O bildirib ki, yeni dəyişikliklər rəqəmsal xidmətlərin genişləndirilməsinin hüquqi əsaslarını müəyyən edən normativ hüquqi aktların təkmilləşdirilməsinə xidmət edəcək.