“Uşaqların məktəbə başlama yaşı 4-ə də endirilə bilər” — Psixoloqlardan təzadlı fikirlər
20-09-2024, 17:38
Bu il yenə məktəbin ilk günündə birinci sinif şagirdlərinin məktəbdən qorxduğunu, məktəbə getmək istəmədiklərini, ağladıqlarını müşahidə etdik. Məktəblilərin belə sərgüzəştləri üzlərdə təbəssüm yaratsa da, bəzi insanlar düşünürlər ki, 6 yaş məktəbə başlamaq üçün erkəndir və uşaqların belə ağlamasının səbəbi budur.
Həqiqətən də uşağın 5 yaşından məktəbəqədər hazırlığa, 6 yaşından isə birinci sinfə getməsi tezdir?
Bizim.Media məsələ ilə bağlı psixoloqların fikirlərini öyrənib.
Psixoloq Əfsanə Rüstəmova 5-6 yaşın məktəb üçün uyğun yaş olduğunu qeyd edib.
“İnsanın öyrənmə yaşının 0 yaşdan başladığını nəzərə alsaq, 6 yaşdan məktəbə başlamaq heç də erkən sayılmır. Çünki insan doğulandan öyrənməyə başlayır. 0-3 yaş öyrənmə prosesi daha çətindir, yəni, insani bacarıqlarımızın hamısını bu yaş dönəmində öyrənirik.
Zəif və qorunmasız dönəmdə həyati bacarıqların öyrənilməsi həvalə olunubsa, uşağa güvənmək lazımdır. Bu məntiqlə yanaşsaq, görərik ki, 5-6 yaşlı uşağın məktəbə başlaması erkən sayılmır. Məktəbdən qorxmaq, uşaqların ağlaması, yeni mühitə adaptasiyanın özünü müxtəlif formalarda göstərməsi çox təbiidir”.
Psixoloq deyir ki, məktəbə başlama yaşı 4-ə qədər də endirilə bilər.
“5-6 yaşı 4 yaşa qədər belə endirmək olar. Çünki hazırda Ümumdünya Səhiyyə Təşkilatı yeniyetməlik yaş dövrünü 9 yaş olaraq qeyd edir. Bu isə o deməkdir ki, əvvəl 14-15 yaşlı uşaqların çəkdikləri çətinlikləri indi 9 yaşlı uşaqlar çəkməyə başlayır. Artıq uşaqlara müdaxilə dönəmi də azalır. Buna görə də biz nə qədər tez başlasaq, uşaqları o qədər doğru, cəmiyyətin dəyərlərinə uyğun şəkildə öyrədə bilərik. Buna görə də düşünürəm ki, məktəbə başlama yaşı 4-ə qədər düşürülə bilər”.
Uşaqlar niyə görə 0-3 yaş arasındakı bacarıqları sürətlə öyrənsələr də, 5-6 yaş arasında məktəbdə öyrəndikləri informativ bacarıqları nisbətən ləng öyrənirlər və ya öyrənmək istəmirlər?
Müsahibimiz bu sualı belə cavablayıb:
“Böyük ehtimalla öyrənmə prosesində uşaqların yaş və anlaq səviyyələri doğru müşahidə olunmur və yaxud öyrənmə bir az invidual yanaşma tələb edir, bizdə isə sinifdə uşaqların sayı çoxdur. Üçüncü olaraq isə bizdə öyrədənlər verdikləri məlumatların məğzini özləri də tam başa düşmədikləri üçün uşaqlara da bunun önəmini ötürə bilmirlər”.
“Uşağın 5-6 yaşından məktəbə getməsi çox normaldır”
Psixoloq Gülnar Orucova da Bizim.Media-ya açıqlamasında 5- 6 yaşın məktəbə başlamaq üçün normal olduğunu vurğulayıb. O bəzi uşaqların məktəbə qorxuyla yanaşmasının səbəblərini açıqlayıb:
“5 yaşında uşaqlar məktəbəqədər hazırlıq vasitəsilə məktəbə - birinci sinifə adaptasiya olur. Burada uşaq müəllimə nisbətən öyrəşir və birinci sinifə gəldikdə heç bir problem yaşamır.
Uşağın məktəbdə ağlamasının səbəbi odur ki, onun beyninin müdafiə mexanizmi işə düşür, çünki o, yad bir mühitdə qorxur, nə üçün gəldiyini tam başa düşmür. Onun “anamı istəyirəm”, “evə getmək istəyirəm” kimi ifadələr işlətməsi anasıyla arasında olan bağlılığı göstərir və o anasından ayrıldıqda özünü təhlükədə hiss edir. Ağlıyan uşaqlar adətən ona hər şeyi icazə verən ailəyə sahib olurlar və buna görə də məktəbin qaydaları onları qorxudur. Uşağın 5-6 yaşından məktəbə getməsi çox normaldır”,- deyə psixoloq qeyd edib .