"Hazırkı təhsil sistemi uşaqların uşaqlığını yaşamaqdan məhrum edir..." - Ekspertdən ŞOK açıqlama

26-09-2024, 12:57           
"Hazırkı təhsil sistemi uşaqların uşaqlığını yaşamaqdan məhrum edir..." -
"Hazırda repetirorluq uşaqları yaşamağa qoymur. Bütün şagirdlər dərsdən sonra dərsə gedirlər. Uşaqlar uşaqlığını yaşamaqdan məhrum olurlar".

"Azərbaycan Reallığı" bildirir ki, bu barədə təhsil eksperti Kamran Əsədov deyib. Ekspert qeyd edir ki, hazırkı təhsil sistemi və ali məktəblərə qəbul prosesi uşaq psixologiyası və inkişafı üzərində ciddi mənfi təsir göstərir:

"Valideynlərin yüksək rəqabətə görə övladlarını repetitor yanına göndərməsi geniş yayılan bir praktika halına gəlib. Bu vəziyyət uşaqları çox erkən yaşdan sıx bir tədris prosesinə cəlb edir, onların sosial və emosional inkişafını geridə qoyur, nəticədə uşaqlar uşaqlıqlarını tam yaşaya bilmir.
Ali məktəblərə qəbul üçün Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi test imtahanlarında yüksək nəticə göstərmək valideynlərin əsas prioritetinə çevrilib. Rəqabət böyükdür, buna görə də valideynlər uşaqlarını repetitor yanına göndərməyə məcbur qalır. Lakin repetitorluq xidmətləri əlavə maliyyə yükü gətirir və bir çox ailələr bu xərci qarşılayarkən ciddi maddi çətinliklər yaşayır.

Ali təhsil almağın vacib olduğu bir mühitdə valideynlər övladlarının gələcəyinə investisiya etmək üçün cibindən böyük məbləğlər xərcləyirlər. Lakin bu vəziyyət təhsil bərabərliyini pozur, çünki maddi imkanı olanlar repetitor xidmətindən istifadə edərək daha yaxşı nəticə əldə edirlər, imkanı olmayanlar isə geridə qalır.
Sıx repetitorluq dərsləri uşaqların təbiətən ehtiyac duyduğu boş vaxtları və oyun fəaliyyətlərini əvəz edir. Uşaqlar yalnız dərs öyrənməklə, test həll etməklə vaxt keçirdikdə, onların emosional inkişafı və sosial bacarıqları zəifləyir.

Uşaqların teatr, incəsənət, idman kimi fəaliyyətlərə qoşulması, yaradıcılıqlarını inkişaf etdirməsi üçün vaxt qalmır. Bu isə balanssız inkişafın əsas səbəbidir. Uşaqların əylənmək, dostları ilə oyunlar oynamaq, maraqlı fəaliyyətlərdə iştirak etmək kimi əsas hüquqları repetitorluq yükü altında əzilərək ikinci plana keçir".

Kamran Əsədov bildirir ki, repetitorluq mərkəzlərində uşaqlar yalnız qəbul imtahanlarına hazırlaşdırılır və bu prosesdə əsas diqqət test suallarının cavablandırılmasına yönəlir, nəticədə bədii ədəbiyyat oxumaq, yaradıcı düşünmək və tənqidi analiz bacarıqları kənarda qalır:

"Teatr tamaşalarına getmək, bədii əsərləri müzakirə etmək, geniş dünyagörüşü formalaşdıran mədəniyyət tədbirlərində iştirak etmək uşaqların həyatından çıxarılır. Bunun nəticəsində, uşaqların estetik zövqləri və yaradıcılıq qabiliyyətləri azalır, tənqidi düşüncə bacarıqları zəifləyir".

Ekspert həmçinin qeyd edir ki, repetitorluq uşaqlar üzərində ciddi psixoloji təzyiq yaradır:

"Uşaqlar, çox vaxt valideynlərin gözləntilərinə cavab vermək, cəmiyyətdə uğurlu bir şəxs olmaq üçün təzyiq hiss edir və bu, onların psixoloji sağlamlığına mənfi təsir göstərir.

Təzyiq, stres, yorğunluq kimi amillər uşaqların həvəsini qırır, məktəbdən, dərslərdən və ümumilikdə təhsildən uzaqlaşmalarına səbəb olur".
Ekspert qeyd edir ki, təhsil sisteminin köklü islahatlara ehtiyacı var, valideynlərin repetitorluğa müraciət etməmələri üçün məktəblərdə tədris keyfiyyəti artırılmalı, şagirdlərə daha interaktiv və maraqlı dərs metodları təqdim edilməlidir.

"İmtahanlara hazırlıq sadəcə test həlli ilə məhdudlaşmamalı, uşaqların geniş dünyagörüşünə, sosial və yaradıcı bacarıqlarına da xüsusi diqqət ayrılmalıdır. Bununla yanaşı, məktəbdənkənar fəaliyyətlərin, teatr, incəsənət və idman tədbirlərinin tədris prosesinə inteqrasiyası vacibdir.
Beləliklə, repetitorluq sisteminin geniş yayılması uşaqların həm akademik, həm də sosial inkişafına mənfi təsir göstərir.

Təhsilin balanslı və hərtərəfli olması üçün məktəblərdə tədris keyfiyyətinin artırılması, uşaqların mədəni və yaradıcı fəaliyyətlərə qoşulmasına şərait yaradılması təxirəsalınmaz bir zərurətdir.

Ailələrin repetitorluq xərcləri ilə bağlı maddi sıxıntılar yaşadığı bir mühitdə, təhsil bərabərliyinin təmin olunması və uşaqların uşaqlıq illərini doya-doya yaşaması üçün dövlət siyasətində dəyişikliklər edilməlidir", deyə Kamran Əsədov vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.