Özgüvən problemi yaşayan insanlar niyə özlərini günahkar hiss edir? - MÜNASİBƏT BİLDİRİLDİ
27-09-2024, 09:08
"İnsan psixologiyasındakı bir çox problemlər kimi özgüvən problemi də uşaqlıqda yaşananlara bağlı olur". Bu sözləri SİA-ya açıqlamasında "Aura" psixologiya, nitq və fərdi inkişaf mərkəzinin direktoru, psixoloq, psixoterapevt, cinsəl terapist, yaşam və ilişki koçu Xanlar Sətullayev deyib.
O bildirib ki, körpəlikdən başlayaraq daim valideynlər tərəfindən azarlanan, önəmsənilməyən, sevgi və ilgi hiss etməyən, həmçinin valideyn tərəfindən aşırı dərəcədə qorunan uşaqlar böyüyəndə özgüvən problemi yaşayırlar: "Hələ iməkləməyə başlayan körpə yıxıla-yıxıla tədricən ayağa qalxıb yeriməyə çalışır, lakin hər dəfə yıxılanda kimsə onun əlindən tutub qaldırsa, özünün qalxmağı öyrənməsinə imkan verməsə bu da tədricən uşaqda daim ətrafdan yardım gözləmək vərdişi formalaşdıracaq və böyüdükcə bu həm özgüvən probleminə yol açacaq, həm də tez-tez xəyal qırıqlığı yaşamasına səbəb olacaq. Eyni zamanda daim aşağılanan, fikrinə önəm verilməyən, sevgi hiss etməyən uşaqlar da yaşa dolduqda daim onlarda “mən bacarmaram”, “məndə alınmaz” hissi hakim olur. Hətta bu cür insanların sevgisi belə uğursuz olur, sevgisini etiraf edə bilmir, rədd edilə biləcəyi qorxusundan hisslərini aça bilmir, sevgisi uğrunda mübarizə aparmaqdan, itirməkdən qorxur. Eyni zamanda bu cür insanlar tez-tez xəyal qırıqlığına uğrayır. Çünki tez ruhdan düşür, daimi və uzunmüddətli hədəfləri, məqsədləri olmur, günahkarlıq hissi onları tərk etmir, ilk uğursuzluqda həvəsdən düşür, “mənlik deyil”, “bilirdim ki, alınmayacaq” kimi firkirlərə təslim olur.
Ümumiyyətlə özgüvən problemi yaşayan insanlar özlərini günahkar hiss edirlər. Onlar hətta inandıqları dinin də gözəl cəhətlərinə deyil, qadağalarına çox bağlanırlar, çünki uşaqlıqda daim qadağalarla üzləşiblər. Halbuki, bütün səmavi dinlərin ana xəttini sevgi və paylaşmaq ruhu təşkil edir. Lakin bu cür insanlar öz yollarını bağlamaq, cəsarətsizliyinə bəraət qazandırmaq üçün hansısa bəhanələr uydurmağa, tapmağa meylli olurlar və tez də tapırlar. Çünki nəyi axtararsansa, onu taparsan. Beyin də bu alqoritmə o qədər alışır ki, artıq növbəti bir xəyal quranda onun uğursuz olacağına bəri başdan qərar verir və nəticədə ilk cəhddə alınmayanda ruhdan düşür".
"Bu cür vəziyyətdən çıxış yolu tapmaq üçün ilk növbədə insan özü-özünə kömək etməli, öz imkanlarını dəyərləndirməyi bacarmalıdır. Kiçik hədəflər müəyyənləşdirmək, onlara nail olduqca qarşıya yeni məqsədlər qoymaq, bir növ asandan mürəkkəbə doğru irəliləmək, beyni də uğurlara alışdırmaq lazımdır. Həmçinin heç bir vaxt təslim olmamaq, son nəfəsə kimi inanmaq və mübarizə aparmaq lazımdır. Təslimçilik ruhu hakim olan insan gec-tez məğlub olmağa məhkumdur. Təsəvvür edin ki, müharibəyə başlayan ordu qələbəyə deyil, tezliklə məğlub olacağına inanır. Uğur qazanmağın yolu inam və zəhmətdir. İnsan məqsədində səmimi olarsa və bu yolda zəhmət çəkərsə, bir gün qalib gəlməsə belə çəkdiyi zəhmət onu öz gözündə böyüdəcək, öz qüvvəsinə inamı artacaq. Özünə tənqidi yanaşmaq yaxşıdır, amma hər şeyin artığı fəsad verdiyi kimi özünə tənqidi yanaşma da həddini aşanda insan həm öz gözündə, həm də başqalarının gözündə adiləşəcək, dəyərdən düşəcək. İnsanın öz dəyərini bilməsi üçün təkcə yaradılışına diqqət etməsi kifayətdir. İnsan kimi bu dünyaya gəlmək imkanından məhrum olan milyonlarla rüşeymdən fərqli olaraq Allah sənə həyat bəxş edibsə deməli şanslısan, bu gün yenidən oyandın, dəyər verdiyin kimsə varsa, sevdiyin, yaxud sevdiklərin həyatdadırsa həyatdan zövq almaq üçün səbəbin var. Ümumiyyətlə insan qarışqadan fil düzəldib özünü bədbəxt hiss etmək üçün də, xoşbəxt hiss etmək üçün də kifayət qədər səbəb tapa bilər. Həyatdan zövq almaq, özünü xilas etmək və uğur qazanmaq istəyən insan əlində olanlara şükr etməyi və sevinməyi bacarmalıdır. Belə olduqda mənfi enerji, özgüvənsizlik tədricən aradan qalxacaq, insan nəyə şükr edərsə, nəyi düşünərsə onu da həyatında çoxaldacaq. Pozitiv düşünmək, inanmaq, zəhmət çəkmək, məqsədində ardıcıl olmaq, ruhdan düşməmək, yıxıldıqda qalxmaq və qaldığı yerdən davam etmək, bütün uğurlu insanların həyat düsturu budur" - deyə o, əlavə edib.
Müəllif: Söylü Ağazadə