ADY -nin xarici fəaliyyəti və xarici əlaqələri daxildəkindən daha çox gözə çarpır
27-09-2024, 09:57
Baxıram ki, dünyanın dörd bir yanında Azərbaycanın dəmiryol infrastrukturunun inkişafı ilə əlaqəli görüşlər və müzakirələr gedir.
“Azərbaycan Dəmir Yolları” Müşahidə Şurasının sədri, nazir Rəşad Nəbiyev ötən günlər Çində bu ölkənin Dəmir Yolları qurumunun rəhbərilə və Nəqliyyat naziri ilə görüşüb, əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.
Azərbaycan Dəmir Yolları - ADY sədrinin müavini Vüsal Aslanov da Çində beynəlxalq forum çərçivəsində Çin, Gürcüstan və Qazaxıstanlı həmkarları ilə görüşüb müzakirələr aparıblar.
ADY rəhbəri Rövşən Rüstəmov isə ötən günlər Almaniyada keçirilən sərgi çərçivəsində bir çox ölkələrərdən olan kolleqaları ilə görüşüb və əməkdaşlıqları müzakirə ediblər.
Bundan öncə də o, Özbəkistan və Türkiyədən olan həmkarları ilə görüşmüşdü.
Yəni görünən odur ki, ölkəmizin dəmiryol infrastrukturunun inkişafı ilə bağlı beynəlxalq platformalarda ciddi və intensiv müzakirələr var.
Əlbəttə, ADY-nin bu istiqamətdəki səyləri, bu cür dinamika, görüşlər və beynəlxalq əlaqələrin gücləndirilməsi faydalıdır və diqqət cəlbedəndir.
Ümid edirəm nəticələrini tezliklə görəcəyik və bu, yalnız tarif artımı ilə bağlı olmayacaq 🙂
Güman edirəm ki, yuxarıdakı görüşlərdə yalnız YÜKDAŞIMA deyil, SƏRNİŞİNDAŞIMA da müzakirə predmeti olub.
Yəni daha müasir, sürətli qatarların alınması, uzun illər dayanan hansısa marşrutların özəlləşdirilməsi və ya xarici partnyorlara icarəyə verilməsi də müzakirə predmeti ola bilərdi.
Yeri gəlmişkən xatırladıram ki, 4 ildən çoxdur ki, ölkədaxili dəmiryolu üzrə bir çox istiqamətlərdə sərnişindaşıyan qatarların fəaliyyəti dayanıb.
Dəmir yolu ilə sərnişindaşıma hələlik böhrandan çıxa bilməyib.
Az qala 5 il olur ki, ölkədə əksər istiqamətlərdə sərnişindaşıyan qatarların fəaliyyəti dayanıb :
Bakı - Böyük Kəsik
Bakı - Balakən
Bakı - Astara
Bakı - Yalama
Bakı - Qazax və s. qatarları neçə illərdir ki, işləmir.
Xatırlayıram ki, ADY rəsmiləri müsahibələrində Bakı - Balakən marşrutunun 2026-cı ildə işə salınacağını da bildiriblər.
Səbirsizliklə gözləyirik.
Bu görüşlərdən sonra bir az daha ümidim artdı ki, qarşıdakı illərdə sevimli miniyimizdən istifadə edə biləcəyik.
Osman Gunduz
TEREF