Şəxsiyyət vəsiqəsinin şəkilini göndərdi, hesabındakı pullar oğurlandı – KİBERDƏLƏDUZLARIN YENİ FIRILDAĞI...

18-10-2024, 10:38           
Şəxsiyyət vəsiqəsinin şəkilini göndərdi, hesabındakı pullar oğurlandı –
Vətəndaş Əsədov Qabil Əsəd oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Dələduzluqla üzləşdiyini deyən şikayətçi yazır:

“Mən, Əsədov Qabil Əsəd oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Məlumat üçün bildirim ki, internet saytlarından birinə avtomobil satmaq məqsədilə elan yerləşdirdim. 3-4 dəqiqə sonra zəng gəldi. Qadın idi. Şəkilinin üstündə də “Zaqatala” yazılmışdı.

Maşını almaq istədiyini bildirdi. Dedi ki, Zaqatala rayonundanam, hazırda isə Qazaxıstandayam, ona görə də sizə rus nömrəsi ilə yazıram.

Əlavə etdi ki, maşını atası üçün almaq istəyirəm. Dedi ki, atam Zaqatalada yaşayır.

Qadın Azərbaycan dilində danışırdı. Maşını bəyəndi, beh verəcəyini söylədi. Bildirdi ki, şəxsiyyət vəsiqəniz vasitəsi ilə sizə beh göndərəcəm. Məndə şəxsiyyət vəsiqəmin surətini həmin qadına göndərdim. Biraz sonra zəng edib bildirdi ki, pulları bütöv köçürə bilmirəm, hissə-hissə köçürəcəm. Xahiş etdi ki, kod gəldikdə ona xəbər edim. Bildirdim ki, gələn kodu heç kəsə vermək olmaz. Yalvardı ki, mən pulu başqa cür köçürə bilmərəm. Körpə uşağım var, yoxsa gərək banka gedim. Mən də kodu ona göndərdim. Sonra dedi ki, pulu 100 manat göndərə bilmirəm, 50 manat göndərə bilərəm. Mən əvvəl uşağın şəxsiyyət vəsiqəsini, sonra isə dostlarımın şəxsiyyət vəsiqələrinin surətini göndərdim. Bu, guya bizə pul köçürəcəkdi.

Səhər pulları almaq üçün poçta getdim. Mənə oradan bildirdilər ki, sizdən kod alınıbsa, sizin pulunuzu çəkə bilərlər. Dərhal kredit kartlarımı yoxladım. Kartımdan 51 və 71 manat pul çəkilmişdi. Ümumi desək, 122 manat pulum kartımdan oğurlanmışdı”.

Şikayətçi deyir ki, müvafiq qurumlara müraciət etsə də, pulunu geri qaytara bilməyib.

P.S. Oxucularımızın diqqətinə çatdıraq ki, şəxsiyyət vəsiqənizin şəklini əldə edən kiberdələduzlar FIN kodunuz vasitəsilə bir-bir mobil bankların tətbiqlərində şifrə bərpa əməliyyatları edib, müştərisi olduğunuz bankı tapırlar. Daha sonra sizi manipulyasiya edib, guya ödəmə etmək üçün nömrəyə gələn kodu istəyirlər. Zərərçəkmişlər heç bir bank məlumatı vermədiyini düşünürək, rahatlıqla həmin kodu qarşı tərəfə deyirlər. Beləcə, bank tətbiqi dələduzun əlinə keçir və dələduz hesablarınızın hamısına giriş edərək "card to card" əməliyyatlara başlayır. Bu baxımdan, diqqətli olmalısınız.

Aynurə İSMAYIL

Hurriyyet.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.