`Aztelekom`un 3 aylıq ÖDƏNİŞ TƏLƏBİ... QANUNİDİRMİ?
18-10-2024, 09:36
" "Aztelekom"un yaxşı internet TV xidməti var, telekanallardan əlavə normal film, musiqi arxivini də qeyd etməklə. Mən bir neçə ildir "Connect"in xidmətlərindən yararlanıram, ancaq antireklam olmasın, bir də görürsən hansısa kanal yoxa çıxdı. Yaxud külək əsir, yağış yağır görüntü itir..." Dia-az.Media xəbər verir ki, bunu öz açıqlamasında tanınmış jurnalist Rüstəm Qaraxanlı qeyd edib.
Jurnalist daha sonra əlavə edib: "Əlqərəz, getdim "Aztelekom"un Abşeron şöbəsinə, dedim mən sizin internetdən istifadə edirəm, çox sağolun, hər şey yaxşıdır. İndi istəyirəm TV xidmətlərinizdən də yararlanım. Çox maraqlı cavab aldım: TV-nin göstərməsi üçün 3 aylıq abunə haqqını qabaqcadan ödəməliyəm🤔 Niyə? Belə deyilib.
Deməli, 33 manatdan 3 aylıq pulu ödəməliyəm ki, TV göstərsin. Anormal səslənsə də, üstündən keçmək olardı. Ancaq 3 ay əvvəl Qubada eyni qaydada müraciət etmişəm, vaxtında ədəb-ərkanla gəlib quraşdırıb gediblər. 1 aylıq da pul ödəmişəm. Onlayn.
İndi məni suallar boğur: niyə Xırdalanda məndən 3 aylıq pulu bəribaşdan istəyirlər, Qubada yox? Quba "Aztelekom"la Abşeron "Aztelekom" ayrı-ayrı strukturlardırmı? 3 aylıq tələb müəssisənin plan yığımı filan kimi öhdəliklərilə əlaqəlidirmi?.."