Vaxtından əvvəl işi dayandıran avtobusa görə vətəndaş xərcə düşür

21-10-2024, 08:18           
Vaxtından əvvəl işi dayandıran avtobusa görə vətəndaş xərcə düşür
Son zamanlar ictimai nəqliyyat sahəsində bir sıra müsbət yeniliklərin şahidi olsaq da, təəssüf ki, həll edilməmiş və həll edilməsi gərəkən bir nömrəli problemlər hələ də arxa plana atılıb. İctimai nəqliyyatın günlük fəaliyyət vaxtı rəsmi şəkildə səhərin erkən saatlarından axşam saat 12:00-a qədər müəyyənləşdirilmişdir. Anlaşılan odur ki, bu, sadəcə "kağız üzərindədir". Bəzi avtobus xətləri axşam saat 22:00-a qədər işləyir və insanlar evlərinə ya alternativ ictimai nəqliyyatlarla, ya da manatlıq taksilərlə getməli olurlar. Bundan daha betəri də günəş batmamış özü yoxa çıxan avtobus xətləridir.
Lökbatan-Avtovağzal istiqamətində hərəkət edən 130 nömrəli avtobus saat 18:00-dan sonra gözə görsənmir. Sədərək Ticarət Mərkəzindən avtobus dayanacağına qalxan vətəndaşlar saatdan artıq bu avtobusu gözləməli olurlar. 130 nömrəli avtobus saat 18:00-dan sonra fəaliyyətini dayandırır. Həmin avtobusdan tez-tez istifadə edən sərnişinlər bu problemi dilə gətirməli olublar.

Sosial şəbəkələrdə də bu problem barədə istifadəçilərin narazılıqla yazdığı rəylər bunu deməyə əsas verir. Onların sözlərinə görə, səhər saatlarında Avtovağzaldan Sədərək Ticarət Mərkəzinə istiqamətinə hərəkət edən 130 nömrəli avtobus xətti saat 18:00-dan sonra ticarət mərkəzinin yaxınlığından keçmir. Ya da ümumiyyətlə, bu saatdan sonra işləmir. Sərnişinlərin sözlərinə görə, avtovağzaldan səhər saatlarında bir avtobus xətti ilə getdikləri Sədərək Ticarət Mərkəzindən saat 18:00-dan sonra ən azı 3 avtobus dəyişərək qayıtmalı olurlar. Yəni 50 qəpik gedişhaqqı ödəyib getdiyin yerdən 1.50 manat ödəyərək geri qayıtmalı olursan. Avtobusun təyin olunmuş vaxtdan erkən fəaliyyətini dayandırması həmin xətdən istifadə edən sərnişinlərin axşam saatlarında yolda qalması ilə yanaşı, həm də maddi ziyana düşmələrinə də səbəb olur.

Yeri gəlmişkən, bəzi avtobusların ödəmə terminalları sərnişinin həmin avtobusa harda minməsindən asılı olmayaraq, eyni gedişhaqqını tutur. Məsələn, Lökbatandan 20 Yanvar dairəsinə gələn avtobus xəttində gedişhaqqı 55 qəpikdirsə, sərnişin ünvana yaxın bir ərazidə avtobusa minmiş olsa belə, yenə də eyni gedişhaqqını ödəməli olur - artıq ödəniş edir.

Vətəndaşların bir avtobusluq məsafəni 3 avtobusla tamamlamağa məcbur olması, avtobusların öz rəsmi qrafikinə zidd olaraq çox erkən saatlarda qaraja göndərilməsi, görməzdən gəlinən məsələlərdəndir. Bir avtobusla gedilə biləcək məsafəni 3 avtobus dəyişərək getmək heç şübhəsiz ki, vətəndaşa sərf edən bir hal deyil.


Bəs bu problemi görməzdən gəlmək kimə sərf edən haldır? Burdan qazanclı çıxan kimdir?
Hər halda, bu barədə də düşünmək olar.

Mətin Şükürlü, Bizimyol.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.