Hacı Surxay açıqlamasına görə tənqid edildi - “Bu düşüncə fars dinlərindən keçmədir, İslama dəxli yoxdur”
21-10-2024, 16:34
İçərişəhər “Cümə” məscidi dini icmasının sədri, ilahiyyatçı Hacı Surxay Məmmədlinin “ATV” kanalında yayımlanan “Bizimləsən” verilişində səsləndirdiyi fikirlər müzakirə yaradıb. Belə ki, ilahiyyatçı efirdə “ən böyük günah günahkarı məyus etməkdir” deyərək bunun Məhəmməd Peyğəmbərdən gələn hədis olduğunu bildirib. Sosial şəbəkələrdə Hacı Surxayın bu görüntüləri tənqidlə qarşılanıb. Çoxsaylı şərhlərdə belə bir hədis olmadığı, ən böyük günahın isə Allaha şərik qoşmaq olduğu yazılıb.
Pravda.az-a Hacı Surxay Məmmədlidən mövqe öyrənməyə çalışsa da, mümkün olmayıb.
İlahiyyatçı Tural İrfan isə həmkarının açıqlamasını belə şərh edib: “İslamın özək mənbəyi olan “Qurani-Kərim” vəhyinə əsasən, ən böyük günah Allaha şərik qoşmaqdır. Çünki İslam dininin gəlmə səbəbi məhz insanların bütləri Allaha şərik qoşmaları idi. Əgər tövbə edilib bu günah tərk edilməsə, Allah özünə şərik qoşanı əsla əfv etmir. Ondan da böyük günah həmin şəriklərə ibadət etmək, onlardan yardım ummaqdır. Əgər o dövrdə şəriklər bütlər idisə, indi də pirlər, seyidlər, qəbirlər və başqa şeylərdir. Hətta Peyğəmbərin özünü, Əhli-beyt imamlarını, övliyaları da Allaha şərik qoşurlar. Ən böyük günah budur. Günahkarı məyus etmək isə günah deyil, istiqamətdir. “Qurani-Kərim”də Allah günahkarları məyus edir ki, tövbə etsinlər. Günahkarı tərifləmək, öymək, haq qazandırmaq olmaz. Elə olduqda o günaha daha da meyl edib cəsarət tapar. Peyğəmbərin belə hədisi yoxdur ki, günahkarı məyus etmək olmaz. Belə düşüncə qədim fars dinlərindən keçmədir, İslama dəxli yoxdur. Bəzi ruhanilər son zamanlar dini ciddi şəkildə təhrif edirlər. İslamın əsas prinsiplərini kənara qoyub, xurafat, cəhalət yayırlar, cəmiyyəti çaşdırırlar. Bu, doğru deyil. Günahkarı tövbə etməyə təşviq etmək üçün “Qurani-Kərim”də şiddət ayələri var. Adəm Peyğəmbər də günah etdi, Cənnətdən çıxdı. Allah onu məyus etdi, tənbeh etdi, o da nəticədə tövbə edib, hidayət oldu. Amma Allah ona xətasına görə haq qazandırmadı”.
İlahiyyatçı bildirib ki, günahkarı sadəcə naümid etmək, tövbə etdiyi təqdirdə belə ümidsiz etmək doğru deyil: “Yəni bəziləri günah edir, sanki bu günahın bağışlanmayacağını zənn edərək tövbə əvəzinə daha da günaha davam edirlər. Elə güman edirlər ki, onsuz da Allah məni bağışlamaz. Bax, bu da doğru deyil. Allahdan ümid kəsilməz, tövbə qapıları açıqdır. Əgər insan bir daha pis əmələ dönməyəcəksə, onun tövbəsi məqbuldur. Tövbə etməsi, pis əməlin mahiyyətini anlaması üçün onu tənbeh etmək, məyus etmək lazımdır. İnsanları günaha təşviq etmək, həvəsləndirmək olmaz. “Quran”ın, İslamın mahiyyətini kənara qoyub, fars, ərəb modellərini tətbiq etməyə cəhd etmək, din adına sırımaq dinə zərbədir. Əsas mənbə “Quran”dır. Orada da ən böyük günah şirkdir”.