"Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 18:28
Son günlər “kənd yumurtası”nın qiymətlərində ciddi artım müşahidə olunur.
Yeni il ərəfəsində, eləcə də gələn il ərzində sənaye üsulu ilə istehsal olunan yumurtanın bahalaşması gözlənilirmi?
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) İdarə Heyətinin sədri Mürvət Həsənli TNS-ə bildirib ki, hazırda sənaye üsulu ilə istehsal olunan yumurtanın qiymətində hər hansı bir artım yoxdur və gözlənilmir: “Yumurtanın builki qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə daha ucuzdur. Quş ətinin qiyməti isə ötənilki qiymətlərlə eynidir.
Quşçuluq müəssisələrində istehsal olunan yumurta və quş ətinin qiymətinin 2025-ci il ərzində artacağını düşünmürəm. Qiymət o zaman arta bilər ki, kəskin təlabat yaranar, istehsal azalar və yaxud yemin qiyməti qalxar. Bu problemlər olmadığı üçün qiymətlərin artacağı gözlənilmir”.
Mürvət Həsənli kənd yumurtasının qiymət artımı ilə bağlı fikirlərini də bildirib.
O qeyd edib ki, kənd yumurtasının istehsal şəraiti fərqlidir: “Kənd toyuqları soyuq şəraitdə qalırlar, saxlandıqları yerdə normal istilik təmin olunmur. Yaxud da digər şərtlər daxilində yumurtlama faizi azalır. Təlabat artdığı üçün qiymət qalxır. Kənd yumurtasının çox və ya az istehsal olunması fabrik yumurtasının istehsalına təsir etmir”.
O qeyd edib ki, bu gün ölkə əhalisinin yumurtaya günlük təlabatı 4 milyondursa, Azərbaycanda hazırda sənaye üsulu ilə 5 milyondan daha çox yumurta istehsal olunur: “Hazırda yumurtanın pərakəndə satış qiyməti 16-17 qəpik, fabrikdən çıxış qiyməti isə 13-14 qəpik təşkil edir”.
İdarə Heyətinin sədri fabrik yumurtasının kənd yumurtası adı altında satılması ilə bağlı məsələyə də münasibət bildirib: “Hamı kənd yumurtası ilə fabrik yumurtasını tanıyır. Fabrik yumurtası eyni rənglərdə - ya ağ, ya da çəhrayı rəngdə olur. Kənd yumurtası isə fərqli rənglərdə olur. Həm kənd məhsulunun ölçüsündə də fərq olur. Çirklilik, qablaşdırma kimi məsələlər var ki, bunu seçməmək mümkün deyil”.