Quru sərhədlərin açılmasına dəmir yolları ilə start vermək lazımdır ki...

29-12-2024, 12:58           
Quru sərhədlərin açılmasına dəmir yolları ilə start vermək lazımdır ki...
Məlumat var ki, 3 yanvar 2025-ci il tarixindən etibarən ADY Bakı-Balakən-Bakı reysi uzrə reyslərə start verilir – yaxşı xəbərdir, ümumiyyətlə, ölkədaxili və ölkələrarası dəmir yolları ilə sayahət imkanlarının artırılması həm sərnişinlərin daha təhlükəsiz və rahat səyahət etməsinə, həm də ekoloji həssaslığa cavab verir.
Bundan başqa ADY-dən açıqlama var ki, quru sərhədlər açılarsa Bakı-Tbilisi-Bakı qatar reysi bərpa ediləcək, çox güman, həm də Şimali Qafqaz istiqamətinə də reyslər tezliklə bərpa oluna bilər. Digər məlumata görə AYNA Bakı-Naxçıvan istiqamətində İrandan keçməklə avtobus reyslərinin də sayını artırır – bu da pozitiv xəbərdir.
Nədən bu məlumatlara diqqət etdim – AZAL təyyarəsi ilə baş verən faciənin şokunu hələ də yaşamaqdayıq. Rusiyanın tarixi və ənənəvi davranışının bir daha şahidi olduq, namərdcəsinə törətdikləri əmələ cavabdeh olmaq istəmirlər və Azərbaycan dövləti də haqlı əsaslarla Rusiya istiqamətinə bir çox təyyarə reyslərini təxirə saldı. Rusiya üzərindən uçmaq təhlükəlidir – bunu artıq bir çox ölkələr də anladı, onlar da Rusiya istiqamətinə reysləri təxirə saldılar.
Rusiyaya münasibətimi bilirsiz – məmləkət üçün son 200 ildən artıq bir zaman kəsimində daim təhlükələrin gəldiyi, tarix boyu millətimizə faciələr yaşadan, tez-tez adı dəyişsə də, mahiyyəti dəyişməyən bir “imperiyadır”. Amma bir reallıq da var – tarixən formalaşmış əlaqələr də var, əsasən də sərhədyanı bölgələrdə qohumluq əlaqələri olan minlərlə ailələr var. Şimalı Qafqazda yaşayan soydaşlarımız var, indi hava nəqliyyatı ləğv edildi – bir daha, bunu doğru qərar sayıram, hətta Rusiya üzr istəsə belə təhlükəsizlik məsələsinə görə Rusiyanın Ukraynaya təcavüzkar müharibəsi bitməyincə, bu eyslər açılmamalıdır.
Ancaq insanların yaşaya biləcəyi problemləri nəzərə alsaq, ilkin mərhələdə məhz elə dəmir yolları ilə Şmali Qafqaza qatar reyslərini açmaq lazımdır. Qatarlarda yoxlamaların daha düzənli və sərt olduğunu nəzərə alsaq, quru sərhədləıri bağlı saxlamaq üçün səsləndirilən “təhlükəsizlik” arqumentini də (hərçənd, mən bu məsələyə başqa cür baxıram – Azərbaycanda nə də olmasa, amma hüquq-mühafizə orqanları kifayət qədər güclüdür, açıq sərhəd rejimində də ölkənin təhlükəsizliyini təmin edə bilərlər, sadəcə, görünür hökumət belə düşünmür) nəzərə almaq olar. Ailələr var ki, toya-yasa getmək, bayramlaşmaq istəyirlər, dəmir yolları ilə bu məsələni həll etmək olar. Çünki, ADY son zamanlar öz effektiv fəaliyyəti ilə ciddi altyapı layihələri həyata keçirib, qısa zamanda bu reysləri təşkil edə bilər.
Eyni yanaşma Gürcüstan istiqamətində də olmalıdır – heç olmasa, ilkin mərhələdə dəmir yolları açılmalıdır, ADY və digər dövlət-hökumət qurumları buna hazırdır, vətəndaşlar üçün də ciddi məmnuniyyət doğuran faktor olar.
Quru sərhədlərin açılmasına dəmir yolları ilə start vermək lazımdır ki, artıq 5 ilə yaxındır öz peşakar fəaliyyətləri ilə məşğul olmayan qurumlar da bir az “məşq” etsinlər, öz peşələrini unutmasınlar. Növbəti addım isə quru sərhədlərin tam açılması, bu məsələdən birdəfəlik qurtulmaq olmalıdır...
Natig Cəfərli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.