Ölülərə bir gözlə baxmaq..
1-01-2025, 17:18
Yeni il gəldi, bayram şənlikləri, gözəl arzular, tətil, istirahət havası öz yerində. Lakin bütün bunlar köhnə ilin qoyub getdiyi qayğıları həll etmir, biz onları sadəcə bir neçə günlük unuda bilərik. Dünən yola saldığımız 2024-cü ilin payızında müzakirəyə çıxarılan “2025-ci il üzrə dövlət büdcəsi haqqında” qanunda bu il üçün nəzərdə tutulan planlar göstərir ki, problemlər bitmir, azalmır, əksinə, artır. Həm də təkcə ölkəmizdə yaşayan vətəndaşlar üçün deyil, dünyasını dəyişən, vəfat edən şəxslər üçün də...
El arasında belə bir deyim var: “Kasıbın bəxti heç nədə gətirmir”. Təsəvvür edin, heç vaxt rəsmi iş yerində çalışmamış, heç nəyə görə müavinət almamış vətəndaş qocalıq təqaüdünü də görmədən ölüb gedir. Öləndən sonra doğmaları nəşi ortalıqda qalmasın deyə çalışır, vuruşur, birtəhər borc-xərc edib çətinliklə də olsa, dəfn etdirir. İşləyənlər öz “kəfən pulu”nu haradasa qazanmış olurlar – dövlət onların dəfni üçün “dəfn pulu” dediyimiz müavinəti ödəyir. Olmazmı ki, işləməmiş, imkansız insanlar üçün də belə bir imkan yaradılsın, yaxınları bu qədər əziyyət çəkmədən, dövlətin ödədiyi müavinətlə onları torpağa tapşıra bilsin?
Dəfn pulu yalnız müəyyən şərtləri ödəyən şəxslərin vərəsələrinə dəfn üçün verilən birdəfəlik sosial müavinətdir. Digərlərinin işi isə qalır Allahın ümidinə. Düzdür, dəfn pulu heç də xərclərin hamısını qarşılamağa yetmir. Günü-gündən qəbir yerləri də daxil, hər şey bahalaşır. Bu, məsələnin başqa bir tərəfidir. Amma dəfn pulu xərclərin bir qismi üçün də olsa, mərhumun yaxınlarının əlindən tutur. Necə deyərlər, heç yoxdan yaxşıdır, bunu belə görməyənlər var…
Vətəndaşlara dəfn pulu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilir. 2024-cü ilin 6 ayı üzrə dəfn üçün birdəfəlik sosial müavinətin faktiki orta məbləği 820 manat olub. 2025-ci il üçün bu sosial müavinətin 960 manat olması proqnozlaşdırılır. Bu rəqəm büdcə zərfində əksini tapıb.
“Vəfat edən hər kəs üçün dəfn pulunun verilməsi ilə bağlı qanunda dəyişiklik edilə bilərmi?” sualını Dövlət Sosial Müdafiə Fonduna ünvanlasaq da, sualımız cavabsız qaldı…
“Vəfat etmiş əmək pensiyası və ya Azərbaycan Respublikası Qanununun 4.0.1.1-4.0.1.5-ci maddələrində müəyyən edilmiş sosial müavinət alan, yaxud işləyən və xeyrinə məcburi dövlət sosial sığorta ödənişi edilən və yaxud aktiv VÖEN-i olmasına baxmayaraq, məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan şəxslərin dəfni ilə bağlı xərcləri çəkmiş şəxslərə (vərəsələrə) qanunvericiliklə müəyyən olunmuş məbləğdə birdəfəlik müavinət təyin edilir”.
Bu sözləri Pressklub.az-a danışan hüquqşünas Ramil Süleymanov deyib.
Müsahibimiz bildirib ki, sığorta olunanlara ödənilən dəfn üçün müavinətin məbləği 500 manat, əmək pensiyaçılarına isə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli miqdarında müəyyən olunub: “Vəfat edən şəxs həm işləyən, həm də pensiyaçı olarsa, onun dəfni üçün müavinətlərdən biri (məbləği böyük olan) ödənilir. Həmçinin dünyasını dəyişən işləyənlər üçün dəfn müavinəti ilə yanaşı, işəgötürən tərəfindən işçinin orta aylıq əməkhaqqının 3 misli həcmində onun vərəsələrinə müavinət ödənilir”.
Hüquqşünas deyib ki, dəfn pulu bununla bağlı müvafiq quruma müraciət etdikdə verilir: “Dəfn pulu Azərbaycan Respublikasının vətəndaşlarına, o cümlədən, burada daimi yaşayan şəxslərə və əcnəbilərə də ödənilə bilər. Dəfn pulunu almaq üçün ölüm haqqında şəhadətnamə, qohumluqla bağlı müvafiq sənədlər təqdim edilməli və ya elektron qaydada müraciət edilməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon və şəhər şöbələrinə, o cümlədən DOST (Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi-red.) mərkəzlərinə müraciət etməklə müavinəti ala bilərlər”.
Göründüyü kimi, dəfn pulu müavinəti geniş kateqoriyanı əhatə etsə də, heç də hamıya şamil deyil. Yəni, məcburi dövlət sosial sığorta ödənişi etməyənlər, işləməyən və buna görə ödəniş almayanlar, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olsalar da, məcburi dövlət sosial sığorta haqqına görə borcu olanlar, habelə əmək pensiyası olmayan şəxslər üçün dəfn pulu ödənilmir.
Mövzu ilə bağlı Pressklub.az-a danışan sosioloq Lalə Mehralı deyib ki, sözügedən qərarda dəyişiklik edilməlidir: “Ölkəmizdə işsizlərin hamısı işsizlikdən sığorta almır, bu heç mümkün də deyil. Hamı sığortalanmayıb, hamı əmək pensiyası almır, əksəriyyət əmək pensiyası yaşı tamam olmadan dünyasını dəyişir. Onun dəfni üçün niyə yardım ayrılmasın? Niyə dövlət kömək etməsin? O bu ölkənin vətəndaşı deyil? Hüquqları bərabər deyil?”
Müsahibimiz hesab edir ki, müavinət qaydaları dəyişdirilməlidir, sığorta ödəyən şəxslərlə yanaşı ödəməyənlərə də təyin olunmalıdır, işsizlərə də həmçinin: “Elə etmək lazımdır ki, bu müavinəti dünyasını dəyişmiş bütün vətəndaşlarımızın yaxınları və ya ailə üzvləri ala bilsin. Dəfn xərcinin müəyyən hissəsinin dövlət tərəfindən qarşılanması ailənin də yükünü azaldar. Hərçənd bu pul Bakıda bir qəbir yerinin satın almağa da yetmir. Yenə də istisnasız bütün vətəndaşlara dəfn pulu ödənilməlidir”.
Günay Elşən