Azərbaycanda nazir müavininin pozuntuları üzə çıxdı - Pullarını əllərindən alırmış
2-01-2025, 12:30
Gimnastika Etikası Fondunun (GEF) İntizam Komissiyası Azərbaycan Gimnastika Federasiyasının və bir neçə məşqçinin milli komandanın idmançılarına qarşı zorakılığa görə cəzalandırılması barədə qərar qəbul edib.
Lent.az xəbər verir ki, bu barədə GEF-in mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, milli komandanın keçmiş baş məşqçisi Mariana Vasilyevanın Beynəlxalq Gimnastika Federasiyasının (FIG) himayəsi altında hər hansı fəaliyyətlə məşğul olması 8 il müddətinə qadağan olunub. Bundan əlavə, ona ömürlük hər hansı federasiyada baş məşqçi vəzifəsi tutmaq da qadağan edilib.
İstintaq zamanı məlum olub ki, Vasilyeva idmançılara qarşı fiziki və psixoloji zorakılıq tətbiq edib, həmçinin onların pul mükafatlarını da əlindən alıb.
Məşqçilər Siyana Vasilyeva və Yevgeniya Vəliyevaya da intizam tənbehi verilib. Azərbaycan Gimnastika Federasiyası altı ay müddətinə FIG tədbirlərində iştirakdan kənarlaşdırılıb və 50 min İsveçrə frankı məbləğində cərimə edilib.
Qeyd edək ki, Mariana Vasilyeva hazırda Azərbaycan Gənclər və İdman nazirinin müavinidir.