Müalicə-Diaqnostika Mərkəzinin binası uçub-dağılır – 46 milyona başa gəlmiş bina niyə baxımsız qalıb? + FOTOLAR

Dünən, 09:34           
Müalicə-Diaqnostika Mərkəzinin binası uçub-dağılır –
Qəbələ rayonunda cəmi 16 il əvvəl istifadəyə verilmiş Müalicə-Diaqnostika Mərkəzinin binası indi baxımsız vəziyyətdə qalıb. Ötən ilin yayından etibarən Mərkəzdə stomotologiya xidmətləri istisna olmaqla bütün tibbi xidmətlər dayandırılaraq, rayonda yeni istifadəyə verilmiş Mərkəzi Xəstəxanaya köçürülüb. Sözügedən xəstəxana 2024-cü il aprelin 9-da istifadəyə verilib, Prezident İlham Əliyev də açılış mərasimində iştirak edib.

Qəbələ sakinlərinin “AzPolitika”-ya verdiyi məlumata görə, Müalicə-Diaqnostika Mərkəzində bir neçə stomotoloq, diş texniki fəaliyyət göstərir, bina mühafizəsiz qalıb və müxtəlif şəxslər tərəfindən yararsız vəziyyətə salınır. Binaya sərf olunmuş bəzi tikinti materialları oğurlanıb, yağış, külək də öz izlərini buraxır. Belə davam edərsə, tikintisinə milyonlarla manat xərclənmiş Mərkəz uçub-dağılacaq. Halbuki, ondan dövlət ehtiyacları üçün istifadə etmək olar...

Müalicə-Diaqnostika Mərkəzinin tikintisinə 2005-ci ildən start verilib. Prezident İlham Əliyev 2008-ci il martın 2-də Qəbələ rayonuna səfəri zamanı tikintinin gedişi ilə tanış olub, tapşırıqlarını verib.

Mərkəzin layihəsi ilə tanış olan dövlətn başçısı, artıq ölkəmizin 10 rayonunda bu cür səhiyyə ocaqlarının yaradıldığını xatırladaraq demişdi ki, Qəbələdə də belə bir mərkəzin istifadəyə verilməsi əhaliyə göstərilən səhiyyə xidmətinin səviyyəsini yüksəldəcək.

2008-ci il sentyabrın 20-də isə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Müalicə-Diaqnostika Mərkəzinin təntənəli açılış mərasimi keçirilib. Dövlət başçısına məlumat verilib ki, yüksək standartlara uyğun tikilmiş 6 mərtəbəli mərkəzdə ən müasir avadanlıq quraşdırılıb. Burada poliklinika şöbəsi, təcili yardım stansiyası, 20 çarpayılıq cərrahiyyə, 10 çarpayılıq dializ, 5 çarpayılıq reanimasiya şöbələri, aptek, qəbul otağı, lor, stomatoloji, exokardioloji, rentgen kabinetləri var. Tikintiyə 40 milyon manat, inventar və avadanlığın alınmasına 6 milyon vəsait sərf olunmuşdur.

“Tibb ocağında 200 nəfər işləyəcək. Mərkəzin qarşısında 3 hektar ərazidə park da salınmışdır. Burada musiqili fəvvarə quraşdırılıb, müasir işıqlandırma sistemi yaradılıb”, - məlumatda qeyd olunurdu.

Mərkəzin 46 milyon manata başa gəlmiş binasının istifadəsiz qalması və dağılmaq təhlükəsi ilə üzləşməsi aidiyyatı qurumları düşündürməlidir. Hazırda elə bir infrastruktura malik binaya Səhiyyə Nazirliyinin, TƏBİB-in ehtiyacı yoxdursa, Elm və Təhsil Nazirliyinin çox ehtiyacı var. Məsələn, Bakıda fəaliyyət göstərən bəzi ali və peşə-ixtisas məktəblərinin, kolleclərin Qəbələyə köçürülərək sözügedən binada yerləşdirilməsi yaxşı olar. Onların sırasında Qəbələ rayonu kimi məşhur turizm bölgəsinə daha çox uyğun gələn Azərbaycan Turizm və Menecmentlik Universitetini xüsusi ilə qeyd etmək olar.

Əlbəttə, müvafiq qurumlar ehtiyacların qiymətləndirilməsini daha yaxşı bilirlər. Əsas məsələ dövlətin 46 milyon manat vəsaitinə başa gəlmiş binanı qoruyub-saxlamaq, ondan səmərəli istifadə etməkdir. Ümid edək ki, bu barədə düşünəcəklər...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.