Onların maaşları artırılmayacaq - Deputat səbəbini açıqladı
Dünən, 17:59
Bu aydan Azərbaycanda minimum əməkhaqqı 400 manata çatdırıldı. Minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək. Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da Prezident İlham Əliyevin Sərəncamına uyğunlaşdırılaraq artırılacaq.
Yəni, məbləğindən asılı olmayaraq, sosial, elm, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin də əmək haqları artacaq.
Əməkaqqı artımının müəllimlərə şamil olunmaması isə müzakirə mövzusudur.
Bu barədə TNS-ə danışan Milli Məclisin deputatı, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, minimum əməkhaqqının artımı ilə əlaqədar müəllimlərin maaşında artım nəzərdə tutulmur.
O bildirib ki, müəllimlərin əməkhaqqı vahid tarif cədvəli ilə tənzimlənmədiyi üçün Elm və Təhsil Nazirliyinin müəyyənləşdirdiyi qaydada, Nazirlər Kabinetinə müraciət əsasında artırıla bilər.
Deputat vurğulayıb ki, sertifikasiyadan keçməklə bağlı differensial yanaşma var, müəllimlərin topladığı ballara, tutduğu kateqoriyaya uyğun olaraq maaşlarında artım olacaq: “Ümumi artım iki səbəbdən müəllimlərə şamil oluna bilmir. Birincisi, bütün müəllimlər minimim əməkhaqqından yüksək maaş alırlar. Buna görə qeyd olunan artım birbaşa onlara təsir etmir. Digər tərəfdən onların maaşı vahid tarif cədvəli ilə tənzimlənmədiyinə görə, artım faizinə uyğun maaşları indeksləşdirilə bilmir. Buna görə də dedyim kimi, Elm və Təhsil Nazirliyinin öz təşəbbüsü ilə Nazirlər Kabinetinin qərarı əsasında onların maaşında artım baş verə bilər”.